"Ev yox, kompensasiya istəyirik" (YENİLƏNİB–3) FOTO
Bizi izləyin

Qırmızı.az

"Ev yox, kompensasiya istəyirik" (YENİLƏNİB–3) FOTO

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bugünkü görüşün sakinlərinə son xəbərdarlıq edildiyini deyib. Köçməyən sakinlərin evləri söküləcək. Onun sözlərinə görə, artıq bu sakinlər üçün Mehdiabadda ev ayrılıb.

Ağdam rayonundan məcburi köçkün Allahverdi Doluxanov 10 sot ərzisinin olduğunu və buna görə bələdiyyədən və Binəqədi rayon İcra Hakimiyyətindən icazə kağızı aldığını deyib.

“İndi mənə təklif edilən ev müvəqqətidir. Buna görə də razılaşmırıq. Biz Beynəlxalq Universitetin inzibati binasında yerləşmişdik. Sonra İcra Hakimiyyətinin nümayəndələri ilə bizi burada yerləşdirdilər”.

Kəlbəcər rayonundan olan məcburi köçkün Məlahət Xudiyeva onlara təklif olunan evlə razılaşmadıqlarını deyib və yaşadıqları mənzilə görə kompensasiya verilməsini istəyib:

“Üç ildir 6 ailə ona görə köçmürük ki, evimizin dəyərində olan qonşu evlərin kvadrat metrinə verilən pul bizə də verilsin. Mayın 12-də Maliyyə Nazirliyində Metropolitenin əməkdaşları və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşdük. Əvvəl 720 manat təklif etdilər, etiraz edəndən sonra evlərimizin kvadrat metrinə min manat verilməsi ilə bağlı razılıq oldu, qol çəkdik. İcra Hakimiyyətində başçının birinci müavini İlqar Süleymanovla görüşmüşük, o da bizə söz verib ki, arxanızdayıq. Bizə 10 gün vaxt verildi. Sonra isə gəlib dedilər ki, sizi Mehdiabaddakı evlərə köçürəcəyik. Bura bizim şəxsi mülkümüzdür, yataqxanadan köçmürəm ki, verilən evlə razılaşım. Biz evlərimizin sökülməsinə icazə verməyəcəyik. Mehdiabada getməyəcəyik. Baş nazirin müavini Abid Şərifovla da görüşmüşük, ona da kompensasiya ilə razılaşdığımızı demişik. Köçənlərin çoxu məcburi, bəzisi isə bir evə görə 2-3 ev aldığına görə köçdülər. Biz evləri tikəndə nə Qaçqınkomdan, nə də İcra Hakimiyyətindən gəlib maraqlanıblar”.

Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov bildirib ki, bu, dövlət tədbiri olduğundan 6 ailə buradan köçürülməlidir:

“Qaçqınkom kompensasiya verilməsinin əleyhinə olmayıb, sadacə, bütün məhkəmə instansiyaları onlara ev verilməsinə qərar verib. Biz məhkəmənin qərarından əlavə səlahiyyətə sahib deyilik”.

Hüseynov onu da bildirdi ki, Maliyyə Nazirliyində görüş keçirilməsi və sakinlərə kompensasiya verilməsi ilə bağlı "Qaçqınkom"un heç bir məlumatı yoxdur.

Sakinlərin sözlərinə görə, köçməyən sakinlərə kompensasiya verilməsi məhkəmə qərarında göstərilib.

Sonda əraziyə gələn Binəqədi rayon İcra Hakimiyyətinin müavini İlqar Süleymanov sakinləri dinləyib, məsələyə yenidən baxılacağını deyib.

12:23

Bu gün 7-ci mikrorayon ərazisində 6 məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı insident yaşanıb. Publika.az xəbər verir ki, həmin ailələrlə “Bakı Metropoliteni” və “Dövlət Qaçqınkom”un nümayəndələri arasında qarşıdurma yaranıb. Evlərinin sökülməsinə razılıq verməyən qadınlar özlərini yandıracaqlarını bildiriblər.


“Özümü öldürəcəm, qanımı tökəcəm, amma buradan çıxmayacağam” deyən köçkünlər digər ailələr kimi onlara da kompensasiya olaraq hər kvadrat metr yaşayış sahəsi üçün 1500 manat tələb ediblər.

11:53

“Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Ancaq müəyyən səbəblərdən tikinti dayandırılıb”.

Bu sözləri Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, elektrik deposunun tikintisinin dayandırılmasına səbəb orada məcburi köçkün və digər mülki şəxslərin yaşamasıdır. Onun sözlərinə görə, siyahıyaalma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub.

N. Paşayev bildirib ki, yerli sakinlərə hər kvadrat metrə görə 720 manat kompensasiya ödənilib və onlar evlərini tərk etməyə razı olublar. Lakin 6 ailə köçməkdən imtina edib. Bu gün Metropoliten evlərini tərk etmələri üçün həmin ailələrə son xəbərdarlıq edib. Metropoliten sözçüsü bildirib ki, həmin 6 ailəyə də digərləri kimi Mehdiabadda məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillər ayrıılıb, lakin onlar köçməkdən imtina edirlər. Narazı sakinlər isə jurnalistlərə deyirlər ki, bura şəxsi yaşayış evləridir, onlara verilən mənzillər isə müvəqqəti sığınacaqdır. İcra hakimiyyətinin nümayəndəsi isə bildirib ki, həmin sakinlərin yaşadıqları evlər qanunsuz evlərdir. Sakinlər buna etiraz edərək qeyd ediblər ki, necə qanunsuz ola bilər ki, bu evləri tikmişik və neçə illər həmin mənzillərdə yaşamışıq.

Allahverdi Doluxanov adlı etirazçı isə deyir ki, onun evə dair rəsmi sənədləri var: “Bİzə deyirlər ki, siz evinizə nə qədər xərc çəkmisinizsə, onun kompensasiyasını ödəyəcəyik, amma bunu rəsmi şəkildə edən yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm