İyunun 8-də ilk buraxılış imtahanları keçiriləcək
Bizi izləyin

Qırmızı.az

İyunun 8-də ilk buraxılış imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış sinifində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı şəhərində, Sumqayıt şəhərində və Abşeron rayonunda keçiriləcək. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahanı verəcəklər.

Saat 10:00-da buraxılış sinfinin IX sinif şagirdləri, 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqə”sini internet vasitəsilə mayın 26-dan etibarən çap edib götürə bilərlər. Şagirdlərə “imtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edən 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm