• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gənclərin Forumuna Prezidentdən təbrik

Gənclərin Forumuna Prezidentdən təbrik

Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına təbrik məktubunda deyilir.

Təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Dövlət başçısı təbrik məktubunda qeyd edib: "Hörmətli Forum nümayəndələri, sizi və sizin simanızda bütün Azərbaycan gəncliyini səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş ilk Gənclər Forumu ölkəmizin həyatında dərin iz buraxmışdır. Həmin mötəbər toplantıdan sonra paytaxt və regionlarda gənclərlə aparılan iş nəzərəçarpacaq dərəcədə canlanmış, böyüməkdə olan nəslin problemlərinə diqqət xeyli artmışdır. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir".

Prezidentin sözlərinə görə, təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər: "Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər. Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada və geniş dünyagörüşünə malik olan, müasir texnologiyalardan istifadə etməyi bacaran peşəkar mütəxəssislərə və menecerlərə tələbat artır. Buna görə də gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən yiyələnmək üçün daha inamla çalışmalıdırlar".

İlham Əliyev vurğulayıb ki, qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə xalqımızın zəngin mədəniyyətinin, adət-ənənələrinin və milli-mənəvi dəyərlərinin qorunub saxlanması müstəsna əhəmiyyət kəsb edir: "Hesab edirəm ki, bu Forumda belə məsələlər ətrafında ciddi fikir mübadiləsi aparılacaq, gənclərin vətənpərvərlik ruhunda və azərbaycançılıq məfkurəsi əsasında tərbiyəsinə xüsusi diqqət yetiriləcək. Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. Onlar dövlətdən hərtərəfli dəstək alaraq gənclərin intellektual və fiziki inkişafına, ictimai fəallığın və təşəbbüskarların artırılmasına yönəlmiş layihələr həyata keçirirlər.

Ümid edirəm ki, Forumda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qarşıdakı 4 il üçün gənclər siyasətinin prioritetlərinin müəyyənləşməsinə əhəmiyyətli töhfə verəcək. Toplantının işinə uğurlar, hər birinizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".

Gülşanə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR