İyunun 8-də imtahandır
Bizi izləyin

Qırmızı.az

İyunun 8-də imtahandır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də ilk buraxılış imtahanları keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçiriləcək. Həmin gün, eyni zamanda, qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcək.

Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçiriləcək.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 26-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Bu imtahanlarda ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir. Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Şagirdlər imtahana "İmtahana buraxılış vərəqəsi"ni; şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər.16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidir.

Test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Bununla əlaqədar, qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm