Şeyxin nümayəndəsi: “Bəziləri namaz qılmaqla, saqqal saxlamaqla İslam dininə ləkə gətirir”
Bizi izləyin

Qırmızı.az

Şeyxin nümayəndəsi: “Bəziləri namaz qılmaqla, saqqal saxlamaqla İslam dininə ləkə gətirir”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə bütün dünyanı lərzəyə salan vəhhabilərdən ibarət terror qruplaşması olan İraq Şam İslam Dövlətinin (İŞİD) törətdiyi hərəkətlərə və Azərbaycanda da onu dəstəkləyən şəxslərin olması məsələsinə münasibət bildirib.

QMİ rəsmisi S.Axundzadə Publika.az-a açıqlamasında deyib: “İlahi buyurur ki, insanlar bir-birinə hörmətlə yanaşmalıdır. İslamın özü nədir? Bu suala belə cavab vermək daha doğru olar. İslam burada olan hər bir müsəlmana və ətrafındakı insanlara fayda verməkdən ibarətdir. Bəs əsl müsəlman kimlərə deyilir? Peyğəmbərimiz də buyurur ki, müsəlman o kəsə deyilir ki, camaat və xalq onun əlindən, hərəkətindən, niyyətindən və dilindən inciməsin”.

S.Axundzadə qeyd edib ki, indi müəyyən din pərdəsi altında maskalanmış xüsusi insanlar peyda olub:

“Bu cür xüsusi qruplar namaz qılmaqla, saqqal saxlamaqla, başına əmmamə qoymaqla, Allahın adını çəkməklə İslam dininin adına ləkə gətirir və insanların arasında vahimə və xaos yaratmaqla fitnə-fəsad törədir. Bu cür qruplar hansı dinə aid olursa olsun, onlar qan tökürsə, uşaq və xəstə adamları öldürürsə, insanlığa rəhm etmirsə, bu cür şəxslər Allahın da düşmənidir. Bu cür adamları insan kimi qəbul etmək olmaz. Onlar hidayət olunan deyillər. Əgər bu cür adamlar Qurani-Kərimi oxumaqla yanaşı qan tökürsə, insanları qətlə yetirirsə, girov götürürsə və müxtəlif ziyarətgahları partladırsa, onlar insan hesab olunmur. Bunu insanlar edə bilməz”.

QMİ rəsmisi söyləyib ki, radikalizm İslamdan gəlmir: “Radikalizm dini atribut deyil. Radikalizm ayrı-ayrı insanların şəxsi xislətləridir. Bu cür insanların ya psixoloji durumu yerində olmur, ya da kiminsə girovuna çevrilir. Bu cür radikal qüvvələr insanların düşməni olan və xüsusi korporativ maraqlara xidmət edən qrupların siyasi maraqları çərçivəsində hazırlanmış canlı məhsuldur. Bu da İslam dinində əsla qəbul edilmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm