• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Prezident Rusiya Dövlət Dumasının nümayəndələrini qəbul edib

Prezident Rusiya Dövlət Dumasının nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı son vaxtlar yüksək səviyyəli səfərlərin həyata keçirildiyini vurğulayaraq bu baxımdan Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin mühüm əhəmiyyət daşıdığını söylədi.

Müxtəlif səviyyəli qarşılıqlı səfərlərə toxunan dövlətimizin başçısı bunun ikitərəfli münasibətlərimizin bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə olunması baxımından önəmini qeyd etdi.

Bu günlərdə Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirildiyini vurğulayan Prezident İlham Əliyev tədbirdə Rusiya Federasiyasının müxtəlif bölgələrini təmsil edən 300-dən artıq nümayəndənin iştirakının əhəmiyyətini vurğuladı. Ölkələrimizin bütün sahələrdə səmərəli fəaliyyət həyata keçirdiyini deyən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etməsinin önəmini diqqətə çatdırdı. Dövlətimizin başçısı ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü illik sessiyasının yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin qəbula və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Sergey Narışkin ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsindən məmnunluğunu qeyd etdi və sessiyada əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu dedi.

Rusiya Dövlət Dumasının sədri azərbaycanlı həmkarları ilə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında əlaqəli fəaliyyət göstərdiklərini vurğuladı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR