• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Outlet park” boşalır

“Outlet park” boşalır

Bakıda Beynəlxalq və Şəhərlərarası Avtovağzalda yerləşən “Outlet park” ticarət mərkəzi boşalır.

Bu barədə “Yeni Müsavat”a məlumat verən sözügedən ticarət mərkəzində çalışanların demələrinə görə, buna səbəb ticarət mərkəzində yerləşən mağazalarda yer haqlarının qəfildən 250-300 manat arası qaldırılmasıdır. Bir çox tanınmış geyim brendlərinin butikləri yerləşən ticarət mərkəzində yer haqlarının qaldırılması etirazla qarşılanlıb. Belə ki, ticarət mərkəzinin ikinci mərtəbəsindəki mağazaların çoxu artıq bağlanıb.

“Burda alver yoxdur...”

“Outlet park”da olarkən bir neçə məşhur mağazaya baş çəkib məsələ ilə bağlı məlumat almağa çalışdıq. Mağazalardan birində satıcı işləyən Sevinc Məmmədovanın sözlərinə görə, yer haqlarının qaldırılması ilə bərbər satdıqları malların qiymətləri də qalxıb: “Bu dəqiqə bütün mağazalar qiymətləri 25-30 faiz qaldırıb. Bunu etməyə məcbur olduq. Onsuz da artıq burda alver yoxdur. Hər mağazaya görə, 1000 manatlıq kirayə haqqını 1300 manata qaldırdılar. Hələ deyirlər, sentyabrda yer haqlarını bir də qaldıracaqlar. Mən satıcıyam və iki aydır maaş ala bilmirəm. Müştəri gəlib, mallara baxıb getməklə kifayətlənir. Neyləsin? Modası keçmiş malları şəhərin mərkəzində satılan və dəbdə olan geyimlərin qiymətinə satırıq. Müştəriləri qınamaq da olmur”.

“Ancaq onlara işləyirik”

Baş çəkdiyimiz növbəti mağazada isə bildirdilər ki, yer haqlarının qalxmasından sonra, bir neçə mağaza bağlanıb. Qafur adlı satıcı da mağazasını bağlayıb ticarət mərkəzindən getmək istəyənlərdəndir. Onun sözlərinə görə, son altı ayı ancaq ziyanla işləyib: “6 aydır bir qəpik qazancım yoxdur. Malları gətirib baha qiymətinə verirlər ki, satın. Ayın axırı da gəlib pullarını yığırlar. Bir sözlə, ancaq onlara işləyirik. Bu ayı da birtəhər yola verim, mağazanı bağlayıb, təhvil verib çıxacam. ”Sədərək" və “Binə”də işləmək bundan yüz dəfə sərfəlidir".

“Bunun harası ”Outlet"dir?"

Mağazaların biridə alış-veriş edən paytaxt sakini Emil Qasımov isə, qiymətlərin baha olmasından şikayətləndi: “Eşitmişdim burda geyimlər ucuzdur. Gəldim və gördüm ki, şəhərin mərkəzindəki mağazalardan heç nəyi ilə fərqlənmir. Belə başa düşdüm ki, bizimkilər ”outlet" sözünün mənasını bilmirlər. Türkiyədə bu tipli ticarət mərkəzlərində olmuşam. Bizim pulla yüz manata bir xeyli paltar aldım. Həmin pula buradan yalnız bir-iki köynək və şalvar ala bilərəm".

Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki “Outlet park” 2011-ci ildə fəaliyyətə başlayıb. O vaxt ölkə mətbuatı yazdı ki, yeni ticarət mərkəzi nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Nazir isə bu faktı nə təsdiq, nə də ki, təkzib etdi.

Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən “Zara”, “H&M”, “Pull&bear”, “Bershka”, “Stradivarius”, “Adidas”, “Nike”, “Reebok”, “Puma” və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə müştərilərə təqdim olunur.

Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan “outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə edə etmək olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR