Büdcəmizin Qubadlı kəsiri - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Büdcəmizin Qubadlı kəsiri - ARAŞDIRMA

Şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəd olan Qubadlının qonşuları işğal edildikdən sonra müdafiəsi çətin görünürdü. Amma buna baxmayaraq, rayon sakinləri 1700 gündən artıq mühasirədə qalaraq düşmənlə mübarizə aparır.

Lakin gözlənilən oldu, dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olundu.

Ölkənin cənub-qərbində Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin arasında 35 km uzunluğunda Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun ümumi sahəsi 80250 hektardır.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Qubadlı kəsirini araşdıracaq.

Ərazisi geniş olmasa da, sosial-iqtisadi imkanları baxımdan Qubadlı digər rayonlardan geri qalmayıb.

Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Hərtiz dağı – 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Bazarçay, Həkəri və onların qollarından (Kiçik Həkəri, Meydandərəsi və s) suvarmada istifadə edilir.

Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.

Meşələrdə yaşı 160 ildən 1600 ilədək olan Şərq çinarları, saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunurdu. Əldə olunan faktlar ermənilərin həmin qiymətli təbii sərvətlərimizi talan etmələrindən xəbər verir. “Laləzar körpüsü” kimi qədim tarixi abidələrin dağıdılmadığına da inam qalmayıb.

Qubadlı rayonunda dövlət meşə fondu sahəsi 13160 hektar, o cümlədən meşə ilə örtülü sahə 7288, mədəni meşə əkini 11 hektardır.

Qubadlı ərazisində diametri 80 sm, hündürlüyü 35 m, yaşı 160 il olan 2, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 1, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 2, Xanlıq kəndində diametri 800 sm, hündürlüyü 40 m, yaşı 1600 il olan 3, Zilanlı kəndində Daşlı adlanan yerdə diametri 150 sm, hündürlüyü 35 m, yaşı 300 il olan 1 ədəd Şərq çinarları, Gödəklər kəndində isə diametri 80 sm, hündürlüyü 8 m, yaşı 150 il olan 1 ədəd saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunurdu.

Özünəməxsus flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığı isə 1969-cü ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılaraq idarəetmə və maliyyə cəhətdən Bəsitçay Dövlət Təbiət Qoruğuna tabe idi. Yasaqlıq 20 min hektar sahəni əhatə edirdi. Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min m3 olan və mişar daşı istehsalı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan kərpic istehsalına yararlı Xanlıqkənd gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşlar; istismar ehtiyatları 84 min m3/gün olan Qubadlı yeraltı şirin su yataqları vardır.

31 ferma, 2 zavod

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edir. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olub. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları yağ-pendir zavodunda emal olunurdu.

Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda, qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.

İşğal nəticəsində Qubadlı tarix-diyarşünaslıq muzeyinin 3 mindən çox əşya qarət edilib. Sahəsi 13160 ha meşə təsərrüfatı olan Qubadlıda da meşələr tamamilə məhv edilib. 2005-ci ilə kimi ermənilər işğal edilmiş ərazilərdən 720 min kub metr ağac tədarük ediblər.

Meşə materiallarından sənaye sahəsi qurmaq mümkün idi. Rayonda məktəblər təbii bitkilərdən tədarük edərək xaricə satırdılar.

Işğal nəticəsində dəyən zərər

İşğaldan əvvəl rayonun 6988 yaşayış məntəqəsinə 489 160 min dollar zərər dəyib. Bu rəqəm işğaldan 1994-cü ilə qədərki dövrə qədər olan məlumatdır. Həmin dövrə qədər olan məlumata əsasən, rayonda 8 sənaye obyektinə 6912 min dollar, 1080 kənd təsərrüfatı obyektinə 211 867 min, 13988 hektar sahəyə 60774 min,48 maldarlıq təsərrüfatına 42820 min, 25086 iribuynuzlu heyvana görə, 148 50 min, 850 ha üzümçülük və meyvə bağlarına 12 760 min, 17 130 ha otlaq sahələrinə 78 970 min, 32 rabitə obyektinə 6480 min, 86 səhiyyə müəssisəsinə 51443 min, 63 tədris müəssisəsinə 72960 min, 180 mədəniyyət müəssisəsinə 61670 min, 650 km avtomobil yoluna 1800 min, 9 körpüyə 3180 min, 2 su anbarına 1020 min, 150 magistral su xəttinə 450 min, 4830 km elektrik xətlərinə 2660 min, 165 km magistral qaz boru xətlərinə 670 min, 13365 ha meşə sahələrinə 66826 min dollar zərər dəyib. Bundan başqa, rayonun dəyirmanları, kiçik müəssisələri, kooperativləri, kəndli fermer təsərrüfatlarına və s sahələrə dəyən zərərin məbləği az deyil. Ümumilikdə, 1994-cü ilə olan hesablamalarda dəymiş ziyanın məbləği 1.485.627,0 min (bir milyard dörd yüz səksən beş milyon altı yüz iyirmi yeddi min) ABŞ dolları həcmində göstərilib. Dəyişən zaman və illər bu məbləği daha da artırıb.

100-200 milyon manat gəlir əldə edəcəkdik

İcra hakimiyyətinin müavini, sosial, iqtisadi inkişafın təhlili və planlaşdırma şöbəsinin müdiri Sahib Əliyevin sözlərinə görə, rayonda əsasən, kənd təsərrüfatı inkişaf etmişdi. İşğaldan əvvəl illik gəliri keçmiş rus pulu ilə 9-10 milyon arasında dəyişirdi. İşğal olunmasaydı, bu rəqəm bir neçə dəfə artaraq 100-200 milyona çatacaqdı. Əlbəttə, bu təxmini hesablamalardı:

“İşğaldan əvvəl bütün kəndlərdə əkinçiliyin inkişafı üçün yararsız torpaqlar istifadəyə yararlı hala gətirilirdi. Taxılçılığın, südçülüyün inkişafı üçün büdcədən vəsait də ayrılmışdı. Sərhəd kəndlərində qəsəbələrin salınması nəzərdə tutulmuşdu, bəzilərində tikinti aparılırdı”.

Onun sözlərinə görə, rayon dağlıq ərazidə yerləşdiyinə görə, orada daha çox cins heyvandarlığın inkişafına imkan yaradırdı:

“Rayonda cins mal-qaranın sayı 10 minə yaxın idi. Bundan başqa, arıçılığın inkişafı üçün imkan var idi. Taxılçılıq, tütünçülük, üzümçülük daha çox inkişaf etmişdi. İşğaldan əvvəlki bir neçə ildə dağətəyi zonalarda kartofçuluğun inkişafı müşahidə edilirdi”.

S.Əliyev onu da vurğuladı ki, rayonun daş karxanaları, bir neçə rəngdə olan mərmər yataqları aşkar edilmişdi. Onların istismarına başlanması ilə bağlı işlər görülürdü:

“Qubadlı kiçik rayon olsa da, təbii sərvətləri, iqlimi, meşə sahəsi, ərazisindən axan çaylar onun inkişafı üçün şərait yaradırdı. Dəmyə sahələrdə əkinçiliyin inkişafı üçün su hövzələri, göllər, 3 yerdə nasos stansiyalar yaradılmışdı. Bunlar da, istehsalı bir neçə dəfə artırır. Çayzəmi adlanan sahədə turizmin inkişafı üçün binalar tikilməyə başlamışdı”.

Tütünçülüyə maraq çox idi

Rayonun işğalından əvvəl və sonra rəhbər vəzifələrdə çalışmış, hazırda təqaüddə olan Razim Əliyevin sözlərinə görə, rayon sakinlərinin əsas məşğuliyyəti taxılçılıq idi, əhali çəltikçilik, pambıqçılıqla, tütünçülük, baramaçılıqla da məşğul olurdu.

“Rayonda ildə 2 min ton süd, ət və digər təsərrüfat sahələrindən də 2 min ton məhsul istehsal edilirdi. İldə 60-70 tona yaxın barama istehsal edilirdi. Tütün istehsalı 2 min tona yaxın idi. Bu sahə çox gəlirli idi, buna görə də tütünçülüyə maraq artmışdı. Ona görə də, son illərdə insanların rifahı da xeyli yüksəlmişdi. Təsərrüfat sahələri yüksək səviyyədə inkişaf etmişdi və 5 illik planı 4 ildə yerinə yetirdiklərinə görə, rayona Qırmızı bayraq verildi”.

Onun sözlərinə görə, rayonda ənənəvi sənaye sahələri olmasa da, 80-ci illərdən başlayaraq bu istiqamətdə işlər görülürdü. Həmin dövrdə rayon özünün mişar daşına olan tələbatını ödəyə bilirdi. Süd, pendir emalı zavodları var idi. Mərmər yataqlarından geniş formada istifadə edilməsə də, kiçik sexlər yaradılmışdı. 80-ci illərin sonunda respublikanın bir sıra zavodları- elektron cihazları zavodu, tikiş sexlərinin filialları açılmışdı. Sənaye obyektləri son dövrlər istifadə edildiyindən oradan əldə olunan gəliri hesablamaq çətin idi.

R.Əliyevin sözlərinə görə, rayonun iqtisadi potensialı yüksək olmaqla yanaşı, turizm baxımdan da inkişaf üçün imkan var idi.

“Rayon ərazisindəki təbii ehtiyatlardan əlavə, tarixi abidələr mövcud idi. Meşə massivlərindən istifadə edərək Bərgüşad çayı üzərində pansionat yaradılması planlaşdırılırdı, lakin ermənilər buna mane oldular. Gənclərin istirahəti üçün düşərgələr yaradılırdı. Turizm imkanları geniş idi və yeni obyektlər yaradaraq istifadə etmək mümkün idi. Təəssüf ki, rayon turizm marşrutuna daxil edilməmişdi.

Bərgüşad çayının üzərindən dəryaça tikilməsi planlaşdırılırdı. Bu dəryaça Yazıdüzü, Gəyən düzü ilə yanaşı Cəbrayıl və Zəngilan rayonlarının böyük massivlərini, təxminən 40 min hektar ərazini su ilə təmin edəcəkdi. Bu planın həyata keçməsi üçün rayon rəhbərliyi tərəfindən müəyyən addımlar atılsa da, Mərkəzdə planlaşdırmada oturan ermənilər bu işə mane oldular”.

R.Əliyev deyir ki, rayon ərazisində əqiq daşı (çaxmaq daşı) abidəsi nadir yataqlardan biri idi:

“Perspektivdə bu yatağın istismarı nəzərdə tutulmuşdu ki, kimya sənayesi, bəzək sahəsində istifadə edilə bilərdi. Mərmər yataqlarının istismarı üçün bir çox xarici ölkələrlə əməkdaşlıq başlanmışdı, həmin ölkələrədən nümayəndələr ərazilərə baxış keçirmişdilər. Bəlkə də, müharibə təhlükəsini hiss etdiklərinə görə, bu işi yarımçıq qoydular”.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm