• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Kitayski gözəllik” - qadınlar diqqətli olsun - FOTOLAR

“Kitayski gözəllik” - qadınlar diqqətli olsun - FOTOLAR

Xanımlar gözəlliklərinin qayğısına qalmaq üçün müxtəlif üsullara əl atırlar. Bu üsulların ən sadəsi isə kosmetik vasitələrdir. Bazarda çoxsaylı keyfiyyətsiz kosmetik vasitələrin “at oynatdığını”nəzərə alaraq, satış obyektlərində araşdırmaya başladıq. İlk araşdırma ünvanı isə yeraltı keçidlər oldu.

Yeraltı keçid dükanlarında həm saxta, həm də keyfiyyətli kosmetik vasitələr satılır. Bunu bizə dükan sahibləri deyir. Satıcılar bildirir ki, bu məhsulları ayırmaq çox asandır, bunu satış qiymətlərinə görə müəyyən etmək mümkündür: “Saxta deyəndə, belə deyək, ən pis mal nəzərdə tutulmur. Yəni keyfiyyətli və brend məhsullardan bir az aşağı olanları deyirik”.

Yeraltı keçidlərdəki kosmetika dükanlarında alış-veriş edən xanımların sayı heç də az deyildi. Alıcılar bildirir ki, mütəmadi olaraq kosmetikadan istifadə edirlər deyə bura tez-tez gəlirlər: “Bir-iki dəfə kosmetika alandan sonra gördük ki, pis mallar deyil. Şəhərdəki kosmetika mağazalarında elə qiymət oxuyurlar ki, gərək maaşının yarısını elə orada qoyub gedəsən”. Biz də satılan kosmetik vasitələrin bir neçəsinə baxdıq, yararlanma tarixi və istehsal müddəti məhsulların etiketində var idi.

Yeraltı keçiddən çıxıb şəhərin mərkəzi küçələrində fəaliyyət göstərən “İdeal” parfum və kosmetika mağazasına yaxınlaşdıq. Burada bizə yaxınlaşan mağaza rəsmisi bildirdi ki, məlumat verməyə icazə yoxdur. Mağazadan çıxıb ara küçələrlə dolaşan zaman xırdavat dükanlarında kosmetik vasitələrin satıldığının şahidi olduq. İçəridə uşaq oyuncağından tutmuş ayaq başmağına qədər hər şey satılırdı və maraqlısı da bu idi ki, kosmetik məhsullar da piştaxtaya düzülmüşdü.

Keyfiyyətli kosmetika faydalıdır, keyfiyyətsiz isə…

Gündəlik həyatında kosmetikadan istifadə edən xanımlar daha çox məhsulun keyfiyyətinə deyil, rəfiqələrinin məsləhətlərinə qulaq asırlar. Nəticədə gözəl görünməyə çalışan xanımlar müəyyən problemlərlə üzləşir. Dermatoloq Azadə Məmmədova Publika.az-a bildirir ki, kosmetikanın keyfiyyətinə xanımlar diqqət etməlidir:

“Keyfiyyətsiz kosmetikalar kontakt allergiyalar verə bilir. Dəriyə uyğun olmayan kosmetik vasitələrin istifadəsi nəticəsində əmələ gələn allergiyalardan ən geniş yayılanları sadə kontakt dermatiti, kontakt-allergik dermatit və dərinin fotosesinbilizasiyasıdır. Kosmetik preparatlar ekzema və bronxial astma da verə bilər. İlkin göstəriciləri dəridə qızartı və qaşınmalardır. Bu allergiyanın qarşısını müalicə ilə almaq mümkündür. Sadəcə, müalicə olunan xanım həmin müddətdə kosmetikadan uzaq olmalıdır. Əslində, keyfiyyətli kosmetika faydalıdır. Çünki dərini ətraf mühitdən, ekologiyadan qoruyur”.

“Kosmetikadan yaşa uyğun istifadə edilməlidir”

Dermatoloq Azadə xanım kosmetikadan istənilən yaşda istifadə etmək olduğunu bildirir: “Hər bir yaşa uyğun olaraq kosmetikadan istifadə edilməlidir. Əgər yaşına uyğun kosmetikadan istifadə edilməzsə, yaşından qabaq üzdə qırışlar yarana bilər”.

Yay günlərində kosmetikadan necə istifadə etməli?

Stilist Nara Məlikova yay günlərində kosmetikadan istifadə ilə bağlı xanımlara məsləhətlər verdi: “İsti yay günləri olmasına baxmayaraq, xanımlar makiyajdan istifadə edir. Amma çalışıb makiyajın isti günlərdə müsbət və mənfi tərəflərini nəzərə alsınlar və yüngül makiyajdan istifadə etsinlər. Çünki bəzi vaxt bu aylarda edilən makiyaj allergiyaya da səbəb ola bilər”.

“Yüngül kosmetika dərinin nəfəs almasına şərait yaradır”

Nara xanım keyfiyyətsiz kosmetikalardan danışdı: “Kosmetika alanda onun tarixini, istifadə müddətini, keyfiyyətini nəzərə almaq lazımdır. İstifadəyə yararlı olmayan kosmetika təbii ki, dəriyə zərər vura bilər. Əsasən bu yay günlərində makiyajda yüngül kosmetikaya üstünlük vermək lazımdır. Yüngül kosmetika dərinin nəfəs almasına şərait yaradır. Təbii tərkibdə olan kosmetikalardan istifadə etmək lazımdır. Yay günlərində ziyafət makiyajı təbii ki bir az tünd olur. Amma məsləhətdir ki, tonal kremlərdən az istifadə etsinlər. Üz kremlərinin tərkibinin təbii olması vacibdir. Keyfiyyətsiz kosmetika dərinin tərləməsinə, üzdə səpkilərə səbəb olur”.

“Satılan kosmetikaların 50 faizi keyfiyyətsizdir...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda kosmetikanın 50 faizini keyfiyyətli saymır: “ Bu gün metro çıxışlarında, yeraltı keçidlərdə keyfiyyətsiz kosmetika məhsullarına rast gəlmək mümkündür. Kosmetika məhsulları da ərzaq məhsulları kimi buraxılma tarixi və yararlanma müddətinə malikdir. Məhsulların etiketində bu qeyd edilməlidir. Lakin Azərbaycanda satılan kosmetika məhsullarının 50 faizində bu göstəricilər yoxdur.”

Saxta brend kosmetikaları bazara kim çıxarır?

“Bazarlarda istənilən brend məhsulların saxta variantları da var. İstehlakçının rəğbətini qazanan yeni kosmetika məhsulunun 7 gündən sonra saxta variantı bazara çıxır. Bir çox ciddi kosmetika şirkətlərinin özləri saxta məhsulları bazara buraxırlar. Brend məhsullarla yanaşı, saxta kosmetikalar da bu şirkətlər tərəfindən istehlakçılara satılır”.

Ekspert Eyyub Hüseynov saxta kosmetikaların dəri xərçənginə səbəb olduğunu bildirir:

“Saxta kosmetikalar ən çox Dubaydan, Türkiyədən, İrandan, Çindən və Hindistandan gətirilir. Qorxulusu budur ki, saxta kosmetikalar dəri xərçəngi xəstəliyinə səbəb ola bilir”.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ötən ay Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən, fiziki şəxs Zeynalova Məsumə Abdulla qızına məxsus “VİP Şadi Studio” və Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən fiziki şəxs Nadejda Stupnitskaya Dimitriyevnaya məxsus “Lady house” gözəllik salonlarında göstərilən xidmətlərin standartın tələblərinə uyğunluğunu araşdırıb. Aparılan yoxlamalar zamanı hər iki gözəllik salonunda xidmət zamanı istifadə olunan müxtəlif əmtəə nişanlı saç boyalarının, saç kremlərinin, dırnaq laklarının və digər kosmetik vasitələrin uyğunluq sertifikatlarının olmadığı aşkar edilib. Sözügedən gözəllik salonlarında aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə xəbərdarlıq edilib.

Pərvin Zeynal

Xəbər lenti

DAHA ÇOX XƏBƏR