• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Günay Məmmədovanın atası: “Qızımın qanını yerdə qoymayacam” - FOTOLAR

Günay Məmmədovanın atası: “Qızımın qanını yerdə qoymayacam” - FOTOLAR

Metrodan daimi istifadə edənlər, bəlkə də, onu tez-tez görməyə adət etmişdilər. Təəssüf ki, bir ilə yaxındır ki, sərnişinlər “Gənclik”də qatar yola salıb qarşılayan növbətçini görmür. Söhbət ömrünün 22-ci baharında faciəli ölümü ilə yaddaşlarda qalan Bakı Metropoliteninin işçisi Günay Məmmədovadan gedir.

2013-cü il avqustun 30-da itirdiyimiz gənc qızın ildönümü ərəfəsində atası Hüseyn Məmmədov Publika.az-a danışdı.

Qızının ölümü ilə bağlı istintaqın gedişatından narazı qalan Hüseyn Məmmədov bu müddət ərzində döymədiyi qapı, müraciət etmədiyi orqan qalmayıb. Amma səsinə səs verən yoxdur. Onun sözlərinə görə, hadisə yenicə baş verəndə bir az cəhd göstərildi: “Onda istintaqı Suraxanı Rayon Prokurorluğu aparırdı. Onların işindən razı idim. Yolda quraşdırılmış kameraya düşən görüntülər də fakt kimi istintaq materiallarına əlavə olundu. Amma buna görə, işi aparan müstəntiqə töhmət verdilər və cinayət işini ondan aldılar. Bu hadisədən sonra hər şey dəyişdi. Hara getdimsə, qapılar üzümə bağlandı. Bu məsələyə biganə yanaşdılar. Dedilər ki, qızın intihar edib. Mənim qızım dəli və ya xəstədi intihar eləsin? Bir sözlə, istintaqın gedişatında kamera görüntülərini gizlətdilər, araşdırmanı dayandırdılar”.

Qızının ölümü ilə bağlı cinayət işinin artıq Bakı Şəhər Prokurorluğunda davam etdirildiyini deyən H. Məmmədov onu da əlavə etdi ki, şəhər prokuroru Əziz Seyidovun qəbulunda olub. General məsələ ilə şəxsən maraqlanacağına dair söz verib. Daha sonra Mehriban Əliyevaya ərizə ilə müraciət edib. Qızının qanının yerdə qalmayacagına and içib: “Qızıma məzarı qarşısında söz verdim ki, sənin qanın yerdə qalmayacaq”. Bu aralar başım bir az qarışıqdır, ildönümünə hazırlaşırıq” deyə bildirdi.

Ravil Rzayevin azadlıqda gəzməsini ədalətsiz hesab edən Günay Məmmədovanın atası bildirdi ki, bu, polis adına ləkədir: “Ravil hələ də metropolitendə polis işləyir. Gərək o faciədən sonra utandığından ordan çıxardı. Amma o, heç nə olmamış kimi öz işində-gücündədir. Bu məsələnin axırına çıxandan sonra Ravilin başını kəsib qoyacam valideynlərinin qarşısına”.

Ravillə bağlı mətbuata şok açıqlamalar verəcəyini iddia edən Hüseyn Məmmədov onu da qeyd etdi ki, indiyə qədər oğlanın valideynləri onlarla maraqlanmayıb. Yas mərasiminə belə gəlməyiblər. “O, mənim uşağımı küçənin ortasında qoyub qaçsa da, valideynləri həmin gün mənim qapıma – yasa gəlsəydilər, bəlkə də, bağışlayardım”,- deyə bildirdi.

Xatırladaq ki, ötən il avqustun 30-da gecə saatlarında aeroport yolunun Bülbülə qəsəbəsindən keçən hissəsində, iddialara görə, Günay Məmmədovanı nişanlısı Ravil Rzayev idarə etdiyi avtomobildən aşağı atıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğundan bildirildi ki, hələ istintaq gedir, cinayət işinə bəzi materiallar da əlavə olunub. Bu barədə istintaq yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR