• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

QMİ: "Estetik əməliyyatlar qadağan deyil"

QMİ: "Estetik əməliyyatlar qadağan deyil"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsi vətəndaşlar tərəfindən QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış suallara cavab verib.

QMİ-dən Publika.az-a verilən məlumata görə, Fətva şöbəsi estetik (plastik) əməliyyat etdirməyin hansı hallarda düzgün, hansı hallarda yanlış olduğu, bunun günah olub-olmaması ilə maraqlanan vətəndaşa bildirib: "Estetik əməliyyatlar niyyətə bağlıdır. Əgər bu əməliyyat hər hansı bir fiziki qüsuru aradan qaldırmaq məqsədi ilə aparılsa, heç bir qadağası yoxdur".

İmsaka vaxtında dura bilməyib, azan başlayandan bitənə qədər yemək yeyən vətəndaşın sualına cavab olaraq isə Fətva şöbəsi bildirib ki, bu vəziyyətə görə oruc batildir və mübarək Ramazan ayından sonra bir gün qəza tutulmalıdır.

Digər halda isə qeyd edilib ki, oruc halda ağıza və boğaza su alıb qarqara etmək orucu batil etməz, lakin bunu etmək məsləhət görülmür.

Qrip olub oruc tutan, lakin xəstəlik zamanı burnunun bir hissəsində yüngül qan olan vətəndaşa isə bildirilib ki, bu vəziyyətə əsasən, oruc düzgündür və batil deyil.

Xəzər rayonu Binə qəsəbəsində "südçülük sovxozu" adlanan ərazidə yaşayan vətəndaş onların yaşadığı evlərinin yanında donuz fermasının yaradılmasından şikayət edib və deyib ki, donuz iyi və fermada üfunət sakinlərə pis təsir edir. Vətəndaş həmçinin qeyd edib: "Bu mübarək ayda oruc tuturuq, amma dinimizdə haram edilən donuzun iyindən tutduğumuz oruc batil olur".

Bununla bağlı QMİ-nin Fətva şöbəsi cavab verib ki, bu şikayətə baxmaq onların səlahiyyətləri çərçivəsinə daxil deyil. Bunun üçün əlaqədar orqanlara şikayət edilməlidir. Orucun batil olmasına gəlincə, Fətva şöbəsi qeyd edib ki, donuzun iyindən oruc batil olmur.

Azərbaycanda həddən ziyadə ifrat dərəcədə dəbdəbəli yas mərasimləri və onlarda yersiz xərc və ərzaqların sərf olunmasının qarşısını almaq üçün QMİ-nin fətva verməsini istəyən vətəndaşa isə belə cavab verilib: "Dəbdəbəli məclislər bizi də narahat edir. Lakin bu, insanların azadlığı ilə əlaqədar bir proses olduğu üçün yalnız qanun çərçivəsində həll oluna bilər. Bunun üçün isə Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı bir müddəa yoxdur".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR