Məktəblinin çiynində daşıdığı "bomba"
Bizi izləyin

Qırmızı.az

Məktəblinin çiynində daşıdığı "bomba"

Növbəti tədris ilinin yaxınlaşması ilə əlaqədar şəhərdə hər addımbaşı məktəbli ləvazimatlarına, dərs çantalarına, dəftər-kitablara rast gəlmək mümkündür. Amma məsələnin maraqlı və həm də xoşagəlməz cəhəti ondan ibarətdir ki, məktəbli ləvazimatlarının, dərs çantalarının, dəftərlərin üstündə təhsillə bağlılığı olmayan şəkillər öz əksini tapıb. Məktəbli ləvazimatlarının üstündə “boyevik” filim qəhrəmanlarından tutmuş, psixoloji triller janırında çəkilən əcnəbi filmlərin qəhrəmanlarına kimi görmək mümkündür. Bu da öz növbəsində uşaqların psixologiyasına mənfi təsir etməklə yanaşı, onları dərsdən, məktəbdən uzaqlaşdırır. Cəmiyyətin ayrı-ayrı nümayəndələri, paytaxt sakinləri isə məktəbli ləvazimatlarının üstündə milli qəhrəmanlarımızın, şəhidlərimizin şəkillərinin vurulmasının daha məqsədəuyğun olduğunu hesab edirlər.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən tanınmış təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev məktəbli ləvazimatlarının üstündən belə şəkillərin yığışdırılmasının vacibliyini vurğuladı. Təhsil ekspertinin sözlərinə görə, hər hansı müğənninin, aktyor və ya aktrisanın şəklinin məktəbli ləvazimatlarının üstündə olması bir növ təhsilə sayğısızlığın göstəricisidir:

“Hazırda Azərbaycanda bu haqda heç bir tədqiqat, heç bir izahat aparılmır. Müşahidələr göstərir ki, Təhsil Nazirliyi də bu haqda heç bir araşdırma aparmır. Dəftərlərin, məktəbli çantalarının üzərində çox qəribə, təhsillə heç bir bağlılığı olmayan şəkillər vururlar. Hər hansı müğənninin, aktrisanın şəklinin məktəbli ləvazimatının üstündə olması bir növ təhsilə sayğısız yanaşmanın göstəricisidir. Bu da heç şübhəsiz ki, uşaq psixologiyasına mənfi təsir göstərir. Bu gün daha çox psixoloqlar bunlara qarşı mübarizə aparmalıdırlar. Ümumiyyətlə, istər Təhsil Nazirliyinə, istərsə də təhsillə bağlı olan qurumlara bu cür məsələləri tənzimləmək üçün müəyyən müraciətlər olunmalıdır. Təhsil Nazirliyi bu işlə ciddi məşğul olmalıdır. Məktəbli ləvazimatlarının üstündə məktəblə, təhsillə bağlı olmayan şəkillərin vurulması qəti şəkildə yığışdırılmalıdır. Bundan əlavə, hətta ibtidai sinif mərhələsində valideynlər uşaqlarına son markalı bahalı telefonlar alırlar. Bu da təbii ki, uşaqları dərsdən, təhsildən yayındırır. Mən hesab edirəm ki, ümumiyyətlə 10-11-ci sinfə qədər valideynlər öz övladlarını xüsusi nəzarətə götürməlidirlər və onları bahalı telefonlardan, psixologiyaya mənfi təsir edən oyunlardan çəkindirməlidirlər. Çünki yenə deyirəm, mobil telefon və mobil telefondakı oyunlar uşaqların başını qatır, onları təhsildən yayındırır. Onlarda yaddaşsızlıq yaradır”.

Məktəbli ləvazimatlarının, çantaların, kitab və ya dəftərlərin üstündə milli qəhrəmanlarımızın və ümumiyyətlə, şəhidlərimizin şəkillərinin vurulmasına gəlincə isə, təhsil eksperti bunun tərəfdarı olmadığını bildirdi:

“Mən hesab edirəm ki, milli qəhrəmanlarımızın və ümumiyyətlə, şəhidlərimizin şəkli bu qədər kiçildilməməlidir. Mən bunun tərəfdarı deyiləm. Məktəbli çantasının və məktəbli ləvazimatının üstündə ya kitab, ya da tədrisə aid aforizm kimi qeydlər olsa, daha gözəl olar. Bundan əlavə, tarixi abidələrimizin də şəkillərini vurmaq olar, yetər ki, istək olsun. Təhsil Nazirliyi yaxşı olar ki, bu işlə ciddi məşğul olsun və bu işə psixoloqların da cəlb olunmasına ehtiyac var”.

Tanınmış psixoloq Dəyanət Rzayev isə hesab edir ki, belə şəkillər uşaqların psixologiyasına mənfi təsir etməklə yanaşı, həm də onları təhsildən uzaqlaşdırır. Psixoloqun sözlərinə görə, təhsillə aidiyyəti olmayan şəkillərə baxan uşaq həmin şəkillərin təsiri altına düşərək özünün uydurduğu xəyali bir dünyada yaşamağa başlayır: “Bunlar həqiqətən də biabırçı bir haldır. Düzdür, biznes baxımından mən buna normal yanaşıram. Bu işlə məşğul olan şirkətlər daha çox mal satmaq istəyirlər. Ona görə də belə cəlbedici şəkillərdən istifadə edirlər ki, daha çox pul qazansınlar. Uşaqlar da təbii ki, belə şeylərə maraq göstərirlər. Bəzi qızlar toy müğənnilərinə pərəstiş edirlər, oğlanlar bahalı avtomobillərə və "boyevik" filmlərin qəhrəmanlarına meyil edirlər. Biznes nöqteyi nəzərdən təbii ki, bütün bunlar bu işlə məşğul olan şirkətlərə sərf edir. Amma psixoloji baxımdan belə şəkillər uşaqlara mənfi təsir göstərir, onları məktəbdən, təhsildən yayındırır. Uşaq çantanın, dəftərin üstündə belə şəkilləri görəndə başlayır xəyallar qurmağa, öz uydurduğu xəyali bir aləmdə yaşamağa meyillənir. Ona görə də mənə elə gəlir ki, Təhsil Nazirliyi bu işlə ciddi məşğul olub məktəbli ləvazimatlarının üstündə vurulan bu cür şəkillərə qadağa qoymalıdır. Bu gün orta məktəblərdə şagirdlərə xüsusi formalar geyindirirlər ki, uşağın fikri yayınmasın. Məktəbli ləvazimatlarının üstündəki şəkillər də eynilə buna bənzəyir. Şagirdlərin fikrini dərsdən yayındırır. Amma çox təəssüf ki, Təhsil Nazirliyi bu işlə məşğul olmur”.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Ancaq adıçəkilən nazirliyin məsələyə münasibəti həm maraqlı və həm də üzücü oldu. Onlar: “Bizim bu haqda danışacaq adamımız yoxdur” deməklə kifayətləndilər...

Hikmət Kərimoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm