• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Anasının sevgilisini oğru bilib öldürdü

Anasının sevgilisini oğru bilib öldürdü

Nəsimi rayonunda anasının xanəndə sevgilisini qətlə yetirən 11-ci sinif şagirdi, 16 yaşlı Aydın Orucov mühakimə olunub.

2013-cü il iyulun 12-də Nəsimi rayonunda qətl hadisəsi baş verib. 11-ci sinif şagirdi olan 16 yaşlı Aydın Orucov yaşadığı Salamzadə küçəsi, 34 ünvanda Tərtər rayon sakini 26 yaşlı Samir Mustafayevi bıçaqlayıb. Onunla əlbəyaxa dava etdikdən sonra növbəti bıçaq zərbəsini Papanin körpüsünün altında vurub, hadisə yerindən uzaqlaşıb. Beləliklə, iki bıçaq xəsarəti alan S.Mustafayev gecə saatlarında taksiyə minərək onu 1 saylı Şəhər Xəstəxanasına çatdırmasını xahiş edib. Kəskin qanaxma ilə ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına daxil olan Samir həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Bundan xəbər tutan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.

Hadisənin təfərrüatı araşdırılandan sonra məlum olub ki, öldürülən Samir Mustafayev xanəndədir. Belə ki, o, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olmaqla yanaşı, həm də Muğam Teatrının əməkdaşıdır.

Gənc xanəndənin Aydın Orucovun anası ilə uzun müddət şəxsi münasibətləri olub. Elə gecə saatlarında Aydıngilin evinə də o məqsədlə gedib. Aydının anası Bahar Orucovanın Samirin telefonuna yazdığı sms onların şəxsi münasibətlərinin olmasını bir daha təsdiqləyib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 121.1 (qəsdən adam öldürmə, yəni, digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi başlanılıb. Materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və 16 yaşlı yeniyetmənin məhkəmə prosesi başlayıb.

Anasının sevgilisini oğru bilib öldürüb

Müttəhim qismində ifadə verən 16 yaşlı Aydın Orucov Samir Mustafayevi məqsədli şəkildə deyil, onu oğru bilib öldürdüyünü deyib.

"Hadisə baş verən gecə ikinci mərtəbədə otağımda idim, evdə də hamı yatmışdı. Amma mən hələ yuxuya getməmişdim. Aşağıda, birinci mərtəbədə səs eşitdim, pəncərədən baxanda gördüm kimsə evə girdi. Mətbəxdən bıçaq götürüb, birinci mərtəbəyə düşdüm və anamın otağında səs eşitdim. Bu zaman üzünü bir dəfə də görmədiyim Samirlə qarşılaşdım. Elə bildim ki, evə oğurluğa gəlib. Tanımadığım və oğru zənn etdiyim Samirlə əvvəlcə əlbəyaxa olduq, o, məndən hündür və cüssəli olduğundan müqavimət göstərdi. Mənim ona gücüm çatmadığına görə cibimdəki bıçaqla ona bir zərbə vurdum. O, evdən zorla çıxaraq ayaqyalın qaçmağa başladı. Mən də onun arxasınca qaçdım. Samir qaçıb canını qurtarmaq istəyirdi. Mən isə ondan əl çəkmirdim və arxasınca qaçdım. "Papanin" körpüsünün altında onu tutdum, orada da əlbəyaxa olduq. Samir fiziki cəhətdən güclü olduğundan mənim boynumu qolları arasına alaraq sıxdı. Boğulduğumu görəndə üzərimdə olan bıçaqla ona ikinci zərbəni vurdum. Zərbələrdən sonra onun qolları boşaldı və boynumu buraxdı. Mən onu yaralı vəziyyətdə orada qoyub hadisə yerindən uzaqlaşdım".

"Bilsəydim, ikisinin də başını kəsərdim"

A.Orucov Samirin öldüyünü hadisənin sabahsı günü polisdən öyrənib. Onun sözlərinə görə, Nəsimi polisi tərəfindən saxlanılaraq ifadə verərkən istintaqın gedişatında bilib ki, onun qətlə yetirdiyi Samir, əslində, anasının sevgilisi olub. Bunu bilən Aydının məhkəmə qarşısında son sözləri belə oldu: "Bilsəydim, ikisinin də başını kəsərdim".

"Qapı açıq olacaq, içəri girərsən "

Qətlin səbəbkarı olan Bahar Orucova məhkəmədə ifadə verərək baş verənləri təsdiqləyib və əməlindən peşman olduğunu söyləyib. İstintaqdan məlum olub ki, Aydının hüquq mühafizə orqanının zabiti olan atası xidməti işi ilə bağlı ezamiyyətdə olub. Bahar isə bundan istifadə edərək qeyri-qanuni şəkildə görüşdüyü xanəndə Samir Mustafayevi evinə çağırıb. Belə ki, sevgilisinə "qapı açıq olacaq, içəri girərsən" sözlərini yazıb göndərib. B.Orucova ifadəsində telefonunda olan sms-in ona məxsus olduğunu etiraf edib.

Gəlinin ünvanına nalayiq ifadələr işlədən qayınana

Şahid qismində ifadə verən Aydın Orucovun nənəsi Tavat Orucova baş verənləri qonşulardan və azyaşlı nəvəsindən öyrəndiyini dedi. Onun sözlərinə görə, nəvələri evdə oynasalar da, gəlini onların gedib yatmalarını tələb edib: "Böyük nəvəm Aydın otağına getsə də, yatmayıb. O, pəncərədən evə yad adamın daxil olduğunu görüb. Qardaşımın yoldaşı pəncərədən görüb ki, Aydın cüssəli və hündür bir nəfərlə mübahisə edir. Həmin adam Aydını götürüb çırpıb yerə, o da üzərində olan bıçaqla mübahisə etdiyi şəxsə bir zərbə vurub. Gəlinim Bahar izi itirmək üçün yerə tökülən qanı yuyub-təmizləyib. Qonşular soruşub ki, gecə nə səs-küy idi, deyib "evə oğru gəlmişdi". İndi mən səndən soruşuram ki, əgər evə doğrudan da oğru girmişdisə, niyə hay-küy qaldırıb qonşuları köməyə çağırmadın?"

Qayınana üzünü B.Orucovaya tutaraq "sənin iki oğlun var. Heç etdiyin hərəkətdən utanmadın? Abır-həya etmədin? Öz övladının həyatını özün məhv elədin. Heç mənim oğlum da sənə pis baxmırdı, səni xanım kimi saxlayırdı" deyə onu ittiham edib. Gəlininin yad kişi ilə görüşdüyünü əsas gətirən yaşlı qadın onun ünvanına nalayiq ifadələr də işlədib.

"Dedilər ki, Samiri gecə vurublar"

Sonra məhkəmə prosesində zərərçəkmiş tərəf çıxış etdi. Məhkəmə prosesində ifadə verən Samir Mustafayevin anası Kəmalə Mustafayeva həmin gecə Samirin evə gəlmədiyini bildirdi:

"Toylara gedirdi deyə evə gec gəlirdi. Onun gec gəlməsinə artıq bir növ alışmışıq. Amma səhər onu yerində görməyəndə narahat olmağa başladım. Gördüm küçədən səs-küy gəlir. Dedilər ki, Samiri gecə vurublar. O, xəstəxanadadır. 1 saylı Şəhər Xəstəxanasına gedəndə dedilər, o, gecədən ölüb".

K.Mustafayeva öğlunun münasibət qurduğu qadını tanımadığını, ümumiyyətlə, bu barədə heç nə eşitmədiyini bildirdi.

9 il həbs

Anasının xanəndə sevgilisini qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Aydın Orucova hökm oxunub. Məhkəmə hökmünə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra məhkəmə zalında tərəflər arasında əlbəyaxa dava düşüb. Qətlə yetirilən S.Mustafayevin və həbs olunan A. Orucovun qohumları qadının üzərinə hücum çəkiblər. Döyülən B.Orucovanı ədliyyə işçiləri qarşı tərəfin əlindən güclə alıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR