• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ermənilərin kölgəsində dincəldiyi minillik çinarlar məskəni

Ermənilərin kölgəsində dincəldiyi minillik çinarlar məskəni

Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Əhalisinin sayının süni surətdə artırılması nəticəsində ermənilər üstünlük təşkil edir. Rəhbər vəzifələrdə ermənilərin işləməsi rayon haqqında məlumat əldə etməkdə çətinlik yaradır. Söhbət Azərbaycanın işğal altında qalmış Xocavənd rayonundan gedir.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Xocavənd kəsirini araşdırıb.

1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib.

Qısa arayış

Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər, 2 iri qəsəbə, 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.

Ərazisi alçaq dağlıq və şərqdə maili düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Əsasən, Yura, Tabaşir, Antropogen çöküntülərindən ibarətdir.

Mərmər yatağı var. İqlimi çox yerdə yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda -2°C-dən -l°C-dək, iyulda 24-26°C-dir. Çayları (Köndələnçay, Qozluçay, Quruçay və s.) Araz hövzəsinə aiddir. Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılıb. Bitki örtüyündə yarımsəhra və quru çöl bitkiləri üstünlük təşkil edir. Kolluqlar və enliyarpaqlı meşələr var.

Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir.

Relyefi əsasən dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

Itkilər

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb. Rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib, 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məş­hur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

Nadir ağaclar

“Qarabağ yaddaşı” kitabında qeyd olunan məlumata əsasən, Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro, ehtiyatları 989 min ton olan əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.

Xocavənd rayonunda Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 il və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 il yaşlı Şərq çinarları təbiət abidəsi kimi qorunurdu.

Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına düşmüş 0,5 ha III dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.
Rayonun Təbaşir və Yura dövr sulu komplekslərinin 83 min m3/gün həcmində yeraltı su ehtiyatları aşkar edilib. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min m3/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, Xocavənd rayonu ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min m3/gün təşkil edir.

Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır. Ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.

İşğal olunmuş torpaqlarda müvəqqəti olduqlarını bilən ermənilər həmin ərazilərdə təbii sərvətlərimizi talan etməkdə, beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiət və tarixi abidələrimizi məhv etməkdə davam edirlər.

Rəhbər vəzifələrdə ermənilər idi

Xocavənd rayon icra başçısının müavini Azər Süleymanovun sözlərinə görə, rayonun sənaye imkanları əsasən çaxır zavodları ilə bağlı olub. Xocavənd və Qaradağlı kəndlərində toxuculuq sahələri inkişaf edirdi.

“Lakin işğal olmasaydı rayonda turizm imkanları daha çox inkişaf edərdi. Çünki Xocavəndin hər bir kəndində olan içməli su, bulaqlar bəlkə də, respublikanın digər rayonlarında yoxdur. Əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul idi. Lakin onların istehsal həcmi və əldə edilən vəsait barədə məlumat əldə etmək demək olar ki, mümkün deyil. Çünki həmin dövrdə rəhbər vəzifələrdə işləyənlərin hamısı erməni idi. Məsələn, Tuğda bir icra nümayəndəsi, mühasibin köməkçisi azərbaycanlı idi. Azərbaycanlılar isə ancaq aşağı vəzifələrdə işləyirdilər. Amma onların da maaşı az deyildi. Sağıcılar 200-300, heyvan otaranlar 300 manata qədər maaş alırdı. Ən gəlirli sahə üzümçülük idi. Lakin həmin sahədə əldə edilən gəlirlər barədə statistika yoxdur. Dövlət Statistika Komitəsinə müraciət etsək də, məlumatları əldə edə bilmədik. Keçmişlə bağlı dəqiq məlumatlar yoxdur. Hazırda rayonla bağlı olan məlumatlar kənd icra nümayəndəliyindən əldə olunanlardır”.

İcra nümayəndəsi deyir ki, bu gün sakinlərin 4800 nəfəri Beyləqan rayonu ərazisində, 2300 nəfər isə Ağcəbədidə məskunlaşıb. Hazırda Xocavənd rayon 11700 nəfər azərbaycanlı sakinləri, respublikanın 36 şəhər və rayonunda məskunlaşıb. Müxtəlif rayonlarda kütləvi şəkildə məskunlaşmış əhali əsasən kənd təsərrüfatı ilə məşğuldur. Beyləqan rayonunda salınmış Xocavənd qəsəbəsində hər ailəyə 60 sot torpaq verilib ki, orada əsasən öz ehtiyaclarını ödəmək üçün əkinçiliklə məşğul olurlar.

Rayon Statistika İdarəsinin müdiri Fərhad Tahirov deyir ki, işğal ərəfəsində statistika idarəsində azərbaycanlıların olmaması rəqəmlərin əldə edilməsini çətinləşdirir. Ona görə də əldə edilən məlumatlar çox azdır.

“Rayonda əsasən su təmizlənməsi, təchizatı sahələrinin inkişaf edib.232 sənaye obyekti, 509 kənd təsərrüfatı obyekti, 15907ha əkin sahəsi, 1 məscid, 33 körpü, 107 su anbarı olub”.

Onun sözlərinə görə, statistik məlumatların erməni rəhbərlərin əlində qalması işğaldan əvvəl rayonun imkanları barədə məlumatları əldə etməyi mümkünsüz edib.

Xocavənd rayonunun da işğaldan əvvəl imkanlarını ətraflı araşdırmaq mümkün olmadı. Xankəndi kimi bu rayonun da rəhbər vəzifələrində azərbaycanlıların az olması, məlumat sənədlərinin işğal edilmiş rayonda qalması layihəmizin məqsədinə uyğun məlumatlar əldə etməyimizə imkan vermədi.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR