“Ailəsi ilə barışmasa, fahişəlikdən qaça bilməyəcək”
Bizi izləyin

Qırmızı.az

“Ailəsi ilə barışmasa, fahişəlikdən qaça bilməyəcək”

Həzimə Fətullayevanın acı həyat hekayəsi

“25 yaşım var. Özümün normal ailəm olub, kəbinim olmasa da, 3 il birlikdə yaşamışıq. Lakin bir gün telefonuma zəng gəldi. Danışan şəxs əvvəl səhv düşdüyünü dedi, amma sonradan mütəmadi zəng etdi”.

Müsahibimiz əslən Quba rayonundan olan Həzimə Fətullayeva beləcə Asif Muradovla münasibətlərindən danışmağa başlayır. Deyir ki, qeyri-rəsmi münasibətdə olduğu əri ilə 3 il övladları olmayıb. Dediyinə görə, problem ərində olub. Elə telefonla tanış olduğu Asiflə də onu yaxınlaşdıran övlad istəyi olub. Asif onunla rəsmi nikah bağlayacağını və qadını Bakıya aparacağını deyib. Həzimə də bu sözlərə aldanıb.

“Qazaxlı idi, subay olduğunu və mənimlə evlənmək istədiyini deyirdi. 35 yaşı vardı, şəklini internetdən göndərmişdi, məni görməmişdi. Bir gün məndən rayondakı ünvanımızı xəbər aldı, dedi ki, məni Bakıya aparacaq, iki gün sonra da evlənəcəyik, rəsmi kəbinimiz olacaq. Mən də aldandım, ünvanı dedim. Yoldaşım işə gedəndən sonra bizə gəldi, maşını saxladı, dedi ki, “gəlməsən, səni öldürəcəyəm”, məni qorxutdu, məcbur etdi ki, onunla gedim. Biz Bakıya gələndən sonra atamla qardaşım itkin düşdüyümə görə polisə məlumat veriblər”.

Atasıgil polis vasitəsilə qızlarını Nərimanov rayonunda kirayə qaldığı mənzildə tapıblar. Polis bölməsinə çağırılan zaman Asif onu təhdid edib: “Bölməyə gedəndə mənə dedi ki, öz istəyimlə qaçmadığımı desəm, atamı, qardaşımı öldürəcək. Mən də razılaşdım. Sonra atamgil məndən imtina edib getdilər. Bölmədə onun evli olduğunu öyrəndim, amma ondan ayrıla bilməzdim, artıq hamilə idim. Hamilə olduğumu biləndən sonra atasını İrana müalicəyə aparmalı olduğunu dedi. Sonra bir daha geri qayıtmadı. Bir müddət gözləyib, Qazaxa getdim. Orada ailəsini tapdım, arvadı mənim uşağımın ərindən olmadığını dedi, bibisioğlu Rəşad gecə evində qalmağıma icazə versə də, məni təhqir etdi. Mənimlə pis davranırdı, söyürdü və deyir ki, Asif geri qayıtmayacaq. Orada polis bölməsinə getdim, Asifi orda gördüm. Mənə arvadından ayrılacağını, mənimlə evlənəcəyini dedi. Mənə isə o lazım deyil, yalnız uşağıma soyadını verməsini istəyirəm, bir də, aliment ödəsin”.

İstədiyinə nail ola bilmədən Bakıya qayıdan Həzimə bir müddət “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yaşayıb, indi isə Buzovnada kirayə qalır. Kirayə pulunu hamilə olduğu vaxt çörək sexində işləyərkən aldığı maaşdan topladığı pulla verir. Uşağın doğum xərclərini çörək sexinin sahibi ödəyib. İndi yeganə istəyi uşağını qoyacaq bir yer olmasıdır ki, işləyə bilsin. Son çarəsi övladını uşaq evinə verməkdir. Bunun üçün isə uşağın doğum haqqında şəhadətnaməsi olmalıdır. Bundan ötrü isə Qubaya getməlidir.

Müsahibim Bakıya qayıtdıqdan sonra məsələ ilə bağlı Nərimanov rayon 17-ci polis bölməsinə müraciət edib. Oradan işə baxılacağını deyiblər. Hazırkı durumda isə Həziməyə polisdən heç bir köməklik edilə bilməz. O, öz istəyi ilə qaçıb və yetkinlik yaşını çoxdan keçib.

Məsələ ilə əlaqədar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə əlaqə saxladıq. O, qadının iş tapması və uşağının atasının soyadının alması üçün məhkəmə ərizəsi hazırlamaqda kömək edə biləcəklərini dedi: “Hazırkı durumda qadının yeganə çıxış yolu ailəsi ilə barışmasıdır. Çünki o işləsə belə, uşağına baxmaya adam tapmalıdır. Övladını uşaq evinə vermək üçün isə doğum haqqında şəhadətnamə olmalıdır. Əks halda, bu, uşaqdan imtina kimi qəbul ediləcək. Rayona qayıtsa, onun işlə təminatı üçün də köməklik göstərə bilərik. Məhkəməyə müraciət ərizəsi hazırlana bilər. Lakin işə Quba rayonunda baxılsa, ora kimisə göndərmək çətindir. Ona sığınacaqda yer verə bilərik, lakin bu, daimi yaşayış yeri deyil. Bir sözlə, onun üçün ən yaxşı yol uşağının sənədlərini düzəltmək və ya rayona qayıdıb işləməkdir. Bunu etmədiyi halda, kimsəsizliyi və maddi problemləri üzündən qadının fahişəliyə cəlb edilməsi qaçılmazdır”.

Həzimə Fətullayeva isə Qubaya qayıdıb, orada işləmək istəmədiyini dedi. İndi yeganə yolu ikiaylıq övladını uşaq evinə verməkdir. Əlbəttə, sənədlərini düzəldə bilsə. Sosial müavinət alması üçün də rayona gedib, o, sənədlərini toplamalıdır.

Gülxar Şərif,
Vüsal Tağızadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm