Yanıq Mərkəzində baş verənlərə rektordan CAVAB gəldi
Bizi izləyin

Qırmızı.az

Yanıq Mərkəzində baş verənlərə rektordan CAVAB gəldi

Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Yanıq şöbəsindən işdən çıxarılmış əməkdaşlardan birinin bərpa edilməsi ilə bağlı qərar verib. İşə bərpa ilə bağlı N.Qasımov tərəfindən verilmiş tapşırığa əsasən kadrlar şöbəsinin əməkdaşı Maral xanım tərəfindən sənəd imzalanıb. Lakin Vüqar Ələkbərov bu sənədi qəbul etmir, Mərkəzdə yalnız onun qanunlarının keçdiyini deyir.

Bunu Publika.az-a açıqlamasında jurnalist Arzu Murad Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərovun həkimləri qanunsuz işdən çıxarması barədə məlumat verərkən deyib.

“V.Ələkbərov iki işçini işdən azad edib, onlardan birini məzuniyyətdə olarkən, digərini isə sarğını nazik etdiyinə görə çıxarıb. V.Ələkbərov mətbuata açıqlamasında isə tibb bacısını gecə gələn xəstəyə sarğı qoymadığını əsas gətirərək çıxardığını bildirmişdi.

Təsərrüfat başçısı Rəkşəndə Əlibalayeva işinə bərpa edilib. Baş tibb bacısı Xatirə Hümbətovanın sənədləri itdiyinə görə, o, işə bərpa edilməyib.

V.Ələkbərov müsahibəsində tibb bacıları və həkimlərin topladıqları pulla xəstəxanaya avadanlıq, ağac aldıqlarını deyir. Qızılgül və şam agacları 5 nömrəli xəstəxanadan qalmadır, onun əkdiyi cəmi 3 şam ağacıdır. Yeni yataq dəstlərinin alınmasına gəlincə, Səhiyyə Nazirliyinin icazəsi olmadan heç kim xəstəxanaya yataq yerləşdirə bilməz.”

Məsələ ilə bağlı Yanıq şöbəsinin artıq bir neçə aydır tabeliyinə verildiyi Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımovla əlaqə saxladıq. N.Qasımov heç kimin işdən azad edilmədiyini bildirib:

“Hər kəs öz işindədir, heç kimin işdən azad edilməsi ilə bağlı əmr yoxdur. Hər bir işçinin qayğısına qalınır. Sadəcə yeni strukturun yaradılması ilə əlaqədar olaraq texniki problemlər var. Onların aradan qaldırılması üçün də işlər görülür. Digər məlumatlar yoxlanılacaq, lazım gələrsə, tədbir görüləcək. Neqativ hal varsa, onları araşdıracağıq”.

Rəkşəndə Əlibalayevanın işdən azad edilib, sonra bərpa edilməsinə gəldikdə, rektor bunun yanlış məlumat olduğunu dedi. O, həkim, tibb bacıları və xəstələrdən pul alınması ilə bağlı iddialara da münasibət bildirib:

“Bu gün işə çıxmışam və bütün məsələlər araşdırılacaq. Kimdənsə pul alınması barədə bizdə məlumat olmayıb, lakin bu məsələ də araşdırılacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Yanıq Şöbəsinin əməkdaşları baş həkim V.Ələkbərovun işçiləri qanunsuz işdən çıxartması, onlardan pul tələb etməsi ilə bağlı saytımıza şikayət məktubu göndərmişdi. V.Ələkbərov isə ona ünvanlanan ittihamları rədd etmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm