61 min manatlıq layihənin qalibləri müəyyən oldu
Bizi izləyin

Qırmızı.az

61 min manatlıq layihənin qalibləri müəyyən oldu

Elmin İnkişafı Fondunun 5-ci “Mobillik qrantı”nın nəticələri elan olunub. Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib.

5-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 61 500 manat olan 14 qalib layihə müəyyənləşdirilib. 5-ci “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 8-i qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 6-sı isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 7-si qadındır. Qaliblərin yaşı 24-59 arasında dəyişir. Qalib layihələrin 11-i AMEA institutlarını (İdarəetmə Sistemləri, Şamaxı Astrofizika Rəsədxanası, Fizika, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Əlyazmalar, Fəlsəfə və Hüquq, Şərqşünaslıq, Ədəbiyyat, Memarlıq və İncəsənət) və təhsil qurumlarını (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti) əhatə edir.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 1, Yer haqqında elmlər üzrə 1, biologiya, tibb və aqrar elmləri üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 6 layihə qalib elan olunub.

5-ci “Mobillik qrantı”nın qalibləri ABŞ-da (2), Türkiyədə (6), Albaniyada (1), İtaliyada (1), Rusiya Federasiyasında (1), İspaniyada (1), Macarıstanda (1) və Qazaxıstanda (1) elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

Müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 5 məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 23 layihənin ekspertizası nəticəsində 2 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 21 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir. Yaxın günlərdə Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm