Bal yarmarkasında bal kimi qiymətlər
Bizi izləyin

Qırmızı.az

Bal yarmarkasında bal kimi qiymətlər

Bu il arıçılıq məhsullarının sərgi satış yarmarkasına 400-dən artıq arıçı 2 yüz tondan artıq məhsul çıxaracaq. Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

O, bu il həyata keçirilən yeniliklərdən də danışıb.

“Bu il ilk dəfə yarmarkaya məhsul təqdim edən arıçılar püşkatma əsasında seçdikləri yerdə yerləşdiriləcəklər. Bu, əvvəlki illər arıçılar arasında yerləşmə ilə bağlı narazılığı aradan qaldıracaq. Bu gün keçirilən püşkatma mərasimində hər bir arıçı yarmarkada neçənci yerdə satış edəcəyini bildi. Digər bir yenilik qiymətlə bağlıdır. Belə ki, əvvəl bir kiloqram balın qiyməti 15 manat idisə, bu il satış qiymətləri sərbəst olacaq. Arıçı məhsulunu hansı qiymətə istəsə, sata biləcək”.

M.Hacıyevin sözlərinə görə, bu il həm də əvvəlki illərdən fərqli olaraq 15 gün ərzində məhsulların monitorinqi keçirilib. Bütün məhsullar mühafizə anbarında saxlanılır:

“Respublika Baytarlıq idarəsi tərəfindən 8 arıçının məhsullarının standartlara cavab vermədiyi müəyyən edilib”.

Onun sözlərinə görə, bu il həm də arıçılar üçün əlverişli şərait də yaradılıb. Yarmarka təşkil edilən binanın ikinci mərtəbəsində yeməkxana var. Bu da arıçıların qidalanma üçün kənar yerlərə getməsi problemini aradan qaldırır.

M.Hacıyev onu da əlavə edib ki, ötən il sərgidə iştirak üçün 350 arıçı müraciət etmişdisə, bu il onların sayı 400-dən artıqdır.

“Hazırda ölkədə 238 min arı ailəsi var. Proqnozlara əsasən, bu il 160 min ton məhsul əldə edilməsi gözlənilir. Əlbəttə, havaların quraqlıq keçməsi kənd təsərrüfatının bu sahəsinə də təsir göstərib. Lakin proqnoza uyğun məhsul əldə edilməsi planlaşdırılır”.

Qeyd edək ki, bu gün həm də arıçılığa həsr edilmiş seminarın keçirilib. Seminarda arıçıların problemlərinin həlli yolları müzakirə edilib. Mütəxəssislər tərəfindən onlara dünyada tətbiq edilən yeni üsullar barədə fikir mübadiləsi aparılıb.Arıların cins tərkibinin yaxşılaşdırılması, məhsulların qablaşdırılması ilə bağlı tövsiyələr verilib.

Xatırladaq ki, arıçılıq məhsullarının satış yarmarkası oktyabrın 1-dən 30-dək davam edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm