Baş pediatrdan valideynlərə məsləhət
Bizi izləyin

Qırmızı.az

Baş pediatrdan valideynlərə məsləhət

Payız-qış mövsümündə həm havaların soyuması, həm də uşaqların bağça və məktəb kollektivlərində toplanması nəticəsində bəzi xəstəliklərin artması müşahidə edilir.

Bunu Publika.az-a açıqlamasında baş pediatr, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Baş pediatrın sözlərinə görə, uşaqlar arasında ən çox kəskin respirator virus xəstəliklərinə rast gəlinir:

“Bu xəstəliklər el arasında soyuqdəymə adlanır. 30-a yaxın uşaq bir otaqda cəmləşdiyindən xəstəliklər asanlıqla digərlərinə yoluxur. Hazırda uşaqlarda ən çox rast gəlinən xəstəliklərin rotavirus, ya da adenavirus mənşəli olduğunu düşünürük. Bu xəstəliklər öskürək, boğazda qızartı, rinitlə yanaşı, həzm sistemində pozuntulara səbəb olur, ishala meyillilik artır. Bu il də həmin viruslardan bir neçəsini müşahidə edirik. Lakin bu, hər il baş verən səviyyədədir, epidemiya və digər təhlükələr yoxdur. Tibb işçiləri olaraq bu viruslara uyğun işlərimizi qururuq”.

Baş pediatr valideynlərə bəzi tövsiyələr də verdi:

“Valideynlər xəstələnən uşağı heç vaxt bağçaya, məktəbə aparmamalıdırlar. Bu həm uşağın özü, həm də onun əhatəsində olanlar üçün də zərərdir. Valideynlər xəstə uşaqlarla bağlı özfəaliyyətlə məşğul olmasın, professional tibbi yardım alsınlar. Valideyn nə qədər təcrübəli olsa da, xəstəliyə qarşı müalicə başlamaq, diaqnozu müəyyən etmək valideynin yox, tibb işçisinin işidir. Ən əsası uşaqları hava şəraitinə uyğun geyindirsinlər. Həmçinin uşaqların orqanizmini yayda möhkəmləndirmək, vitaminli məhsullarla qidalandırmaq lazımdır”.

Baş pediatrın sözlərinə görə, “Uşaqların İcbari dispanserizasiyası haqqında qanun”a əsasən hazırda uşaqlar kütləvi tibbi müayinədən keçir.

“Bu müayinələr il ərzində aparılsa da, yeni tədris ilinin başlanması bu işi daha da sürətləndirib. 3 yaşa qədər uşaqlar ildə bir neçə dəfə, 3 yaşdan sonra isə ildə bir dəfə icbari müayinədən keçməlidirlər. Bu ilin 6 ayında 1 milyon 200 minə yaxın uşaq müayinədən keçib. Hazırda qalan uşaqların da müayinəsi keçirilir.”

Baş pediatr onu da vurğulayıb ki, uşaqlar arasında ən çox yayılan xəstəlik tənəffüs sistemi xəstəlikləri və yeni doğulmuşlarda müşahidə olunan xəstəliklərdir. Hazırda ölkədə uşaqlar arasında hər hansı təhlükəli xəstəlik qeydə alınmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm