• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çeçen Arif: “İki ermənini vurub, iki rusu xilas etdim”

Çeçen Arif: “İki ermənini vurub, iki rusu xilas etdim”

“Cəbhə xətti” layihəsində

“Cəbhə xətti” layihəsinin budəfəki qonağı Çeçenistan qazisi Arif Məhərrəmov 1965-ci ildə Qərbi Azərbaycanın Göycə mahalında anadan olub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub. 1984-cü ildə Əfqanıstanda beynəlmiləlçi döyüşçü kimi iştirak edib.

- Güman ki, o illərin acı xatirəsi sizi tərk etmir...

- O günləri unutmaq mümkün deyil. Əfqanıstanda sovet hərbi zirehli maşınını mücahidlərin vurduğu zaman iki rus əsgərinin yanan texnikanın içərisindən çıxmaları gözümün önündən heç getmir. Əsgərlər yanırdı. Yanımda iki erməni millətindən olan əsgər vardı. Onlara dedim ki, tez kömək edək, yoxsa onları vuracaqlar. Onlar qorxurdular. Yerləri bilinər deyə, kömək etmək istəmədilər. Hətta mənim kömək etməyimə də mane olurdular. Mən də məcbur olub onlara xəsarət yetirdim ki, əsgərlərə kömək edə bilim. Yaralı əsgərlərimizə yaxınlaşıb uca səslə “Allahu Əkbər” dedim və fatihə surəsini oxudum. Əfqanlar atəş açmadılar və imkan verdilər ki, mən iki rus əsgərini xilas edə bilim. İki əsgəri xilas etdiyimə görə məni həbs etmədilər. Axı mən iki erməniyə avtomat silahı ilə ağır xəsarət yetirmişdim. Həbs etməsələr də, ermənilərə xəsarət yetirdiyimə görə məni Əfqan müharibəsi güzəştindən məhrum etdilər.

Volskinin üzünə tüpürdüm

- Beləliklə, qanlı-qadalı Əfqan dağlarını tərk etdiniz, əsgərlikdən gəldiniz...

- Gəldim və 1985-ci ildə Abşeron mehmanxanasında iaşə obyektində işə düzəldim. 1987-ci ildə orada çalışan ermənilərlə qanlı savaşım oldu. Mənə cinayət işi açıldı. Bundan xəbər tutan mehmanxananın ovaxtkı direktoru Aqil Paşayev bütün erməniləri işdən qovdu. O, mənə açılan cinayət işinin ləğv olunmasına da nail oldu. Aqil müəllim mənə Milli Azadlıq mübarizəsində daha da aktiv olmağım üçün uğurlar dilədi, tövsiyələr verdi. 1988-ci ildən Milli Azadliq mübarizəsinə qoşularaq aktiv mübarizə aparmağa başladim. 1989-cu ildə Qərbi Azərbaycandan soydaşlarımız didərgin düşəndə mən xeyli əhalini öz təşəbbüsümlə Qarabağ bölgəsinə apardım. Əsgəranda Moskvanın xüsusi nümayəndəsi Volskinin əmri ilə hamımız həbs olunduq. Məni onun gözünün qarşısında möhkəm döydülər. Məni məcbur edirdilər ki, izahatımda Qarabağda azərbaycanlıların sayını süni surətdə artırdığımızı yazım. Guya biz beləcə, SSRİ Ali Sovetinə müraciət etmək istəyirik ki, Qarabağda azərbaycanlı əhalinin sayi çoxdur və Muxtar Vilayət ləğv olunsun.

Ağzım qanla dolmuşdu. Bu vəziyyətdə Volskinin üzünə tüpürdüm. Bundan sonra daha da ağır zərbələrə tuş gəldim. Əslində, Qarabağımızı qorumağımız üçün orada yaşayan əhalimizin sayını çoxaltma niyyətimi düz hiss etmişdilər. Qərbi Azərbaycandan olanlarin xeyli hissəsi Xocalıya yerləşdirildi. Lakin onlar yağışdan çıxıb yağmura düşdülər. Bizim həbsdən qurtulmağımız vətənini sevən insanlarin sayəsində mümkün oldu. Ağdamdan olan deputat Eldar Bağırov Ağdam əhalisini ayağa qaldıraraq bizim Əsgərandan xilasımızı təşkil etmişdi.

Erməni zabitinin üstünə şığıdım

- 20 yanvar hadisələrində də fəal olmusuz...

- 1990-cı il 20 yanvarında Bakıda faciəli qətliam baş verdi. Faciədən xəbərim olduğu üçün yaşadığım binanın qarşısındakı ağaca o zaman hələ “bəraət almamış” üçrəngli bayrağımızı və şəhid olanların xatirəsinə qara bayraq asdim. Yanvarın 21-ə keçən gecə bayraq asdığım həyət tərəfindən xalqımın ünvanına nalayiq söyüşlər eşitdim. Ehtiyatla eyvandan baxdım. Gördüm ki, rus əsgərləri hər iki bayrağı cırıb ayaq altına atıblar. Mən qapıya tərəf gedəndə yoldaşım Şəfəq təzə dünyaya gələn Ümid adlı oğlumu qapının ağzına qoydu və yalvararaq dedi ki, heç olmasa uşağın xətrinə aşağı düşməyim. Mən uşağı kənara çəkib bildirdim ki, rus əsgərinin ayağı altında mənim xalqımın şərəfi tapdanır. Şəhid olanlar isə məndən üstün insanlardı. Həyətə düşdüm. Mənimlə üz-üzə gələn mayor rütbəli zabit erməni millətindən idi. Onun üstünə qışqıra-qışqıra şığıdım. O həyəcanlandığından atəş aça bilmədi. Hərbiçi də qışqırdı ki, bu əclaf nə tez doydu rusun bayrağından? Başqa bayraq asır, onu öldürün. Mən həmin ermənini boğmağa başladım. Başımın arxa hissəsinə ağir zərbə dəydi və huşumu itirdim. Həyat yoldaşım eyvandan görüb ki, halsız vəziyyətdəyəm. Əsgərlər məni hərbi maşının təkərlərinin altina sürüyürlər. Fikirləşib ki, Arifi öldürdülər, gedim, heç olmasa, ölüsünü xilas edim.

BTR-in altından məni çıxartdı

- Və...

- Həyat yoldaşım ehtiyatla BTR maşınına yaxınlaşır. Hərbçilər maşınına minib üstümdən keçmək istəyən anda məni maşının təkərlərinin altından çıxardır. Binamızın girəcəyi tərəfə sürüməyə başlayır. Hərbçilər maşını bir qədər qabağa sürərək arxa tərəfə baxırlar. Mənim necə vəziyyətdə olmağımı görmək istəyirlər. Yoxa çıxdığımı görüb əsgərin biri başlayır ətrafda məni axtarmağa. Görəndə ki, həyat yoldaşım məni huşsuz vəziyyətdə bina dəhlizinin içərisinə aparır, onu atəşə tuturlar. Yoldaşım yıxılır. Həm də kəskin kəllə beyin xəsarəti alır. Yoldaşım özünə gələndə özünü qan içində, məni isə inildəyən görüb sevinir. Qonşuları köməyə çağırır. Qonşulardan ancaq Belarus millətindən olan Myakota Mariya İvanovna hər ikimizə tibbi yardım göstərir.

Məni rus xüsusi xidməti axtarırdı

- Sizin adınız erməni ailələrinə qarşı zorakılqda hallanıb.

- Bakıdakı vəziyyətlə bağlı Komendantlıq yaradılmışdı. Komendantın işçiləri məni həbs etdilər və qərarda da bildirdilər ki, erməni talanlarının başçısı olan Arif Vəli oğlu Məhərrəmov 30 sutka həbs edilir. Bu 30 gün, düz 7 aya qədər uzandı.

Sizə həyatımın əzablı anlarından birini də söyləyim. 1997-ci ildə Qafqaz əlillərinin 1-ci konfransını keçirəndə Qafqaz ölkələrini bir-bir gəzirdim. Kislovodskidə mənə xəbər verdilər ki, aradan çıx, rus xüsusi xidmət orqanı səni axtarır. Bu an isə mən taksi şoferlərin yanında idim, 5 nəfər azərbaycanlı idilər. Onlara dedim ki, məni hansınız apara bilər? Amma elə yolla aparın ki, biz ruslarla qarşılaşmayaq. Onlar mənə bildirdilər ki, biz səni ancaq sabah apara bilərik, bu gün bizdən hansının istəsən qonağı olmalısan. Mənim yanımda iki çeçen dostum vardı. Onlar mənim mühafizəmə cavabdeh olan şəxslər idi. Onlar razılaşsa da, nədənsə ürəyimdə onlardan ehtiyat etdim. Çeçenlər ehtiyat etdiyimə irad bildirəndə onların üstünə qışqırdım ki, siz mənə tabesiniz, mən sizə tabe deyiləm. Onlar da mənimlə mübahisə edirdilər ki, biz səni qoruyanıq, bizə qulaq asmalısan. Amma mən inadkarlıq edərək xristian millətindən biri olan taksi şoferindən xahiş etdim ki, bizi buradan çıxartsın. Dedi ki, bir yol var, amma çox çətin yoldur, mənim maşınım dağıla bilər. 1000 dollar versəniz, apararam. Razılaşdım. Amma çeçen dostlarım bildirdi ki, mən hamını bilə-bilə təhlükəyə aparıram. Beləliklə, azərbaycanlılardan aralandım, o xristianla getməyə başladıq. O, elə azərbaycanlıların yanında dedi ki, gedək evdən ehtiyat təkər götürüm, gedək, biz də razılaşdıq. Onlardan aralanan kimi sürücü bizə yolda dedi ki, indi maşında bərk oturun biz daşlı çaylardan keçəcəyik. Dedim ki, bəs evə getmirsiniz ehtiyat təkər götürmək üçün? Dedi ki, mən o azərbaycanlıları tanıyıram, heç də yaxşı insanlar deyillər, onlar pula görə sizi sata bilərlər. Yanımdakı çeçenlər azərbaycanlılar haqda belə deməsinə görə az qaldı ki, o sürücünü güllələsinlər. İmkan vermədim. Sonra bizi gətirdi meşənin içindən hündür bir yerə.

Azərbaycanlı və xristian sürücü

Maşınından durbini götürüb baxmağa başladı ki, görüm kəndin girəcəyində təhlükə yoxdur ki. Sonra da azərbaycanlı sürücüləri axtarmağa başladı. Və sevincək halda durbini bizə verib dedi ki, baxın diqqətlə, bu da sizin azərbaycanlılar, görün arxasında kimlər gedir? Mən durbinlə baxıb gördüm ki, azərbaycanlı sürücülər qabaqda, arxalarında isə mülki şəxslər və əli silahlı hərbçilər dayanıblar. Gördüm, zəndim məni aldatmayıb. Sonra isə durbini çeçenlərə verdim, onlar baxanda özlərindən utandılar ki, nə yaxşı, sən bizə imkan vermədin səhv etməyə. Beləliklə, biz çətinliklə çəpərləri sındıra-sındıra yol getməyə başladıq. Sonra da iki dəfə balaca çayların içi ilə getdik və əyləşdiyimiz maşının necə dağılmasının şahidi oldum. Biz böyük yola çıxanda maşını çətinliklə saxladıq və bizdən 1000 dolları istədi. Pulu verdik. Sürücü 500 dolları bizə qaytaranda təəccübləndik. O isə bildirdi ki, mən xristian olsam da, qafqazlıyam və sizin qoruduğunuz Arifdən çox xoşum gəldi. Belə insanlar qorunmalıdır, dedi. O hadisə mənim heç vaxt yadımdan çixmaz. Amma konkret hansı millətin nümayəndəsi olduğunu demədi, sadəcə, xristian və Qafqaza bağlı olduğunu söylədi.

Nihad Cəbrayıl

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR