Brusellyozdan necə qorunmalı?
Bizi izləyin

Qırmızı.az

Brusellyozdan necə qorunmalı?

Bu ilin doqquz ayında 266 nəfər bruselyoz xəstəliyinə yoluxub. Xəstəliyin aşkarlanmasında ötən ilin müvafiq dövrü ilə müqayisədə ciddi fərq yoxdur. Bunu Publika.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.

Şöbə müdirinin sözlərinə görə, xəstəlik ölkənin bütün bölgələrində eyni səviyyədə yayılıb. Şimal bölgəsi və Lənkəranda xəstəliyə yoluxma halı azdır.

“Bütün bölgələrdə rəqəmlər bir-birinə yaxındır, İmişlidə aşkarlanma nisbətən çoxdur. Bakteriya əsasən, xəstə heyvanın süd və süd məhsullarından, xüsusən pendirdən, eyni zamanda yaxşı bişməmiş ətdən keçir.

Bakteriyaya yoluxandan sonra kəskin dövr və xronikiləşmə dövrü var. Çox zaman xəstələr özləri müalicə edir, həkimə müraciət etmirlər. Lakin insanlar bilməlidirlər ki, həkimə vaxtında müraciət olsa, müalicə daha rahat olar. Çünki bruselyozla bağlı gec müraciət ediləndə sinir sistemi, oynaqlarda fəsadlar olur. Bəzən onları aradan qaldırmaq çətin olur və əlilliyə gətirib çıxarır”.

R.İsmayılova onu da vurğulayıb ki, xəstəliyin əsas simptomları özünü gecə tərləmələri, hərarət, halsızlıq, yuxululuq, əzələ ağrıları, əsasən bel nahiyəsində ağrılar, baş ağrısı, üşütmə, anoreksiya kimi əlamətlərdə göstərir.

Qeyd edək ki, bruselyoz hərarət və titrəmə ilə müşahidə olunan, daha çox dayaq-hərəkət aparatına və həmçinin sinir və digər sistemlərə mənfi təsir edən zoonoz mənşəli yoluxucu xəstəlikdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm