• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məişət zorakılığına ən çox hansı yaşda qadınlar məruz qalır?

Məişət zorakılığına ən çox hansı yaşda qadınlar məruz qalır?

“Komitəyə məişətdə zorakılığa məruz qalma ilə müraciətlərin sayı kifayət qədər çoxdur. Zorakılıq qurbanı əsasən qadınlar və uşaqlar olur”.

Bunu Publika.az-a açıqlamasında ötən gün baş verən cinayətə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə, məişət zorakılığına məruz qalanlar bu barədə hara müraciət etmələri ilə bağlı daha məlumatlıdır.

“Zorakılığa məruz qalanların Komitəyə müraciətlərinin artması da qadınların bu məsələdə məlumatlılığının artdığını göstərir. Bəzən polisə müraciət etməkdənsə, komitəyə müraciət edilir. Zorakılığa məruz qalanlar arasında 25-50 yaş arası qadınlar üstünlük təşkil edir. Bütün bölgələrdən bu problemlə bağlı müraciət edilir. Bu qəbildən olan müraciətlər daha çox cənub bölgəsindəndir”.

Komitə rəsmisi onu da bildirib ki, son vaxtlar müraciətlər arasında uşaqlı qadınların evdən qovulması halları üstünlük təşkil edir. Bu da birbaşa qadın və uşaq hüquqlarının pozulması deməkdir. Həmin insanlar üçün ciddi problemlər yaranır.

“Bu hallar əsasən, tərəflər arasında münasibətlərin pozulması və kənar müdaxilələr zamanı baş verir. Hətta bəzən qadının nikahı rəsmiləşdirilməsi tələbi də, ailədə ciddi problemə gətirib çıxarır. Uzun müddət rəsmi nikahı olmadan bir yerdə yaşayan şəxslərin bu cür problemləri daha çox olur. Bu ailələrdə uşağa atanın soyadının verilməsi problem yaradır”.

T.İbrahimova onlara müraciət edən qadınlara ilk növbədə hüquqlarının izah edildiyini deyib.

“Çünki onların əksəriyyəti hüquqlarından xəbərsiz olurlar. Daha sonra aidiyyəti orqanlar qarşısında onlarla bağlı vəsatət qaldırılır. Həmin qadınların işlə təminatı, ünvanlı sosial yardım, uşağa görə aliment alması istiqamətində işlər görülür. Hüquqi yardım göstərilən qadınlar sığınacaqlarda yerləşdirilir. Uşaqlar 3, böyüklər 2 ay həmin sığınacaqlarda qala bilər. Orada qaldıqları müddətdə həmin şəxslərin qida, iş, uşaqların təhsil problemləri həll edilir. Bütün bu məsələlər qanunvericilikdə göstərilib. Lakin sosial sığınacaqlar əsasən özəl təşkilatların tabeliyində olduğuna görə, bəzən onların maddi təminatında problemlər yaranır”.

T.İbrahimova məişət zorakılığı ilə bağlı yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və digər dövlət qurumları, sadə vətəndaşlar arasında maarifləndirmə işlərinin aparıldığını bildirib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR