• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Polisdə döyülən vəhhabilərlə bağlı şok faktlar

Polisdə döyülən vəhhabilərlə bağlı şok faktlar

Sumqayıt şəhəri Polis İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirən bir qrup sələfi təriqətinə mənsub şəxslərlə bağlı Daxili İşlər Nazirliyi şok məlumatlar yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə müdiri Orxan Mansurzadənin imzası ilə Aznews.az-a daxil olan məlumatı təqim edirik:

"Noyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə gətirilən bir neçə şəxsin orada təhqir və fiziki təzyiqə məruz qalması ilə bağlı bir sıra KİV-lərə ötürdükləri məlumatların heç bir əsası yoxdur. Polisin işgüzar nüfuzuna və imicinə xələl gətirmək məqsədilə məqsədyönlü şəkildə yayılan həmin dezinformasiyalar böhtan və şantaj xarakteri daşıyır.

Guya polisdə 7-8 saat ərzində təhqirlərə və işgəncələrə məruz qaldıqlarını iddia edən həmin şəxslər, o cümlədən Vidadi Məhərrəmli, Zaur Mehdiyev və qeyriləri həqiqətən adıçəkilən İdarədə olublar, ancaq 1 saat müddətində. Şəxsiyyətləri müəyyən edildikdən sonra sərbəst buraxılıblar.

İdarədə olduqları müddətdə isə onlara qarşı hər hansı fiziki təzyiq göstərirlməyib, yaxud kobud davranılmayıb. Əgər sözügedən şəxslərin kobud rəftara, yaxud fiziki təzyiqə məruz qalmaları barədə iddiaları, şikayətləri varsa, bu müraciətlər də cinayət işinin istintaqı çərçivəsində araşdırılacaq.

Az qala bütün KİV-ləri guya pozulmuş hüquqlarının müdafiəsinə çağıran, özlərini cəmiyyətə mömin bəndələr kimi təqdim edən, müharibə əlili kimi əslində hər bir azərbaycanlının fəxarət duyacağı, ehtiram göstərəcəyi bir mərtəbədə qərarlaşmalı olan həmin şəxslər, təəssüf ki, bu şərəfli məqamdan da, din pərdəsi altında da öz cılız maraqları naminə sui-istifadə edirlər:

Müharibə əlili olmasını xüssusi canfəşanlıqla "vurğulayan" Vidadi Məhərrəmli vaxtilə tağım komandiri olduğu zaman törətdiyi çox "nadir" cinayətə - tabeliyindəki əsgərə zor tətbiq, sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etdiyinə-uşaqbazlığa görə Füzuli-Qubadlı Qarnizonu Hərbi Məhkəməsinin hökmü ilə 08.01.2000-cü il tarixdə 3 il müddətinə azadlıqdan məhrum edilib. Yaxud götürək Zaur Mehdiyevi. 18.01.1986-cı tarixdə Siyəzəndə anadan olmuş Z.Mehdiyev isə heç bir xəcalət çəkmədən, utanıb-qızarmadan özünü cəmiyyətə Qarabağ müharibəsinin veteranı kimi təqdim edir. Halbuki Qarabağ uğrunda döyüşlər başlayanda Z.Mehdiyev ən yaxşı halda uşaq bağçasına gedərdi. "Pis xəbər tez yayılar" prinsipi ilə hərəkət edən bir sıra həmkarlarımız isə mənəvi cəhətdən deqradasiyaya uğramış bu "vətənpərvərlər"in yalançı vay-şüvəninə palaz-palaz yer ayırırlar.

Görəsən niyə?

Polis əməkdaşları barədə həqiqətdən uzaq və şantaj xarakterli məlumat yayan bu iki nəfərin Sumqayıt Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində tibbi müayinədən keçməsi, xəstələrin qeydiyyatı kitabında guya travmalarının qeydə alınması, lakin onlara bu barədə müvafiq arayışın verilmədiyinə dair səsləndirdikləri fikirlər də aşkar yalandır. Əslində Vidadi Məhərrəmli ilə Zaur Mehdiyev qabaqdangəlmişlik edərək Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etsələr də heç kim onların müraciətini ciddiyə almadığından əlləri ətəklərindən uzun qayıdıblar. Çünki hər ikisinin bədən nahiyələrində iddia edildiyi kimi, hər hansı xəsarət izi, hətta qançır belə aşkarlanmayıb.

Təkcə elə bu faktın özü V.Məhərrəmli, Z.Mehdiyev və qeyrilərinin qərəzli olduqlarını, polis əməkdaşlarını ləkələmək üçün məqsədli şəkildə yalan danışdıqlarını göstərir".

Qeyd edək ki, sözügedən təriqətin üzvləri ötən gün mətbuata videogörüntü ilə müraciət edərək Sumqayıt şəhəri Polis İdarəsində rəis müavini Süleyman Nemətov tərəfindən işgəncələrə məruz qaldıqlarını bildiriblər. Daha sonra onlar açıqlama verərək Sumqayıt şəhəri Polis İdarəsində rəis müavinini məhkəməyə verəcəklərini bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR