Bakının dəhşətli qəzalarından yeni görüntülər (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Bakının dəhşətli qəzalarından yeni görüntülər (VİDEO)

Bakıda nəinki yolda hərəkət edərkən, eyni zamanda, svetoforun qırmızı işığında dayanarkən də qəza törədənlər var.

Avtosfer.az-ın təqdim etdiyi növbəti videoda məhz svetoforun qırmızı işığında dayanan maşınların sürət həddini aşanlar tərəfindən vurulması əksini tapıb.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan birinci yol qəzası Nərimanov rayonu ərazisində – 5 nömrəli xəstəxananın qarşısında baş verib. «VAZ-2107» markalı avtomobil svetoforun qırmızı işığında dayandığı halda arxadan yüksək sürətlə hərəkət edən «Mersedes» tərəfindən vurulur. Zərbə o qədər güclü olur ki, «07»nin baqajı yoxa çıxır.

Göründüyü kimi, «Mersedes»in sürücüsü uzaqdan svetoforun qadağanedici işığının yandığını gördüyü halda yenə də sürəti azaltmır və hərəkəti davam etdirərək ağır qəza törədir.

Növbəti yol qəzası isə Babək prospektində baş verib. «İnfiniti» markalı avtomobil svetoforun qırmızı işığında dayandığı halda arxadan sürətlə hərəkət edən «Toyota» onu vurur. Sürücü qəzadan o qədər şok keçirir ki, bir neçə dəqiqə maşından düşmür.

Digər yol qəzası Səbayel rayonu ərazisində – Zərifə Əliyeva küçəsində qeydə alınıb. Göründüyü kimi, svetoforun qırmızı işığı yanır. «Mersedes» markalı avtomobil dayanıb gözləmək üçün tormozladıqda arxadan yüksək sürətlə hərəkət edən «Mitsubishi-Pajero» onu vurur. Zərbənin təsirindən bir neçə metr irəli atılan «Mersedes»dən düşən sərnişin müvazinətini itirərək yıxılır.

Hər üç qəzanın başvermə səbəbi bəllidir; sürət həddi. Həmçinin, sürücülərin svetofora kobud yanaşması və qırmızı işıqdan keçməyə cəhd etməsi də açıq-aydın göz qabağındadır. Yəni, doğrudanmı bu sürücülər anlamırlar ki, svetoforun sarı işığı yanıb-sönürsə, bu, «dayanmağa hazırlaş» deməkdir. Sarı işıq yanırsa, deməli, dayanmaq lazımdır. O ki qala qırmızı işıqdan keçməyə çalışmaq, gəldiyi sürətlə də qarşıdakı maşınların üstünə çıxmaq cəmiyyətə və qanunlara qarşı əməlli-başlı saymamazlıqdır. Diqqətlə baxdıqda məlum olur ki, hər üç qəzaya səbəb olan sürücülər svetofora ya fikir vermirlər, ya da qırmızı işığın yandığını görə-görə sürəti azaltmadan keçib getməyə çalışırlar. Bir suala cavab tapmaq istərdim; doğrudanmı 30-40 saniyə dayanıb gözləmək bu cür ağır qəzaya dəyərdi?

Gəlin, unutmayaq ki, yolda hər saniyənin öz hökmü var. Sadəcə, diqqətli olmaq və qaydalara əməl etmək lazımdır. Bu üç qəzadan aydın oldu ki, sürət həddini aşmaq və ara məsafəsi saxlamamaq təhlükəlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm