Gəncədə İH başçısı və müavininə hücumun səbəbi bəlli oldu
Bizi izləyin

Qırmızı.az

Gəncədə İH başçısı və müavininə hücumun səbəbi bəlli oldu

Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon icra başçısı, onun müavinləri və polislərə hücumun səbəbi bəlli olub.

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin Publika.az-a verdiyi məlumata görə, hadisəni qanunsuz olaraq ərazidə torpaq hasarlayıb vətəndaşlara satan şəxslər törədib:

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəsəbə sakinləri ilə görüşəndə əsas məqsədin şəhər tələbatına uyğun şəraitin qurulması olduğunu bildirmişdi. Məqsəd yeni yolların çəkilməsi, qaz, su və kanalizasiya xətlərinin quraşdırılması və işıq xətlərinin çəkilməsi idi. Həmin ərazidə şəhər tələbatına cavab verən infrastruktur yaradılmayıb. Qanunsuz işıq xətləri çəkilib. Gəncə şəhərinin qəsəbə və şəhər yollarının birləşdirilməsi üçün xüsusi vəsait ayrılıb. Həmin vəsaitlə yollar çəkiləcək və su, kanalizasiya xətlərinin çəkilişi həmin qəsəbədə də davam etdiriləcək. Hazırkı durumda həmin ərazidə bu işlərin həyata keçirilməsi üçün şərait yoxdur. Yolun çəkilişi ilə bağlı plana düşən ev və ya hasarların sökülməsi ilə bağlı həmin şəxslərə xəbərdarlıq edilib. Yaşayış olan evlərə toxunulmayacaq. Lakin ərazidə torpaq sahələrinin müxtəlif dəllallar tərəfindən qanunsuz şəkildə hasarlanaraq vətəndaşlara satılması müəyyən edilib. Etirazı da həmin dəllallar edib”.

Onun sözlərinə görə, qanunsuz satılan torpaqları alan şəxslər pullarını tələb etdiyindən dəllallar icra hakimiyyəti əməkdaşlarına və polisə etiraz edib.

“Ötən gün Gəncə şəhər Nizami rayon icra başçısı ərazidə olarkən ona, müavinlərinə və polis əməkdaşlarına xəsarət yetiriblər. İcra başçısının da vəziyyəti normaldır, yaxın zamanda o da evə buraxılacaq. Bu hadisə arzuolunmazdır. Vətəndaşı aldadanlar və dövlət məmurlarına xəsarət yetirən həmin şəxslər cəzalarını alacaqlar. Onlar 4-5 nəfər olub. Lakin əldə etdiyimiz məlumata görə, həmin şəxslər tək deyil, onlara yardım edənlər də var. Bütün bunlar istintaq başa çatandan sonra bəlli olacaq”.

Yolun çəkilişi ilə bağlı sökülən evlər və torpaq sahiblərinə hansı köməkliyin göstərilməsinə gəldikdə, N.Həmzəyev hər bir sakinə fərdi yanaşılacağını bildirib:

“Yaşayış olan evlərin hamısı sənədləşdiriləcək, yaşayış olmayan torpaq sahələrinin hasarları söküləcək. Həmin vətəndaşlar pullarını tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər. Heç bir yerdə evi olmayan və torpaq sahəsində ev tikmək istəyənlərə şəhər rəhbərliyi tərəfindən köməklik göstəriləcək. Plana düşən evlər söküləcək, hər bir evə fərdi yanaşılacaq. Bu prosesi iki il əvvəl M.Gəncəvi küçəsində həyata keçirmişdik. Aldadılan şəxslərin sayını müəyyən etmək üçün xüsusi komissiya yaradılıb. Torpaq sahələrinin necə alınması barədə məlumatlar toplanır. Həmin torpaq sahələri satıla bilməzdi. İndi də problemin aradan qaldırılması üçün çalışırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm