• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropalı olmaq iradəmiz

Avropalı olmaq iradəmiz

Azərbaycanda yenicə başlayan post-Eurovision dönəmində bir xalq, cəmiyyət və dövlət olaraq özümüzə verməli olduğumuz neçə-neçə sual var.

Bu suallar Azərbaycan olaraq oriyentasiyamızın dəqiqləşməsi, gedəcəyimiz yol üçün tədarük görə bilməyimiz və mənzil başına sağ-salamat, qansız-inqilabsız çatmağımız üçün vacibdir.

“Ərəb baharı” başlayarkən bəzi köşə yazarları özünü inqilab qaranquşu kimi görür, bir çox liderlər “iman əhli” qılafına girmək üçün dəridən-qabıqdan çıxırdılar.

O zaman da yazdım, indi də deyirəm.

Məsciddən demokratiyaya yol yoxdur və islamı heç bir halda liberalizmə calamaq mümkün deyil.

Odur ki, düşüncəmizin kodlarını refresh etməyə məhkumuq.

Ya Aşura, ya “Eurovision”!

Ya Məkkə, ya Brüssel…

Brüsseli Avropanın simvolu halına gətirən “sekulyarlaşma nəzəriyyəsi”, başqa sözlə, dinin çöküşü, de-xristianlaşmadır; hansı ki, elmin, mədəniyyətin və demokratiyanın ön plana çıxması ilə doğunun de-islamizasiyaya ehtiyacı var. Türkiyə və Azərbaycan ona görə Avropa yoluna çıxa bilib ki, Atatürkün və sovetlərin sayəsində hər iki ölkənin xalqı xeyli dərəcədə məsciddən uzaqlaşıb.

Ötən əsrin ortalarında ABŞ-da məşhur bir deyim vardı. Afrika mənşəli amerikanlar “ağlar kimi yaşayaq, amma qara olduğumuzu unutmayaq” deyirdilər. Halbuki, ağlar kimi yaşamaq üçün elə ağlar kimi də düşünmək lazımdı.

Bu gün avropalı kimi yaşamaq istəyib də ərəb kimi düşünmək absurddur. Həm bilgi və texnologiya istehsal etməyəcək, həm fərdi azadlıqları heçə sayacaq, həm də “əlhəmdülillah, müsəlmanam” deyib dünyanı terrorla hədələyəcəksənsə, o zaman mədəniyyətlə mədəniyyətsizlik, sivilliklə köləlik arasındakı savaşın qalibi bəllidir. İndi nə Çingizxanın dünyanı örüşə çevirəcəyi zamandır, nə Sultan Mehmetin İstanbulu fəth edəcəyi, nə də İran mollalarının, ərəb şeyxlərinin cihadla qloballaşmanı dayandıra biləcəyi… “Computer” sözünü heç bir dilə sərrast tərcümə etmək mümkün deyil… Belə bir çağda tək qalmaq, səmtsiz olmaq, düşüncəsiz davranmaq “GƏLƏCƏKSİZ GƏLƏCƏYƏ” getmək deməkdir.

Doğudakı bütün “gələcəksiz gələcəkli”, özünəyetərsiz islam cəmiyyətlərindən daha təpərli olması ilə fərqlənən Azərbaycan avropalaşmağa məhkumdur. Avropa coğrafi bir ərazi, siyasi-inzibati bölgü, hətta “normativ güc” deyil.

“Avropa” dediyimiz məntiqdir, iradədir, identifikasiyadır.

Çoxları hesab edir ki, Avropa antik yunan kültürünün, Roma hüququnun və siyasi mirasının, xristianlığın sintezindən yoğrulub, Habermasın elan etdiyi “konstitutsional vətənpərvərlik” düşüncəsi ilə inkişaf etməkdədir.

Avropanın özünün “avropalaşması”nın tarixi belə səhifələnə bilər.

1) 16-cı əsrin başlanğıcına qədər varlığını təhdid edən ötəkilərin (ərəblər, türklər) sayəsində Avropa özünü kəşf etdi.

2) 1500-1850-ci illərdə “ön-avropalılaşma” dönəmində dəniz yollarının kəşfi ilə düşüncənin inkişafı, maddi zənginlik arayışları iqtisadi və texnoloji üstünlük yaratmaqla bərabər, “dışa yönəlik” kimlik doğurdu.

3) 1850-1914 cü illəri əhatə edən dövrdə maddi qaynaqlar axtarışı və müstəmləkələrə ideya ixracı “Avropa fərqini” ekonomik, siyasi və mədəni müstəvilərdə qətiləşdirdi.

4) 1919-da Avropa yenidən daxilə döndü, özünü yenilədi, imperial fikirlərdən uzaqlaşaraq liberal demokratik dəyərləri ali məqsədə çevirdi.

5) 1949-cu ildən başlayaraq “AB”-ləşmə sürəci başladı, Avropa böyüməyə və liberal dəyərləri dünyaya yaymağa çalışdı.

Doğrudan da, günümüzdə avropalı kimliyini formalaşdıran ən köklü dəyər fərdə hər cür qan, inanc, mülkiyyət və doğum yeri bağlarının fövqündə, ləyaqət və düşüncə sahibi kimi yanaşmadır.

Bəli, Avropa müxtəlifliklərin birliyi deməkdir, ancaq “kollektiv kimlik” inşası 2004-cü ildən sonra- doğuya genişlənmə siyasəti ilə yeni məzmun qazanıb.

Bu aşamada “Avropa mədəniyyəti kimliyi” ilə “Avropa inteqrasiya kimliyi” toqquşur və ziddiyətlərin “məntiqin lehinə” çözümü Azərbaycan kimi ölkələrin identifikasiyalaşma prosesinin uğurla başa çatması üçün əsas şərtdir.

Avropa ənənələrin deyil, iradənin bərqərar etdiyi məkandır (misal: referendumların təşkili) və bu məkanı Azərbaycan ancaq və ancaq anti-profan xarakteri, çağdaşlaşma üçün ortaya qoyduğu toplumsal iradə ilə genişləndirə bilər.

“Eurovision-2012”-dəki bütün zəngulələr o iradənin daha bir dəfə, daha qəti şəkildə ortaya qoyulması üçün bir zəng idi…

Xəbər lenti

DAHA ÇOX XƏBƏR