Yeni mövsümə köhnə qaydalarla – şadlıq sarayları öz şərtlərini diktə edir
Bizi izləyin

Qırmızı.az

Yeni mövsümə köhnə qaydalarla – şadlıq sarayları öz şərtlərini diktə edir

Məhərrəm ayı artıq bir neçə gündür başa çatıb. Bu səbəbdən də şadlıq sarayları yeni toy mövsümünə start veriblər. Təmirini başa vurmuş, növbəti mövsümə hazır olan bütün şadlıq evləri müştərilərin şənlik məclisləri sifarişlərini qəbul edirlər. Bəzi kütləvi informasiya vasitələrinin müvafiq dövlət orqanlarına istinadən bir neçə gün bundan əvvəl yaydıqları məlumatlarda şənlik məclisləri ilə bağlı yeni qaydaların tətbiq ediləcəyi, buna müvafiq yoxlamaların keçiriləcəyi bildirilirdi. O da vurğulanırdı ki, yaxın günlərdən etibarən toy islahatlarının daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulub.

Müəyyənləşdirilmiş tələblərə, habelə qanuna görə, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır.

“İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanunda təsbit olunub ki, şənlik məclisi təşkil etmək istəyənlər hüquqlarının qorunması məqsidilə məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl ona obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş menyu təqdim edilməlidir. Menyuda göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmalıdır.

Məclis sahibi özünün qonaqlara təqdim etmək istədiyi yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyi malların daxil edilməsinə, məclisdə qonaqlara təqdim etmək istədiyi yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılması səlahiyyətlərinə malikdir. Amma təəssüf ki, fəaliyyəti haqda araşdırma apardığımız şadlıq saraylarının nəinki bu qaydalara riayət etmədikləri məlum oldu, hətta onlardan bəzilərinin sifarişçilərə öz şərtlərini diktə etmələri üzə çıxdı.

Publika.az-ın araşdırmaları zamanı məlum oldu ki, şadlıq evləri hələ də köhnə qaydalarla işləyir, israfçılığa yol verərək, standart menyunu ləğv etmirlər. Görünür, elə bu və digər səbəblərə görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları paytaxtdakı şadlıq saraylarında məhsulların keyfiyyətinin yoxlanılması ilə bağlı monitorinqlər aparır. Komitə müasir standartlara uyğun maşın alıb. Həmin maşın paytaxtdakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlamağa imkan verir.

“Müqavilədən kənar xidmətin tələb kimi qoyulması qanunsuzdur”

İqtisadiyyat və Sənaye Naziriyini mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bununla bağlı xatırlatma məktubunu yaydıqlarını vurğulayaraq bildirdi ki, nazirliyin əsas məqsədi şənlik məclisi sifariş edənlərin istehlakçı hüquqlarının nədən ibarət olması ilə tanış olmasıdır: “Şadlıq evlərində işləyənlər də istehlakçı hüquqlarının nədən ibarət olduğunu bilməlidirlər. Ən vacib sənəd müqavilədir. Toy sahibi ilə şadlıq sarayının rəhbərliyi arasında müqavilə imzalanmalıdır. Sənədi tələb etmək sifarişçinin hüququdur. Xidmətlər qarşılıqlı razılaşma əsasında, müqaviləyə uyğun şəkildə tənzimlənir. Müqavilədən kənar təklifi qəbul etməmək də istehlakçının hüququdur”.

Onun sözlərinə görə, seçim istehlakçının hüququdur: “İstehlakçı xidmət növlərini seçəndən sonra tərəflər arasında müqavilə bağlanmalıdır. İstehlakçının əlində sənəd olur ki, şadlıq sarayı ona bu sənəddə qeyd olunan xidmətləri göstərməlidir. Həmin xidmətlərə görə müqavilədə müəyyənləşdirilmiş xidmət haqqını almalıdır. Müqavilədən kənar olan xidmətin tələb kimi qoyulması qanunsuzdur. Şadlıq sarayının rəhbəri, məsələn, müqavilədə göstərilmiş üç yemək növündən ikisini verirsə, bu da qanunsuzdur. Tərəflər arasında razılaşmalar müqavilə ilə tənzimlənməlidir. Tutaq ki, istehlakçı üç növ yeməyi istəyir, lakin şadlıq sarayı dördüncü yeməyi də tələb kimi qoyursa, bu, qanunsuzdur. Yaxud müqavilədəki xidmətdən hansısa göstərilmirsə, bu da qanunsuzdur. Məclis sahibləri müqavilə imzaladıqda onların iddia qaldırmağa ixtiyarları da olur. Bu, artıq tərəflər arasında hüquqi sənəddir”.

“Menyudan heç nə çıxarmırıq”

Binəqədı rayonu ərazisində yerləşən “Azəri” şadlıq sarayında köhnə qaydalar hələ də qüvvədədir. Şadlıq sarayının inzibatçısı bildirdi ki, bir toy masasının qiyməti 27 manatdır. “Azəri” şadlıq sarayı yeməklərinin menyusundan heç nə çıxarmır. Sifarişçilər menyudan hansısa yeməyin çıxrılmasına nail ola bilməzlər.

Şənlik məclisinin sifarişçisinin menyuya dəyişiklik etmək imkanından məhrum olması bir yana, burda heç toy sahibi ilə müqavilə bağlamaq da yada düşmür.

Müqavilə imzalamaq yada düşmür

“Kəmalə-Nərmin” şadlıq evində bir toy masasının minimal qiyməti 27-31 manatdır. Bu şadlıq sarayının rəhbərliyi də “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanunda təsbit olunmuş sifarişçilərin özlərinin qonaqlara təqdim etmək istədiyi yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyi malların daxil edilməsindən xəbərdardırlar. Şadlıq sarayının inzibatçısı bildirdi ki, şənlik məclislərini burada keçirmək istəyən müştərilər “Kəmalə-Nərmin”in menyusunda qeyd olunmuş yeməklərin siyahısında dəyişiklik edə bilərlər.Yəni menyudan nəsə çıxarmaq mümkündür. Amma çox az yemək növlərini. Şadlıq sarayı yalnız toy sifarişçinin istəyindən sonra onunla müqavilə bağlamağı yada salır.

“Ancaq çüzi dəyişiklik edə bilərik”

“Oğuz Xan” şadlıq evində bir toy masasının minimal qiyməti 27 manatdan başlayaraq 32 manata qədər dəyişir. Menyuya dəyişiklik çox cüzidir. Spirtli içkilərdən hansısa birini menyudan çıxara bilərsən. Bu, qiymətlərə çox az təsir edir – 2-3 manat. Lakin sifarişçi yeməklərdən hansısa birinin menyudan çıxara bilməz.

Bütün bunlar onu deməyə əsas verir ki, bir sıra şadlıq sarayları “siz hansı havanı çalırsınızsa çalın, biz öz mahnımızı oynayacağıq” deyə köhnə qaydalarla işləyirlər. Şübhəsiz ki, tərəflər arasında müqavilənin imzalanması, menyuya dəyişiklik məsələlərində vətəndaşlar – sifarişçilər də maraqlı və fəal olmalıdırlar.

Toy məclislərin təşkili zamanı hüquqları pozulan vətəndaşlar şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə nazirliyin telefon məlumat mərkəzinə müraciət edə bilərlər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm