• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BSU Ural Federal Universitetində Azərbaycanşünaslıq Mərkəzi açdı

BSU Ural Federal Universitetində Azərbaycanşünaslıq Mərkəzi açdı

Rusiya Federasiyasının birinci prezidenti B.Yeltsin adına Ural Federal Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

BSU-dan Publika.Az-a verilən xəbərə görə, Mərkəz 2012-ci ildə BSU-nun rektoru K.M.Abdullayev və UrFU-nun rektoru V.A.Koşkarov tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq fəaliyyətə başlayıb.

Sverdlovsk vilayətinin paytaxtı Yekaterinburq şəhərinin mərkəzində, UrFU-nun Sosial və Siyasi Elmlər İnstitutunun binasında yerləşən Azərbaycanşünaslıq Mərkəzinin açılışında Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, həmin İnstitutun direktoru prof. M.B.Xomyakov, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru prof. A.A.Hacıyev və tərbiyə işləri üzrə prorektoru dos. O.Ə.Səmədov, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulları M.İ.Əhmədov və İ.F.İskəndərov, Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.M.Şıxlinski, Sverdlovsk vilayətinin qubernatoru yanında Millətlər İşləri üzrə Məşvərət Şurasının üzvü və işçi qrupunun rəhbəri N.F.Tümenseva, Ukrayna, Tacikistan, Gürcüstan və Başqırdıstan milli icmaları regional şuralarının sədrləri, Sverdlovsk vilayəti ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan dili tədris olunan V.N.Tatişev adına 108 saylı gimnaziyanın müəllim və şagirdləri iştirak ediblər.

BSU-nun prorektoru A.Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan Universitetinin rektoru prof. K.M.Abdullayevin adından salamlayaraq onun təbriklərini Ural Federal Universitetinin rəhbərliyinə və mərasimə dəvət olunmuş qonaqlara çatdırıb.

Qeyd edilib ki, Bakı Slavyan Universiteti fəaliyyətə başlayan Mərkəzə xüsusi diqqətlə yanaşmış, onu Azərbaycan Respublikasının dövlət atributları ilə, elmi və tədris ədəbiyyatı, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair məlumatlarla, müasir texniki avadanlıqla təmin edib. Gələcəkdə Mərkəz vasitəsilə universitetlər arasında müəllim və tələbə mübadiləsinə, birgə elmi araşdırmalara, müştərək layihələrin gerçəkləşməsinə xüsusi önəm veriləcək.

UrFU-nun Sosial və Siyasi Elmlər İnstitutunun direktoru prof. M.B.Xomyakov BSU tərəfindən və Ümumrusiya Azərbaycan Konqresinin fəal iştirakı ilə yaradılan Azərbaycanşünaslıq Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əmin olduğunu bildirib. Onun BSU tərəfindən qısa bir müddətdə tərtib edilərək Azərbaycana maraq göstərən rusiyalı tədqiqtçıların və tələbələrin istifadəsinə verilməsini yüksək qiymətləndirib.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulu İ.F.İskəndərov və Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.M.Şıxlinski Ural Federal Universitetində fəaliyyətə başlayan Azərbaycanşünaslıq Mərkəzinə gələcək elmi araşdırmalarda uğurlar diləyiblər. Açılış mərasiminin yüksək səviyyədə təşkili və keçirilməsi Mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ və tədqiq edən müasir tədris məkanına və maraqlı mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR