Atasının əlil arabasına məhkum etdiyi qız, qəbiristanlıqda yatan uşaq - Küçə uşaqlarının həyat hekayələri - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Atasının əlil arabasına məhkum etdiyi qız, qəbiristanlıqda yatan uşaq - Küçə uşaqlarının həyat hekayələri - FOTOLAR

Soyuq havada, qarın, yağışın altında küçədə qalmısınız? Soyuq iliyinizə işləyərkən gedəcək yeriniz olmamasını bilmək necə hissdir, təsəvvürünüz var? Yeganə paltarınız suya batmasın deyə kağız evlər düzəltmisiniz? Düzəltdiyiniz bu evlər gözünüzün qarşısında islanıb məhv olub? Kağız evdə yaşamaq necə çətindir, bilirsiniz? Soyuq havada, qar yağanda gecə küçədə qalsanız, nə edərsiniz?

Bu barədə düşünmüşünüz? Düşüncəsi belə məni üşütdü. Görəsən, bu cür həyat yaşamaq necə çətindir? Bilmirəm. Təsəvvürüm yoxdur. Amma yaşda sizdən, məndən balaca olan bu uşaqlar çox yaxşı bilir bu sualların cavabını. Çünki bu suallara cavab tapmaq onların həyatının, həyatda qalmalarının əsas qayəsidir.

Hər biri fərqli hekayənin qəhrəmanı, fərqli düşüncələrin sahibidir. Amma dostluq, sevgi barədə fikirləri oxşardır.

Onlardan “dost nədir?” soruşsanız, cavab belə olacaq

“Dost odur ki, polis dostunu tutmaq istəyəndə o, polisin başını qatsın ki, dostu qaça bilsin”.

Onlar küçə uşaqlarıdır. Hər gün rastlaşdığımız, pul verib yanlarından keçdiyimiz küçə uşaqları, yaşadıqları həyat onların məntiqini bu cür inkişaf etdirib. Küçədə qalma səbəbləri, xarakterləri fərqlidir. Kimi valideynləri ayrıldığı, kimi anası əxlaqsızlıqla məşğul olduğu, kimi də ögey ata və ananın təzyiqindən xilas olmaq üçün küçədə yaşayır.

Qəbiristanlıqda gecələyən uşaq

Amma xilas yolları var. Bakıda küçə uşaqlarının sığına biləcəyi bir neçə mərkəz var. Son 17 ildə 3 mindən çox uşağın pənah gətirdiyi “Ümid yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi də onlardan biridir.

Atası, anası tərəfindən döyülən, yaxınlarının imtina etdiyi uşaqlar bu sığınacaqlarda yaşayır. Burada kimlər yaşamayıb ki, maşında gecələyən, anası ilə bomj həyatı yaşayan uşaq, səhərə qədər qəbiristanlıqda ölmüş anasının qoynunda yatan, səhər mollalar tərəfindən təsadüfən aşkar edilmiş qız, atasının döyərək ayağını sındırdığı qız, qaraçı ailənin diləndirdiyi oğlan. Onların taleləri ilə yazı boyunca tanış olacaqsınız. Əlbəttə, yazıdakı bütün adlar şərtidir.

Uşaqları mərkəzə gətirməyin sirri

Əvvəllər “Nizami Gəncəvi” metrostansiyası yaxınlığında yerləşən sığınacaq bir müddətdir, ünvanını dəyişib. Daha rahat, ev mühiti yaradılan yeni sığınacaq Binə qəsəbəsində yerləşir. Mərkəzdən xeyli kənarda yerləşən sığınacağa çatmaq asan olmadı.

Biz sığınacağa çatanda məktəbyaşlı uşaqlar dərsdə idi. Qalanları isə oyun oynayır, söhbət edirdi. “Ümid yeri” Uşaq Sığınacağının təsisçisi Nigar Mənsimli hələ mərkəzdə deyildi. Bu məqamda boş dayanmayıb mərkəzdə ora-bura qaçan uşaqlarla ayaqüstü söhbət edirik. Yaşadıqlarından xəbərsiz olan bu uşaqların hər biri məhv olmuş ailələrin uşaqlarıdır.

Uşaqlarla söhbət edərkən bizə uşaqların “baba”sı yaxınlaşır. Uşaqların “baba” deyə müraciət etdiyi Şahin müəllimlə onların mərkəzə necə cəlb olunmasından danışırıq. Öyrənirik ki, bu heç də asan proses deyil. Şahin müəllim küçədəki uşaqlarla birbaşa münasibətdə olub. Bəzi günlər onlarla birlikdə küçədə qalıb. İlk vaxtlar onları sığınacağa gətirmək heç də asan olmayıb. Amma müsahibimin öz üsulu var.

“Uşaqlar mənim buranın işçisi olduğumu bilmir. Onlar elə bilir ki, mən də onlar kimi küçədən gəlmişəm. Uşaqları cəlb etmək üçün onlara sevgi ilə yanaşmaq lazımdır. Hər kəsin, ən çox da uşaqların sevgiyə ehtiyacı var. Amma məndən həmin uşaqların taleyi barədə soruşmayın. Çünki danışmaq çox çətindir. Sadəcə, bilin ki, uşaqlar anaların əxlaqsızlığının qurbanıdır. Onların 99%-i həyatdan nə istədiyini bilmir. Amma onların ağlı çox çevikdir. Sadəcə, onları kəşf etmək lazımdır”.

“Allaha dua edirdim ki, məni öldürsün”

Buradakı uşaqların hamısı travmalıdır. Atalarından nifrət etsələr də, analarına qarşı daha mərhəmətlidirlər. Çünki analarının səfil həyatı yaşamalarında günahın atalarında olduğunu düşünürlər.

12 yaşlı Rauf iki bacısı ilə birlikdə burada qalır. Ailəsinin maddi imkanı olmadığına görə ancaq birinci sinfi oxuya bilib. Bir ildən çoxdur buradadır. Rauf və bacılarının bu sığınacağa düşməsinə səbəb atalarının içki düşkünü olmasıdır.

“Atam fəhlə işləyirdi. Hər gün içki içirdi, anamı döyürdü. Anamın işləməsinə razı olmurdu, amma anam bizim üçün işləyirdi. Çünki atam qazandığı pulun hamısını içkiyə verirdi. Allaha hər gün dua edirdim ki, atam içməsin. Anamı döyəndə çox qorxurdum. Həmin gecələr Allaha yalvarırdım ki, məni öldürsün. Bir dəfə qardaşım atamı döydü, amma o, yenə də içirdi. Mən atama içməməsi üçün yalvarsam da, o, yenə içirdi. Axırda anam ondan boşandı. Biz yeddi uşağıq, mən bacılarımla burada qalıram. Bir bacım evlənib, bir qardaşım atamla qalır, ikisi də anamın yanındadır. Anamın qaldığı ev çox balacadır, hamımız qala bilmirik. Anamın maaşı da azdır. Bir gün çox pulu olanda bizi yanına aparacaq. İstəyirəm ki, atam içməsin, anamla birlikdə hamımız bir evdə qalaq. Bunun üçün dua edirəm, bəlkə, oldu”.

Anasının, bacısının sonuncu dəfə nə vaxt yanına gəldiyini unudan balaca müsahibim, rəssam olmaq istəyir. O heç vaxt içki içməyəcəyini, uşaqlarına yaxşı ata olacağını deyir. Raufdan sonuncu dəfə ən çox xoşbəxt olduğu günü soruram. Fikirləşir, “atamın içmədiyi günlər” deyir və gözləri dolur. Burda söhbəti bitirməyin vaxtıdır.

Veriliş redaktorluğundan bit-sirkə təmizləməyə gedən yol

Elə bu məqamda Nigar xanım gəlir. Gələn kimi işçilər onu sual yağışına tutsa da, bizə vaxt ayıra bilir. Nigar xanıma gördüklərimiz və eşitdiklərimizin bizdə yaratdığı sualla müraciət edirik sığınacaq ideyası necə yarandı?

Öyrənirik ki, müsahibim AzTV-də ictimai-siyasi proqramlar baş redaksiyasında böyük redaktor, “Biznes Klub” adlı verilişin aparıcısı olub. Xarici iş adamlarının ölkəmizə yeni-yeni gəldiyi vaxtda bu verilişdə onların reklamını təşkil edib. Bir gün bu iş adamlarının tədbirindən qayıdarkən gecə bulvarda oturacaqların üzərində bir-birinə sığınıb oturan uşaqları görüb.

“O vaxta qədər dilənən uşaqların küçədə qaldığını bilmirdim. Onlara yaxınlaşıb söhbət etdim və onlardan bir süjet hazırladıq. Söhbət çox maraqlı idi. Onlar ancaq bağça uşaqlarının bildikləri şeir və mahnıları bilirdilər. Uşaqlardan biri Lənkərandan olan 7 yaşlı Kamilə evə aparmağı, ona paltar almağı təklif etdim. Amma o, bunu qəbul etmədi. “Əgər bütün dostlarımı aparsan, onda səninlə gələrəm” dedi. Onun bu təklifi məndə sığınacaq ideyasını yaratdı. Küçə uşaqlarını o həyatdan xilas etmək üçün bir sığınacaq lazım idi. Sığınacağı yaratdıq, daha sonra bulvarda gəzib söhbət etdiyim həmin uşaqları axtardım, ancaq birini tapdım. Amma bu ideyanı mənə verən, 3 minə qədər uşağın küçə həyatından xilas olmasına kömək edən Kamili tapa bilmədim. Qərar vermişəm, “Səni axtarıram”a çıxım, bəlkə, bu yolla taparam. Sizin vasitənizlə də ona səslənirəm”.

Müsahibim deyir ki, bu işə başlayanda ona qarşı çıxanlar da olub.

“Bu işə başlamaq üçün televiziyadakı işimdən imtina etməli idim. Nizami Xudiyev iki dəfə ərizəmi cırdı. Amma mən yenə də ərizə yazıb, işdən ayrıldım. Bir müddət televiziyada işlərimi davam etdirdim, amma sonra tamamilə əlaqəmi kəsdim. Ən böyük arzum olan jurnalistikadan uşaqlar üçün imtina etdim. Təkcə arzumdan, müəyyən vəzifədən yox, həm də həmin dövr üçün heç də az olmayan maddi imkandan əl çəkdim. Rəfiqələrim mənə irad tuturdular ki, “gül kimi işini qoyub, bitli-sirkəli küçə uşaqlarını saxlamaqla məşğul olma”.

Mərkəzin maddi təminatı

İdeya, məqsəd xoş olsa da, həyatın hər bir üzünü görmüş küçə uşaqlarını inandırmaq, onları sığınacağa gətirmək ilk illər asan olmayıb.

“İlk vaxtlar qardaşımla birlikdə gecələr bulvara, avtovağzallara gedirdik. Uşaqlarla söhbət edib, onları burada gəlib qalmağa razı salırdıq. Bir dəfə yoldaşımla “Gənclik” metrosu yaxınlığından Vüsal adlı uşaq gətirdik. Qarlı havada küçədə kağız qutuların içində yatmışdı. İlk dəfə idi ki, bir uşağı güclə maşına salıb gətirdik. Onu orada qoya bilməzdik. Yolda yoldaşım çox əsəbiləşdi, maşını açıb uşağı düşürmək istədi. Amma onu mərkəzə gətirdik, sonra bizə təşəkkür elədi. Bir neçə il burada qaldı. Ögey atası pis davrandığına görə evdən qaçmışdı. İndi hərbi xidmətdən gəlib, filmlərdə kaskadyor olmaq istəyir”.

Əvvəllər özləri reydlərə çıxsa da, sonradan bütün küçə uşaqları mərkəzi tanıyıb. Artıq kimin isti yerə, yatmağa, paltara ehtiyacı olarsa, bu mərkəzə gəlir.

Bu qədər uşağı tərbiyə etmək qədər, onların maddi ehtiyaclarını təmin etmək də çətin olmalıdır. Müsahibim isə deyir ki, sığınacağın ac, maddi təminata ehtiyacı olduğu dövr olmayıb.

“Bu işə başlayana qədər bir verilişdən həftədə min dollar qazanırdım. Bu məbləğ əməkdaşlar arasında bölünürdü, amma mənə az pul qalmırdı. Həmçinin ilk dəfə yerli məhsulların reklamını da mən çəkmişəm. Bu işlərdən qazancımın əsas hissəsini bu sığınacağa ayırırdım. Bura heç vaxt qazanc yeri kimi baxmamışam, zaman keçdikcə anladım ki, pul qazanmaq da olar. İndi əsasən oğlum ehtiyaclarımızı qarşılayır. Könüllü yardım edənlər də az deyil”.

“Bizi aldadırlar”

Amma heç də hər kəs bura xoş məqsədlərlə gəlmir. Müsahibim belələrini ilk baxışda tanımağın çətin olduğunu deyir:

“Elə adamlar var ki, bura göstəriş üçün gəlirlər. İnsanlardan bizim adımıza ianələr toplayır, özləri mənimsəyir. Belə hallarla çox qarşılaşmışıq. Sonuncu dəfə 20 nəfərlik bir qrup uşaqlara hədiyyə gətirmək istədiklərini dedi, razılaşdıq. Böyük paketlərdə hədiyyələr gətirdilər. Video çəkilişlər oldu. Onlar gedəndən sonra baxdıq ki, rəngli, böyük paketlərin içində köhnə geyimlər, ayaqqabılardır”.

Daha sonra Nigar xanımın müşayiəti ilə sığınacağı gəzirik. Uşaqların oyun otaqlarına keçən kimi “Nigar ana” deyə hamısı onu qucaqlayır.

50 yerlik sığınacaqda 45 nəfər qalır. Onlar arasında uşaqlarla yanaşı, bir ailə, tək qadınlar da var. Boşanmış, ailəsinin imtina etdiyi qadınlar uşaqları ilə birlikdə bu sığınacağa pənah gətiriblər. Sığınacaqda olduğumuz zaman azyaşlı qızların qucağındakı balaca Sənan diqqətimizi çəkir. Bu uşaq anası ilə birlikdə burada yaşayır. O, ailə, ev mühiti görməyib. Anası sevdiyi oğlanla qaçdığına görə ailəsi ondan imtina edib. Sənan olanda atası və nənəsi anasını evdən qovub. Onlar da doğum evindən “Ümid evi”nə gəliblər. Anası burada işləyir.

Sarı qıvrım saçlı balaca Tanya qardaşı ilə birlikdə qalır. Atası onları atıb, anası isə içkiyə aludə olduğuna görə uşaqlar burada qalır. Biz sığınacaqda olanda da anası gəlmişdi. Amma uşaqlar analarına yaxınlaşmaq istəmir, ondan qaçırdılar. Tanya qardaşı olmadan anasının əlindən tutmurdu.

Atasının əlil arabasına məhkum etdiyi qız

18 yaşılı sığınacaq 3 mindən çox uşağı küçə həyatından xilas edib. Bir cümlədə ifadə olunan bu sayın əldə olunmasına böyük zəhmət çəkilib. Buradakı uşaqların hamısı travmalı, təhsildən kənarda qalmış, psixoloji və fiziki sağlamlığı bərbad vəziyyətdə olanlardır.

Uşaqların həyat hekayəsi kimi, psixoloji durumları, hadisələrə yanaşması da fərqlidir. Sığınacaqda uşaqların hər birinə fərdi yanaşma var.

Bura düşən uşaqlar nə qədər pis mühitdən gəlsə də, qısa zamanda mühitə uyğunlaşa bilir. Lakin uşaqlar gələn kimi digərləri ilə ünsiyyətdə olmur. İlk növbədə onlar tibbi müayinədən keçir. Xəstəlik aşkarlanmadığı halda, buradakı uşaqlarla bir yerdə yaşayırlar. Nigar xanım bura gələn uşaqların əksəriyyətində müxtəlif xəstəliklər olduğunu deyir:

“Onlar, əsasən, küçədən gəlirlər, xəstəlik olması normaldır. Leyla adlı bir qız bura əlil arabasında gətirilmişdi, üç dəfə əməliyyatdan sonra onun müəyyən qədər hərəkəti təmin edilib. Yenidən əməliyyat olunacaq. Onun əlil olma səbəbi atası idi. Leyla uşaq olanda narkoman atası təpiklə vurub omba sümüyünü sındırmışdı. Atası öləndən sonra anası onu bizim sığınacağa gətirmişdi. Yarası elə ağrı verirdi ki, qızın qışqırıq səsindən uşaqlar yata bilmirdi. Bu il məktəbə başladı, çətinliklə də olsa, özü gəzə bilir. Xüsusi diqqətə ehtiyacı olduğuna görə indi işçilərdən birinin evində qalır. Bacısı isə burada qalır”.

Balaca Səbinənin anası öləndən sonra bacısı və onun həyat yoldaşının himayəsində olub. Amma ən əzablı günləri bundan sonra başlayıb.

“Atası həbsxanada idi. O, ögey bacısı və onun həyat yoldaşı ilə birlikdə yaşayırdı. Ögey bacının əri onu diləndirirdi. Dilənmək istəmədiyinə görə evdə onu həmişə döyüblər. Bir gün intihar etmək istəyəndə təsadüfən qonşular xəbər tutub, polisə məlumat verib. Polis onu bizə gətirəndə o qədər arıq, cılız idi, gözlərində dəhşətli qorxu hiss olunurdu. Gəldiyi gün onu çimizdirmək istədik, lakin razı olmadı. Çünki ögey bacısının əri o qədər saçından tutub sürümüşdü ki, başı yara içində idi”.

Bir uşaq ailəyə qovuşdu

Sığınacaqdakı uşaqlar ömür boyu burada qalmır. Hər bir uşağa fərdi yanaşılır, lazım olanda uşaq evinə, ya da ailələrə verilir. Balaca Vüqar da bəxti gətirən uşaqlardandır.

“Jurnalist həmkarlarımızdan biri qaraçı ailəsində bir uşağa işgəncə verildiyini demişdi. Biz də Daxili İşlər Nazirliyinə məlumat verdik. Bir neçə saata Vüqarı bura gətirdilər. O, bura gələndə üz-gözü yaralı, başı bit-sirkə ilə dolu idi. Qaraçı ailəsi onu diləndirib, sonra da döyürmüş. Sığınacağın uşaqları rayonda istirahətdə olduqlarına görə, onu evimizə apardım. Gecə nağıl danışıb yatızdırdım. Zamanla uşaqla aramızda elə bağ yaranmışdı ki, onu övladlığa götürmək istəyirdim. Lakin bir gün Təhsil Nazirliyinin xətti ilə bir ailə müraciət etdi. Həmin uşağı övladlığa götürdü. Onlar uşaqla elə danışdılar ki, guya o, həqiqətən onların uşağıdır, uşaq vaxtı itiriblər. Bu nağıla onu inandırdılar. Uşaq həqiqətən onları öz valideyni hesab edir. Ondan ayrılmaq çox çətin oldu. Hər ay ona baş çəkirdim, görməyəndə çox darıxırdım”.

Sığınacağa işçilər seçmək asan deyil. İşçilər əsasən tanış və etibar olunan şəxslərdən seçilir.

Uşaqların yeni məkana gəlməsinin çətinliyinə gəldikdə, Nigar xanım küçədəki uşaqlardan xəbərsiz olduqlarını deyir. İndi uşaqların sayı çarpayı sayına uyğundur. İndi əvvəlki kimi küçədə reydlərə getmirlər.

Mərkəzdəki uşaqların əsas problemi sənədlərinin olmamasıdır. Müsahibim deyir ki, hazırda uşaqların gələcəyi üçün qrup evlərinin tikilməsi planlaşdırılır.

Söhbət edə-edə uşaqların rəsm, tədris, yataq otaqlarını gəzirik. Müxtəlif səbəblərdən məktəbə gedə bilməyən uşaqlar da dərsdə idi. Ofeliya Həsənova müxtəlif yaş qruplarında olan bu uşaqları məktəbə hazırlayır. 45 illik təcrübəsində öyrəndiyi təlim metodlarını yeni üsullarla birlikdə tətbiq edərək uşaqlara dərs keçir.

Artıq zəng vurulur, yemək saatıdır. Mətbəxdə onlar üçün hazırlanmış süfrə başına keçirlər. Mətbəxdə bir neçə dəqiqə onlarla birlikdə olub, narahat etməmək üçün mərkəzin digər otaqlarını gəzirik. Yataq, oyun otaqları xeyli səliqəlidir. Qızlar və uşaqlı analarla, oğlanların yatmaq yerləri fərqlidir.

Uşaqlar hələ dərsdən gəlməyib, Burada olanlar da dərsdədir. Sığınacaqda hərə öz işi ilə məşğuldur. Bura işləmək, uşağını müvəqqəti yerləşdirmək üçün gələnlər var.

Söhbətimizi burda bitirib sığınacaqdan ayrıldıq. Amma qısa müddətdə balacalarla dost ola bildik. Məsələn, 3 yaşlı Kamil getməyimizi istəmir.

Gülxar

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm