• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ramil Usubov alay rəisinə tapşırıq verdi

Ramil Usubov alay rəisinə tapşırıq verdi

Bu gün Çevik Polis Alayında 2014-cü il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Publika.az DİN-nin rəsmi saytına istinadən məlumat verib.

Tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əməliyyat müşavirəsini açan nazir Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Çevik Polis Alayının peşəkarlıq və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş istənilən vəzifəni layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində böyük rol oynadığını qeyd edib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, əsas diqqət vətəndaşların üzləşdikləri problemlərin operativ həllinə, xidmətin əməliyyat şəraitinin təhlili əsasında qurulmasına, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, nizam-intizamının gücləndirilməsinə yönəldib. Həvalə olunmuş vəzifələrin effektli yerinə yetirilməsi üçün paytaxtın küçələrində və digər ictimai yerlərdə cinayət və hadisələrin dinamikası mütəmadi izlənilib, Bakı şəhər Baş Polis İdarəsi ilə birgə vahid dislokasiya planları tərtib olunaraq icra edilib. Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı da asayiş nümunəvi qorunub, DİN rəhbərliyinin tapşırığına əsasən, bu sahəyə cəlb edilən qadın əməkdaşlar da xidməti vəzifələri layiqincə yerinə yetiriblər.

Qeyd olunub ki, 2014-cü ildə inzibati hüquqpozmalarla bağlı patrul bölükləri tərəfindən 25.816 nəfər saxlanılaraq qanunauyğun tədbirlərin görülməsi üçün ərazi polis orqanlarına təhvil verilib. Onlardan 633-ü müxtəlif cinayət, o cümlədən 170-i xuliqanlıq, 18-i dələduzluq, 143-ü narkotik vasitələri qanunsuz saxlayan və satan, 183-ü oğurluq, 18-i soyğunçuluq törətmiş, 78-i axtarılan şəxslər olub. 2013-cü illə müqayisədə aşkarlanmış cinayətlərin sayı 17 faiz çox olub. Rəhbərliyin tapşırığına əsasən, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması üzrə keçirilən tədbirlərlə inzibati xətalar törətmiş 2 618 nəfər barəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi təmin edilib.

Bildirilib ki, I Avropa yay oyunlarına hazırlıq çərçivəsində 500 əməkdaş intensiv ingilis dili kurslarına cəlb olunub və yekun imtahanlarının nəticələri mütəxəssislər tərəfindən qənaətbəxş qiymətləndirilib. Bütövlükdə şəxsi heyətin xidməti hazırlığının artırılması, ekstremal şəraitdə adekvat qərar qəbul etmək bacarığına malik olması, fiziki qüvvənin, xüsusi vasitələrin qanunla müəyyən edilmiş hallarda tətbiqini mükəmməl bilməsi üçün lazımı işlər aparılıb.

Müşavirəyə yekun vuran daxili işlər naziri ÇPA-nın şəxsi heyətinin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyyələrirni verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.

General-polkovnik Ramil Usubov paytaxtın ictimai yerlərində baş verən cinayətlərin sayının az da olsa artması baxımından, qüvvə və vasitələrin səmərəli idarə olunmasının, qeydə alınmış cinayətlərin təhlil edilməsinin, hər bir əməkdaşın təhkim olunmuş xidməti ərazinin əməliyyat şəraitini dərindən bilməsinin vacibliyini qeyd edib.

O, Alay rəhbərliyindən əməkdaşların fiziki və döyüş hazırlığının yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, xidmətdə yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, bu ilin yayında keçiriləcək I Avropa Olimpiya Oyunları ilə bağlı qarşıya qoyulmuş tapşırıqların, o cümlədən təhlükəsizliyin təmin edilməsi, obyektlərin mühafizəsi, nəzarət-buraxılış işinin həyata keçirilməsi funksiyalarının yüksək səviyyədə yerinə yetirilməsinə, əməkdaşların xarici dil kurslarına göndərilməsi üzrə işlərin davam etdirilməsinə nəzarəti daha da artırmağı tələb edib.

Qeyd olunub ki, əməkdaşlar qanunla təsbit olunmuş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməlidir. Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığı, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu vurğulanıb.

Daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, Çevik Polis Alayının əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, əldə edilmiş uğurlardan arxayınlaşmayaraq xalqa, dövlətə daim ləyaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaqlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR