Qatarda zorlanan, 7 ay “KPZ”-də saxlanılan, tövlədə yatan ukraynalı qadının Bakı macərası – ŞOK FAKTLAR
Bizi izləyin

Qırmızı.az

Qatarda zorlanan, 7 ay “KPZ”-də saxlanılan, tövlədə yatan ukraynalı qadının Bakı macərası – ŞOK FAKTLAR

Elə adamlar var ki, onların həyatda bəxti gətirdikləri yeganə şey bu dünyada doğulmalarıdır. Ən pis olan isə həyatın səni öz istədiyi vaxtda, öz istədiyi kimi böyütməsidir. Məsələn, 20 yaşında 50 yaşına qədər böyüyürsən, sən oyuncaqlarla oynamalı olduğun halda, həyat səninlə oynayır, həm də çox sərt oynayır. Çoxumuz dayanacaqda avtobusu 5 dəqiqə artıq gözləməyimizi, mağazada istədiyimiz əşyanı tapmamağımızı da bəxtsizlik kimi qəbul edirik, hər şeydən küsürük. Amma bu yazını oxuyandan sonra insan həyatının bir səhv gedişlə nə qədər alt-üst olmasının mümkünlüyünü görəcəksiniz.

41 yaşlı Natalya Şerşneva Mixaylovna “Təmiz Dünya” İctimai Birliyinin sığınacağında müvəqqəti yaşayır. Sənədləri hazırlandıqdan sonra vətəni Ukraynaya gedəcək. 23 il Bakıda yaşayan bu qadını paytaxtımıza hansı təsadüf gətirib? Zorlanmadan tutmuş ən müxtəlif işgəncələrə məruz qalan, gəncliyi məhv edilən bu qadının aldığı dərs və ən böyük arzusu nədir? Həyatın bütün çirkablarına buladığı bu insan hər şeyə yenidən başlaya biləcəkmi?

Qatarda zorlanma, Bakı və “KPZ”-də 7 ay…

“Ukraynanın Çerkask şəhərində Yura adlı bir kişi ilə tanış oldum. O vaxt mənim cəmi 18 yaşım var idi, onun isə 45. Mənə özünün biznesmen olduğunu, Bakının ona ikinci vətən olduğunu dedi. Təzə tanış olmuşduq. Mən lap romanlardakı kimi kor-koranə şəkildə onu sevirdim. Bir dəfə mənə dedi ki, işlə əlaqədar bir həftə Bakıda olacağam. Dedi, gəl səni də ora aparım, şəhəri gəzərsən, Bakı ilə tanış olarsan. Sonra səni evə ötürərəm. Hər şey mənə kinolardakı kimi romantik göründü. Yaşım da az idi, hər şeyi dərk edə bilmirdim. Bu təklif xoşuma gəldi, qəbul elədim. Elə həyatımın faciəsi də ondan başladı. Qatarda məni zorladı. Qışqıra da bilmədim, kim köməyimə gələcəkdi? Bundan sonra mən nəyə lazımam? Heç nə edə bilmədim...

Sonra Bakıya gəldik. Məni “28 May” metrosunun qarşısında vağzalda qoydu. Dedi ki, bilet alıb gəlirəm. Mən də dayanıb axşama kimi onu gözlədim. Müxtəlif şəhərlərdə olmuşdum o vaxta kimi: Orenburq, Yalta, Kiyev və s. Amma həmişə atam və anam yanımda olub, heç vaxt tək tanımadığım yerdə olmamışam. Bakı da böyük şəhərdir. O vaxt da paytaxtda komendant saatı idi. Saat 9-da hamı evdə olmalı idi. Mənə bir neçə nəfər silahlı yaxınlaşdı. Haralı olduğumu soruşdular. Sonra “KPZ”-yə apardılar və 7 ay məni orada saxladılar. Bütün bədənim göm-göy idi, hər gün döyürdülər. Bəlkə də, inanmazsınız, mənə orada it zülmü veriblər. İki barmağımı sındırıblar. Qaşımın üstündəki çapıq da döyülmənin izidir. Dəfələrlə haradan gəldiyimi, niyə gəldiyimi soruşurdular, mən də deyirdim. İnanmırdılar, yenə döyürdülər, zorlayırdılar, ağır formada təhqir edirdilər. Heç həmin yerin harada olduğunu bilmirəm. Orada nə gündə idim, öz-özümdən iyrənirdim. Həmin yerdə qaldığım müddətdə çimə də bilmirdim. Məni tualetə getməyə qoymurdular. Az qala sidik kisəm partlayırdı. Tualetə saçımdan tutub aparırdılar. Şillə, təpik vururdular, ağır sözlər deyirdilər, dilimə gətirməyə utanıram.

7 aydan sonra buraxdılar ki, get. Heç kimdən də soruşa bilmirdim ki, axı mən neyləmişəm, heç kimi öldürməmişəm, narkoman deyiləm. Bunu soruşanda ən ağır formada təhqir olunurdum.

Onlara özüm, anam, atam haqqında məlumat verdim, iş yerlərini göstərdim. Özümün də zavodda işlədiyimi dedim.

Məni buraxanda gedib rəisdən soruşdum ki, yaxşı, bəs mən hara gedim? Nə iş tapım? Məni ağır ifadələrlə təhqir elədi. Dedi ki, sənin kimi pozğunlar burada çoxdur. Get, rədd ol, gözümün qabağından. Bu şəhəri tərk elə.

“Mən də hamı kimi gəlinlik geyinməyi arzulayırdım...”

Ukraynada valideynlərim və bir qardaşım var idi. Onun indi 35 yaşı olar, məndən balaca idi. Valideynlərim harada olduğumu bilmirdilər. Bəlkə də, bilsəydilər, məni axtarıb tapardılar.

Heç bilmirdim ki, hara gedim. Nə gedəsi yerim var idi, nə də tanıdığım, qapısını döyəcəyim bir kimsəm. Ukraynada gül kimi işim var idi, bilmirəm niyə belə oldu. Elə bil qara pişik keçdi qabağımdan. Mən də hamı kimi gəlinlik geyinməyi arzu edirdim, gör başıma nələr gəldi...

Bakıda bir-bir qapıları döyürdüm. Heç hara olduğunu indi xatırlamıram da, deyəsən, Suraxanı idi. Çoxu məni ələ salırdı, lağ edirdi. Qapını açmırdılar, küçə qadını hesab edirdilər. Bir qapını döyüb bir dilim çörək istədim. Dedim ki, hər şey edə bilərəm, lap torpaq da belləyərəm, zibil təmizləyərəm, təki mənə bir parça çörək verin. Ev sahibəsi olan qoca qadın dedi ki, bizdə belə işlər görməyə ehtiyac yoxdur, gəl, sən də mənim qızım. Mənə bir qab şorba verdi. Elə bil heç vaxt ömrümdə o qədər xörək yeməmişdim. Onu yedim. Neçə ay idi ki, yalnız su və çörəkdən başqa heç nə yemirdim. Onda Allaha ürəkdən şükür elədim. Elə o vaxtdan da ürəyimdə arzu yarandı ki, müsəlman olum. İndi də nə qədər dua bilirəm, hamısını oxuyuram, Allaha hər gün dua edirəm.

Sonra mənə dedilər ki, bir-bir evləri gəzib iş axtara bilərsən. Yola düzəldim. O vaxt iş tapmaq da çətin idi. Ölkədə vəziyyət ağır idi, hər yer xüsusi təyinatlı polis dəstələri ilə dolu idi. Küçədə polis görəndə çox qorxurdum, 7 ay çəkdiyim zülm gözümün qabağına gəlirdi. Polisi görən kimi eynək taxırdım, elə gedirdim, özümü elə aparırdım ki, yiyəsiz və küçələrdə qalan olduğumu bilməsin.

“Tövlədə peyinin içində heyvanlarla birgə yatmışam”

O qədər zülm çəkmişəm ki, tövlədə peyinin içində, toyuqlarla, qoyunlarla bir yerdə yatmışam, su daşımışam, yer belləmişəm. Elə vaxtlar olub ki, küçələrdə soyuqda gecələmişəm. Geyinməyə paltarım olmayıb. O qədər peyinin içində yatmışdım ki, ayaqlarımda revmatizm yaranıb. O qədər ağır günlərim olub ki... Bax, əllərimdəki bu qabarlar da o vaxtdan qalıb.

Sonra mən Azərbaycanın rayonlarına getdim. Şəki, Mingəçevir, Kürdəmir, Şamaxı, Yevlax, Goranboy və digər rayonlarda olmuşam. Harada, kimin həyətində iş tapırdım, işləyirdim. Uşaqları çox istəyirəm, ürəyim gedir onlar üçün. Küçədə, avtobusda görəndə oynatmaq istəyirəm. Amma bəzən valideynlər uşaqlarını mənə yaxınlaşmağa qoymurdular. Uşaqlar özləri də mənimlə oynamağı xoşlayırdı. Qaldığım evlərdə onları gəzdirirdim, bütün günü onlarla oynayırdım. Amma bilmirəm niyəsə insanlar məndən qaçırdılar.

“7 manatlıq bileti mənə 50 manata satdılar”

Küçədə məni çox təhqir edirdilər, deyirdilər ki, bizdə də sənin kimilər doludu. Sən oğrusan. Hətta çomaqla da döyüblər məni. Kim mənə kömək edibsə, onun üçün Allaha dua edirəm. 2003-cü ildən Bakıdayam. Sizə bir şey danışım, insanlar mənə qarşı o qədər amansız olublar ki, hətta Yevlaxdan Bakıya gələrkən, sürücüyə 50 manat pul verdim. Puldan başım çıxmırdı, mən çox vaxt ancaq bir qarın çörəyə işləmişəm. Heç pulun dəyərindən xəbərim olmayıb. Ukraynadan gələndə rubl idi. Sürücü mənə 7 manatlıq bileti 50 manata verdi.

Möcüzə - “facebook”da tapılan sinif yoldaşı

Sonra “Yaşıl bazar”ın yaxınlığında bir qadınla tanış oldum. Ona kim olduğumu, başıma gələnləri danışdım. O, xeyriyyə fondunun rəhbəri idi. Mənə dedi ki, indi telefonla hər şey eləmək mümkündür. Çantasından böyük bir telefon çıxardı və “facebook”da mənim sinif yoldaşım Lenanı tapdı. Sonra zəng elədi və mən onunla danışdım. Mənim cavanlığımda belə şeylər yox idi, telefonla bir dəqiqəyə başqa bir ölkədə yaşayan adamı tapmaq... bu, mənə möcüzə kimi göründü. Rəfiqəmə hər şeyi başa saldım və o, məni görüb dəhşətə gəldi ki, “sən nə günə düşmüsən?” Lenaya dedim ki, məni axtarışa versinlər. Həmin parkda mənə kömək edən qadın səfirliyə müraciət etməyi məsləhət gördü və mənə bunun üçün pul verdi. Sonra taksiyə mindirib səfirliyə göndərdi. Məni səfirlikdə Boqdanov qəbul elədi. Bu, fevralın 4-də baş verib. Sonra səfirlikdən məni bura sığınacağa gətirdilər.

Mənim o vaxtdan Ukraynaya getməyə imkanım olmayıb. Ora mənim torpağımdı, əlbəttə, getmək istəyirəm. Bu 23 ili sənədsiz gəzib dolanmışam. Kəndlərdə, rayonlarda sənədsiz gəzmək daha asan idi, ona görə ora üz tutmuşdum. Bu 23 ildə hərə mənə bir cür yanaşıb, bəziləri başıma kül qoyub, bəzilərinin yazığı gəlib... Mən də onları başa düşürəm, özümü qınayıram. Amma bu da var ki, axı mən cinayətkar deyiləm, heç kimi öldürməmişəm. Heç bilmirəm niyə belə oldu... Belə tale heç kimə arzulamıram. Qaçqınlıq, həqiqətən də, çox pis şeydir. Qarşılaşdığım adamların çoxu mənə yardım etməkdən imtina edib. Həyat mənə hər şeyi öyrətdi. Bu illərdə ən çox gündəlik qazancım isə 5-10 manat olub.

Mənə səfirlikdən dedilər ki, səni Ukraynada axtarırlar. Bəlkə də, tapa bilsəm, Yuraya cinayət işi açıla bilər. Yəqin ki, indi onun 70-ə yaxın yaşı olar. Özünü görsəm, tanıyaram. Ona nifrət edirəm. İstəyərəm ki, ona cinayət işi açılsın. Çünki mənim həyatımı məhv edən o olub. O, məni zorlayıb. Ondan sonra kimə lazım idim ki? Kim mənimlə evlənərdi? Ondan sonra ailə də qurmadım. O işdən sonra kimə etibar edə bilərdim? İstəyərdim uşaqlarım olsun, amma belə oldu.

Mən əslində zəif insanam. Heç kimə şikayət edə bilmirəm. Özümü də bağışlaya bilmirəm. Bilirəm bu, yaxşı deyil, Allaha ağır gedər. Qoy Allah hamını öz bildiyi kimi eləsin. Mən insanları dininə görə ayırmıram. Müsəlman da, xristian da bir-birinə hörmət eləməlidir.

İndi namaz qılmağı öyrənirəm. Bu, ən böyük arzumdur. Gələcəkdə sahibsiz heyvanlarla bağlı fond təşkil etmək istəyirəm. Buna da çoxlu pul lazımdır, kimsə kömək etməlidir.

“Ukraynaya getsəm, valideynlərimin ayaqlarından öpəcəm...”

Anam sağ-salamatdır. Bunu dəqiq bilirəm. Çünki onu bilirəm ki, məni axtarışa o verib. Məndən başqa bir qardaşım var idi, onun indi 36 yaşı olmalıdır.

Hamıya arzum odur ki, valideynlərinin sözünə baxsınlar. Onların yanında olsunlar. Bir iş görməmişdən qabaq fikirləşsinlər. Heç kəsin mənim yaşadıqlarımı yaşamasını istəmirəm. Valideynin sözündən çıxmaq olmaz. Onlara hörmət etsinlər. Çox peşmanam. Ora gedən kimi ana-atamın ayaqlarından öpəcəm. Nahaq belə oldu.

Bir də onu demək istəyirəm ki, mən sizin milləti sevdim, amma hər yerdə pis adamlar da olur. Mənə çox sataşanlar olub, təhqir edənlər olub. Məni olduğum kimi anlayıb, başa düşəndə özümü xoşbəxt hiss edirəm.

23 il burada yaşayandan sonra Ukraynaya təzədən gedib öyrəşmək, yəqin ki, çətin olacaq. İnanıram ki, yaxşı olacaq. Təki sağlıq olsun. Bu qədər müsibətlərdən xilas oluram, demək, Allahdan ümid kəsilməz. Bircə ona sevinirəm ki, narkoman olmamışam, adam öldürməmişəm, içki içməmişəm”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm