Qəbiristanlığın diri sakinləri - sədəqə ilə dolanan ana və qızın faciəli həyatı - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Qəbiristanlığın diri sakinləri - sədəqə ilə dolanan ana və qızın faciəli həyatı - FOTOREPORTAJ

Onlar Lökbatan qəbiristanlığının azsaylı diri sakinlərindəndir. Əslən Xaçmaz rayonundan olan Nərgiz Xələfova qızı 13 yaşlı Mariya ilə artıq 4 ildir bu qəbiristanlığın bir küncündə yerləşən evə sığınıb. Əslində, buranı ev adlandırmaq bir az ədalətsiz olardı. Qəbirlərin arasında yerləşən ikigözlü bu daxmanın divarları və üstü heç suvanmayıb da. Yayda ilanların məskəni olan daxma qışda da çaqqalların daldalanacağıdır. Hansısa uzaq Somalidə və ya döyüşlər gedən Suriyada belə bir yerdə insanın yaşaması mümkün görünsə də, Azərbaycanda belə bir daxmanın yaşayış üçün istifadə olunması məni nə qədər təəccübləndirdi...

Bizi daxmanın girişində qarşılayan balaca küçüklər oldu. Yəqin ki, itlərin hürüşməsindən qonaq gəldiyini anlayan ev sahibəsi də həyətə çıxdı. İki marşrut dəyişib və 10 kilometrdən artıq piyada yol qət edərək çətinliklə, yarıdonmuş vəziyyətdə evə çatdığımızdan özümüzü tələsik içəri atdıq. Otaq kiçik və pəncərəsi olmayan yarıqaranlıq bir yer idi. Burada yaşamağın, həm də 4 il yaşamağın nə qədər mümkün olduğunu xəyalımda canlandırmağa çalışdım.

Publika.az qəbiristanlıqda yaşayan və dünya ilə əlaqəsi, demək olar ki, tamamən kəsilmiş müasir robinzonların həyatından reportajı təqdim edir.

Küçədə çarpayı və iki gecə...

Bizə tələsik çay süzən Nərgiz xanım dərdini elə girişsiz-filansız danışmağa başladı. Söhbət zamanı məlum oldu ki, Nərgiz Xələfova əvvəldən evsiz-eşiksiz olmayıb. Əvvəllər evi və bir neçə maşını olsa da, sonradan xəstəliyi üzündən əməliyyat olunan qadın bütün var-dövləti ilə yanaşı evini də itirib. Xaçmazın Bostançı kəndində 13 sot torpağı olsa da, orada ev tikməyə imkan tapmayıb. Onun sözlərinə görə, həmin torpağa heç 2 min manat pul verməzlər. Hətta satsa belə, o pulla ev tikmək mümkün deyil: “Kimsə ev tiksə, torpaqdan bir hissəsini verərdim, mənə də, özünə də 2 ev tiksin. Amma belə adam tapmadım. Satlığa da qoymuşam, alan olmayıb. Elə bir imkanlı qohumum da yoxdur, qardaşlarım hərdən kömək edirlər, bazarlıq edirlər. Onların da imkanları yoxdur”.

Bura yerləşəndə hamının onu qınadığını deyən Nərgiz Xələfovanın sözlərinə görə, əvvəlcə qəbiristanlığın yaxınlığında olan “katelni” deyilən binada kirayədə qalıb. Sonra həmin yerin sahibi Nazim Həsənov onları küçəyə atıb. Hətta əşyalarını toplamağa belə imkan verilməyib: “Nə qədər əşyalarımız, taxta-şalban, daş və s. tikinti materiallarımız var idi. Onları da qatıb buldozerin qabağına kürüyüb atdılar. Nə qədər yalvardım ki, mən qadınam, heç olmasa, mənə iki gün vaxt ver, bunları daşıyıb aparım. Sözümə baxmadı. O qədər materialla ev tikmək olardı. Mənə dedilər ki, ağlama, sızlama, sənə 4 min daş verərik. Lakin onu da eləmədilər...”

Bu hadisədən sonra çarpayısını küçəyə qoyaraq, bir-iki gün orada yatıb.

“Mənə dedi ki, sənə elə bir dərdə salacam ki, heç vaxt yadından çıxarmayacaqsan...”

Əvvəllər Binəqədi rayonunda evi olduğunu deyən qəbiristanlıq sakininin sözlərinə görə, vaxtilə həyat yoldaşı onlarla çox pis rəftar edib. İş o yerə çatıb ki, bir yerdə yaşamaq mümkün olmadığı üçün ayrılıblar: “Hər gün səhər işə gedəndə mənə deyirdi ki, səni elə bir dərdə salacam ki, heç vaxt çarəsini tapmayacaqsan. Qızlarıma görə çox qorxurdum, fikirləşirdim ki, mənim iki qızım var, ondan başqa nə dərdim ola bilər ki? İşə gedərkən yoldan geri qayıdırdım ki, birdən qızlarıma nəsə edər. Elə onun ucbatından da boşandım. Dedim ki, belə kişinin olmasındansa, olmaması yaxşıdır”.

N. Xələfovanın sözlərinə görə, yaxşı günündə yanında olanlar pis günündə qapısını döymürlər. Bu gün pulu yoxdur deyə maraqlanan da yoxdur. Qadının yeganə ümid yeri xeyirxah insanlardır. Ayağa qalxmaq üçün kömək istəyən qadın yaxşı insanların onun səsini eşidəcəyi ümidi ilə yaşayır.

“Mənim uşağım yaxşı oxuyur, əlaçıdır. Amma bu çətinliklər ucbatından məktəbə bir gün gedir, üç gün getmir. Səhər hava alaqaranlıq olur, qızım da məktəbə getməyə qorxur. Uşaqdı da, qorxudublar onu. Deyir ki, yolun qırağında ağ paltarlı adam görürəm. Yolda mühafizə işçiləri olanda onu itlərdən keçirirlər. Biz burada çox qorxuruq, xüsusən də gecələr. Qızımın dodağı qorxudan uçuqlayıb. Heç sağalır ki...”

Qəbiristanlıqda itlərin çoxluğunun biz də şahidi olduq. Çaqqallar daha çox gecələr olur. Nərgiz xanımın sözlərinə görə, burada o qədər çaqqal var ki, elə bil ərazidə əslində çaqqallar yaşayır, bu ailə isə onlardan müvəqqəti yer alıb. Yayda da ilan əlindən evdə oturmaq mümkün deyil. Onlardan əvvəl burada bir mollanın yaşadığını deyən qadının sözlərinə görə, indi yatdıqları otaqda həmin molla əvvəllər toyuq-cücə saxlayıb:

“Biz bura gələndə həmin molla bizdən bu yerə görə ayına 100 manat istədi. Dedim ki, axı buranı sən tikməmisən. Mənim imkanım olsa, gedib babat bir yerdə qalaram da... Mən köçəndə otaqların birinin üstü yox idi, onu mən özüm vurmuşam. Əvvəlcə taxta düzdüm, sonra üstünü torpaqladım. Hamısını özüm öz əllərimlə elədim. Bura da xəlvətcə gəlib yığışmışam”.

Nərgiz xanım danışa-danışa bizə ilanların düşdüyü yeri də göstərdi. İlanlar evin tavanındakı deşikdən evə doluşublar. Həmin mənzərəni düşünmək belə dəhşətlidir.

“Aylarla iylənmiş suyu içirik”

Amma ilan və çaqqal bu daxmanın yeganə problemi deyil. Onlar burada içməyə suyu da çətinliklə tapırlar: “Suyu da zülmlə tapırıq içməyə. Heç kim olmayanda bir şlanq tapıb qəbirlərin arasında olan krandan evə su gətiririk. Qablarımızı tez doldururuq. Olur ki, aylarla həmin saralmış, iylənmiş suyu içirik. Həmin qəbiristanlıqdan gələn suyu içirik də, onunla yuyunuruq da, qab-qacağımızı da yuyuruq”.

N. Xələfovanın sözlərinə görə, qışda isinmək üçün meşədən yığdıqları qozalardan istifadə edirlər. Daxmanın işığı da yalnız gecələr olur. Odun yarmaq üçün bir neçə baltaları olsa da, həyətdən onu da oğurlayıblar. Əlacı hər yerdən üzülən qadın odunu lomla, daşla doğrayır.

Çox çətinlik çəkdiyini deyən Nərgiz xanımın sözlərinə görə, keçmiş həyat yoldaşı ilə rəsmi nikahı da olmayıb: “Bu da belə bir həyatdı, yaşamışıq, çətinliklər də başımıza gəlib... Dolanışığımız da çox çətindir. Uşağın atası rəhmətə getdiyindən heç aliment də almaq ehtimalı yoxdur”.

Xaçmaz Rayon İcra Hakimiyyətinə kömək üçün müraciət etsə də, cavab belə olub: “İndi imkanımız yoxdur, olanda sənə kömək edərik”.

Onun tək istəyi doğma kəndində olan həyətyanı sahəsində, heç olmasa, balaca bir daxmasının olmasıdır: “Mənə Xaçmaz Rayon İcra Hakimiyyətindən dedilər ki, sən qaçqın, köçkün deyilsən, şəhidin də yoxdur. Sən cavansan, gözəgəlimli qadınsan, işləyə bilərsən. Get, özünə iş axtar. Mən borc-xərc edib, hərədən bir-iki manat alıb gedirəm Xaçmaza, amma kömək edən olmur. Ancaq vəd verirlər. İndi də gözləyə-gözləyə qalmışam. Ancaq kimin adamı var, onun üçün qabağa düşüb edirlər. Mənim kimisini isə arxası, adamı olmadığına görə ələ salırlar”.

“Qəbiristanlığa gələnlərin verdiyi sədəqə ilə dolanırıq”

Nərgiz xanımın sözlərinə görə, onun əlində olan hər şeyi itirməsinə səbəb xəstəliyi olub. 3-4 əməliyyatı birdən keçirən qadın evindən, işindən, bir sözlə, hər şeydən olub. Pulu getsə də, dərdinə əlac da olmayıb: “Sağ böyrəyimin üstündən sol böyrəyimin üstünə kimi kəsiblər. Göbəyimi də çıxarıblar. Həkim dedi ki, istəsən göbək qoya bilərik, amma 1200 manat pul lazımdır. Lakin ona verməyə pulum yox idi, dedim elə göbəksiz də yaşayaram. Böyrəyimin üstündə və yumurtalıqlarımda kistalar var idi. Əməliyyat olunandan sonra müalicə oluna bilmədim deyə qarnıma su yığıldı. Bir neçə dəfə həmin suyu həkim təzədən çıxarıb. Qarın hissəni indi də hiss eləmirəm”.

Tamam sağalmağı üçün pul lazım olduğundan, ona da imkanı yoxdur. Bəzən 10 gün yerindən qalxa bilmədiyini deyən Nərgiz xanımın sözlərinə görə, ona kömək edən qızı Mariyadır. Elə Nərgiz xanımın əsas narahatlığı da qızındandır.

“Gələn də soruşur ki, istəyirsən, kömək edək, qızını uşaq evinə yerləşdirək. Bunu da istəmirəm və bu sualı verəndə çox pis oluram. Axı mən sağ ola-ola balam niyə internata yerləşdirilməlidir ki? Kim istəyər axı gözü görə-görə uşağı internata yerləşdirilsin?”

“Əgər Xaçmazda mənə kredit verilsəydi, bəlkə də, birtəhər ev tikə bilərdim”,- deyir Nərgiz xanım. Amma krediti də vermək üçün girov qoymağa ev lazım olduğundan bu da mümkün olmayıb.

“Mənə qəbiristanlığa gələnlərdən kimin yazığı gəlsə, pul verir. Nə yalan deyim, sədəqə ilə dolanırıq. Başqa bir işimiz yoxdur. Bizə qəbiristanlıqda işi kim verər ki? Burada mollalar var, onlar heç kimə imkan vermir. Elə bil buranı icarəyə götürüblər. Elə gün olur ki, evdə səhərdən axşama qədər yeməyə bir parça çörəyimiz olmur. Yaxında heç mağaza da yoxdur. Əslində, imkanım da yoxdur ki, bir kisə un alıb evə qoyum, çörək olmayanda bişirim, yavan da olsa yeyək... Meşədən yığdığımız qozalarla da necə çörək bişirə bilərəm ki? Kimdən kömək istəyim, bilmirəm. Böyük qızım ailəlidir, 4 uşağı var. Onun da yoldaşı karyerdə işləyir. Çox çətinliklə dolanırlar, kirayə qalırlar. Onlardan nə kömək istəyim? Ancaq qəbiristanlığa gələnlərdən kimsə gətirib nəsə versə, onun ümidinə qalmışıq. İş yeri də yoxdur”.

Ömrü boyu kişi işində, metal zavodunda işlədiyini, alver etdiyini deyən qadın işləmək istəyir. Amma iş üçün hara müraciət edib, hansı qapını döyübsə, cavab mənfi olub: “İş ancaq kafedə var, orada da işləyə bilmirəm. Çünki sərxoş, avara, hər cür adam gəlir və onların hərəkətlərini də başım götürmür. Ona görə mənim üçün çətindir. "Sədərək"ə, "Binə"yə də getmişəm, orada da 20-25 yaşlı xanımları işə götürürlər. Məni işə götürmədilər”.

İllərlə müalicə olunan, xərçəngə qədər müxtəlif diaqnozlar qoyulan, bütün var-dövlətini itirən, indi bir çörək puluna möhtac qalan bu qadın nə qədər zülm görsə də, qürurunu itirməyib. Bircə ona şükür edir ki, pis yola düşməyib. Qazandığı pulu da əziyyət çəkərək qazanıb. Nərgiz xanımın başına gələnlər o qədər təsirli idi ki, stolun üstündəki çay da yadımızdan çıxıb soyumuşdu. Daha onu içə bilmədik. Bütün bunlardan sonra boğazımızdan bir qurtum su da keçməzdi. Sanki onun köməksiz vəziyyətdə qalmasında biz günahkar idik. Bəlkə də, günahkar idik, bilmirəm.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm