Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Fransada işgüzar səfərdə olan Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov fevralın 25-də bu ölkənin “Kampüs Frans” agentliyinin direktoru Antuan Qrassən ilə görüşüb.

Görüşdə son illər Fransa ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb. Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişaf perspektivləri, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Parisdə keçiriləcək “Azərbaycan günü” tədbirinə hazırlıq, müvafiq proqramlar üzrə akademik mobillik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Kampüs Frans” agentliyinin bir sıra ölkələrlə sıx əməkdaşlıq etdiyini bildirən A.Qrassən rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib. Qurum rəhbəri müvafiq çərçivədə azərbaycanlı tələbələrin Fransada və fransız tələbələrin Azərbaycanda təhsilinin təşviq olunması, iki ölkənin ali təhsil müəssisələri arasında professor-müəllim heyətinin mübadiləsi kimi sahələrdə birgə fəaliyyət aparmağa hazır olduqlarını bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov iki ölkə arasındakı əlaqələrdə təhsil sahəsinin mühüm əhəmiyyət daşıdığını, eyni zamanda, ali təhsil üzrə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

F.Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti və bu sahədə yeni proqramın hazırlanması barədə məlumat verib.

Nazir müavini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində hazırda 120 azərbaycanlı tələbənin Fransada təhsil almaq hüququ qazandığını, onlardan 42 nəfərin bu ölkədə təhsillərini davam etdirdiklərini diqqətə çatdırıb.

F.Qurbanov Azərbaycanın Fransa ilə ali təhsil sahəsində əməkdaşlığın yalnız tələbə mübadiləsi ilə məhdudlaşmayaraq, ali təhsil müəssisələri arasında professor-müəllim heyətinin mübadiləsi və birgə elmi tədqiqatların aparılmasına böyük önəm verdiyini vurğulayıb.

Nazir müavini bu səfərin təhsil əlaqələrinin, gələcək əməkdaşlığın inkişafına müsbət təsiri olacağına və uğurlu nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm