• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Reklamın yeni qanunu – olar-olmazlar

Reklamın yeni qanunu – olar-olmazlar

Bu yaxınlarda qəbul olunan “Reklam haqqında” qanun layihəsində alkoqollu içkilərin, abortun reklamı, dərs vəsaitlərinin üzərində reklamların yerləşdirilməsi, dərman preparatlarının, hərbi təyinatlı silahların reklamı, açıq məkanda reklamla bağlı bir sıra qadağalar və yeni qaydalar müəyyənləşib. Həmçinin sponsor reklamının təqdim olunmasına dair xüsusi layihə təqdim edilib. Yeni qanunda reklamın nəqliyyat vasitəsinə yerləşdirilməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizlik məsələsinə də yenidən baxılıb. Artıq insanların mobil telefonuna sms vasitəsilə gələn reklam xarakterli məlumatların qarşısı alınacaq. Müqavilə olmadan heç bir şirkət, firma sms vasitəsilə bu şəkildə reklam apara və ticarətlə məşğul ola bilməz.

Azərbaycanda ilk dəfə 1997-ci ildə “Reklam haqqında” qanun qəbul olunsa da, bu qanunun qəbulundan 17 ildən artıq vaxt keçib. Bu müddət ərzində dünya və Azərbaycan iqtisadiyyatında çox böyük dəyişikliklər baş verdiyindən, informasiya texnologiyaları və internet geniş vüsət aldığından “Reklam haqqında” qanunun tamamilə yenidən hazırlanması zəruri hal alıb. Artıq Milli Məclisdə birinci oxunuşdan keçən layihə 38 maddədən ibarətdir. Sənəddə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib, sponsor reklamlarının yerləşdirilməsinə dair yeni qaydalar sənəddə əksini tapıb.

Reklamda dil

Bu qanunun ən əsas özəlliyi Azərbaycan dili məsələsinə önəm verilməsidir. Qanunda reklamların Azərbaycan dilində olması tələb kimi qoyulub. Xarici dildə reklam o halda verilə bilər ki, yalnız Azərbaycan dilindən sonra gəlsin və onun şiriftindən kiçik olsun. Xarici dildə olan mətn dövlət dilindəki mətndən sonra yerləşdirilməklə bərabər onun tutduğu sahə reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır.

Mobil telefona gələn sms reklamları

Son vaxtlar mobil telefonlara sms vasitəsilə reklam göndərilməsi çox geniş yayılıb və bu, insanlar tərəfindən aqressiv qarşılanır. Belə hallar və ümumiyyətlə, əhalini reklamla bağlı narahat edən məsələlərin hamısı yeni qanun layihəsində öz həllini tapacaq. Yeni qanuna görə telefonlara sms-lə reklam xarakterli məlumatların göndərilməsi, ticarət aparılması yalnız o halda mümkün olacaq ki, həmin şirkətlə abunəçi arasında müqavilə bağlansın və o da öz reklamlarını abonentin telefonuna göndərsin.

Nəqliyyat vasitələrində reklam

Yeni qanun nəqliyyat vasitələrində reklamları, onların harada və necə yerləşdirilməsi, reklamın verilmə qaydalarıyla bağlı məsələləri də tənzimləyəcək. Qanun layihəsində avtomobil yollarında olan reklamlarla bağlı da bir sıra dəyişikliklər var. Belə ki, nəqliyyat vastələrində təhlükəsizliyi təmin etmək üçün avtomobilin qabaq və arxa şüşələrinə reklamın vurulması tamilə qadağan edilib. Avtomobillərin yalnız yan tərəflərində reklam xarakterli yazı və şəkillərə icazə verilir. Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki reqlamentin tələblərinə cavab verməlidir.

Operativ və xüsusi təyinatlı nəqliyyat vasitəsində, təhlükəli yüklərin daşınması təyinatlı nəqliyyat vasitəsində reklamın yerləşdirilməsi qadağan olunur. Qanuna görə, nəqliyyat vasitəsindən istifadə olunmaqla səsli reklamın yayımlanması qadağandır.

Açıq məkanda reklam avtomobil magistrallarında və yollarında, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Bu zaman reklam yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və onu çətinləşdirməməli, yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti nişanlarına bənzəməməlidir. Yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi, həmçinin alkoqollu içkilərin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

KİV və televiziyada reklam

Reklamlar verilərkən yaşın nəzərə alınması da vacibdir. Yetkinlik yaşına çatmayanlara dair təqdim olunan reklamlara dair tələblər sərtləşdirilir. Həmçinin reklamların üzərində 18+ simvolunun qoyulması təklif olunub.

Spirtli içkilərin yalnız gecə saatlarında, yəni saat 12:00-dan səhər saat 6:00-a qədər verilməsinə icazə verilir. Yeni qanuna görə, siqaretin reklamı ümumiyyətlə qadağandır. Reklamlar verilərkən vaxt məsələsi də həll olunacaq.

Layihədə həmçinin göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində televiziya və radio proqramında reklam yayımlanması qadağandır. Televiziya və radio ilə narkotik vasitələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının, bu Qanunla müəyyən edilmiş vaxt ərzində spirtli içkilərin, habelə qanunvericiliklə reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Qanunvericilikdə müəyyən olunmuş qaydada istehsalına və satışına icazə verilməyən dərmanların, tibb təyinatlı məhsulların və texnikanın reklam qadağandır. Xidmət göstərilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə metodlarının, profilaktika, diaqnostika və reabilitasiyanın (hətta onlar patent alsalar belə) reklamına yol verilmir. Həkim resepti ilə verilən dərmanların reklamı qadağandır.

Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

Gizli reklam

Yeni layihədə həmçinin gizli reklamın da qarşısı alınacaq. Televiziya və radio verilişlərində, kino, audio və video materiallarında, internet şəbəkəsində, çap məmulatlarında, malların qablarında yerləşdirilərək əmtəə istehlakçısına reklam qismində təqdim edilmədən, müxtəlif texniki üsullar (xüsusi audio və video effektlər, şəkillər) vasitəsilə onun şüuraltına təsir göstərilməsi gizli reklam sayılır. Reklam xarakteri daşımayan televiziya və radio proqramlarında, çap materiallarında tamaşaçının diqqətinin bilərəkdən konkret əmtəəyə "reklam", yaxud "reklam hüququ əsasında" qeydi olmadan yönəldilməsi gizli reklam hesab edilir.

Qeyri-dəqiq və haqsız reklam

Qanunda həmçinin qeyri-dəqiq reklamla bağlı da bənd əlavə edilib. Əgər əmtəənin istehsalçısı, satıcısı və mənşəyi, bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdə əldə edilməsi imkanları, təyinatı, tərkibi, istehlak xassələri, o cümlədən, istifadə şəraiti, dəstləşdirilməsi, istehsal olunduğu vaxt, yararlılığının son tarixi və istifadə müddəti, əmtəənin istehlakçıya çatdırılmasının, keyfiyyətinə zəmanət verilməsinin, satışdan sonra servis xidmətlərinin göstərilməsinin, dəyişdirilməsinin, geri qaytarılmasının şərtləri göstərilməyibsə, o qeyri-dəqiq reklam hesab olunur və buna yol verilmir.

Yeni qanunda haqsız reklam da tənzimlənəcək. Haqsız reklam o sayılır ki, reklam edilən əmtəə ilə eyni funksiyaları yerinə yetirən başqa istehsalçıların dövriyyədə olan əmtəəsinin keyfiyyət və kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və ya özünü göstərməklə müqayisə aparılsın. Haqsız reklamda rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılana, əmtəə barədə bilərəkdən yalan reklam verilə, reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza oluna, başqa şəxslərdə onlara qarşı mənfi münasibət formalaşdırmağa cəhd edilə, müəlliflik hüquqlarından qeyri-qanuni istifadə oluna bilir. Başqa əmtəələrin reklamının plagiatına yol verildikdə, reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə qarışıqlıq yarada biləcək dərəcədə bənzədildikdə, reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədilərsə, reklam qadağan olunmuş vasitələr və üsullarla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənarda, vaxtdan əvvəl yaxud sonra yayımlana bilərsə, bu haqsız reklam sayılır.

Sponsor reklamı

Sponsor - idman, mədəni-kütləvi yaxud başqa tədbirlərin təşkili, keçirilməsi, elektron informasiya vasitələrində proqramın yaradılması və yayımlanması üçün könüllü qaydada maliyyə vəsaiti ayıran şəxsdir. Sponsor reklamı - şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyəti və əmtəəsi haqqında ümumi həcmi 2 dəqiqədən çox olmayan müddətə məlumat təqdim olunabilər. Əmtəənin adı sponsor qismində göstərilə bilməz.

Nəyin reklamı qadağandır?

Azərbaycan Respublikası ərazisində istehsalı və satışı qanunla qadağan olunmuş, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Reklamı qadağan olunan əmtəələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Uşaqların qidaları ilə əlaqədar reklamlar, dərman preparatları ilə bağlı reklamlar köhnə qanunda öz əksini tapmamışdı. Yeni qanunda körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamına bir sıra şərtlər qoyulur. Bu məhsulların ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstünlükləri barədə məlumatların verilməsi, o cümlədən bu məhsullar barədə reklam xarakterli məlumatların hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayılması və süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil olunmasına icazə verilmir.

Körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.

Yeni qanunda hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətin reklamı, dərman vasitələrinin pulsuz paylanması, satışı, pulsuz və ya pullu tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsiqadağandır.

Silah, hərbi texnika, pirotexnika vasitələrinin reklamı

Azərbaycan Respublikasının ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağandır. Qanuna görə, Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən (o cümlədən, ölkədə) beynəlxalq tədbirlərdə və sərgilərdə hərbi təyinatlı silahların və texnikanın reklamı yerləşdirilə bilər. İcazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satılması, nümayişi və sınağı üçün ayrılmış yerlərdə yerləşdirilə bilər. Pirotexnik vasitələrin reklamı qadağandır.

Mərc oyunları və lotereyalar

Yeni qanun layihəsində mərc oyunları və lotereyalar da yer alıb. İdman mərc oyunlarının, lotereyaların reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs və təşkilatçı çıxış edə bilər. Operator reklamı isə bilet və kuponların üzərində yerləşdirə bilər.

Mərci və ya lotereyanı udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz. İdman mərc oyunlarının, lotereyaların reklamında yetkinlik yaşına çatmayanlara müraciət olunması, bu cür oyunlarda, lotereyalarda iştirakın asan yolla qazanc, şəxsi uğur əldə etmək, cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması, oyunlarda və lotereyalarda uduş ehtimalının artması, ona zəmanət verilməsi və ya riskin azalması ilə bağlı məlumatların verilməsi, oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması qadağan olunur.

Reklam sifarişçisi təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın qanunvericiliklə müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamvericisi, onun yaradıcısı, istehsalçısı və yayımlayıcısı müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyət daşıyır.

Qeyd edək ki, Azərbaycanda indiyə qədər reklamlara nəzarət mexanizmi olmayıb. Yeni layihəyə ictimai nəzarət və dövlət nəzarəti ilə bağlı ayrı-ayrı maddələr əlavə olunub. Layihədə həmçinin reklama nəzarətin də necə həyata keçirilməsi qaydaları öz əksini tapıb. Hazırda ikinci oxunuşunun üzərində iş gedən layihədə verilən təkliflər nəzərdən keçirilir. Milli Məclisin yaz sessiyasında qanunun qəbul ediləcəyi gözlənilir.

Gülnar Əliyeva


Xəbər lenti

DAHA ÇOX XƏBƏR