ADU-da konfrans keçirildi
Bizi izləyin

Qırmızı.az

ADU-da konfrans keçirildi

Martın 4-də Azərbaycan Dillər Universitetində universitetin Qadınlar Şurasının təşkilatçılığı ilə “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirildi. Konfransda Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, fakültə dekanları, kafedra müdirləri, Kitabxana İnformasiya Mərkəzinin, şöbə və kafedraların əməkdaşları iştirak edirdi.

Tədbirdə çıxış edən Linqvokulturologiya kafedrasının müdiri, ADU Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyeva qadınların ailə və cəmiyyət həyatında iştirakının olmadığı halda, bəşər sivilizasiyasından danışmağın mümkünsüzlüyünü bildirdi. O, vurğuladı ki, respublikamızın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, öz nəcib əməlləri ilə xalqımızın tərəqqisinə çalışan qadınlar çoxdur. Professor M. Qazıyeva Azərbaycan qadınlarının tarix boyu milli dövlətçiliyin təşəkkülündə, möhkəmləndirilməsində və idarə olunmasında böyük rol oynadıqlarını da sözlərinə əlavə etdi.

Konfransda Sosial elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva “Qadınların ictimai, iqtisadi və sosial sahədə hüquqlarının qorunması dövlətin ümumi inkişaf strategiyasının prioritet sahələrindəndir”, Linqvokulturologiya kafedrasının baş müəllimləri Vüsalə Ağabəyli “Azərbaycan qadınlarının dövlət qurumlarında rolu” və Səidə Orucova “Azərbaycan qadınlarının idmanda, Qeyri-hökümət təşkilatlarında lider kimi rolu. Azərbaycanın rektor qadınları” mövzusunda məruzələri ilə çıxış etdilər.

Konfransda digər çıxış edənlər qadınların tarixdə bəşəriyyətə qarşı iddialı olması, ADU-da qadınların çox qisminin yüksək vəzifələri icra etmələri, elm, siyasət və digər sahələrdə onların xüsusi rollarının olması, beynəlxalq hüquqları və digər məsələlər haqqında fikirlərini bölüşdülər, eyni zamanda konfransda iştirak edən qadınları “8 mart-Beynəlxalq Qadınlar günü” münasibətilə təbrik edərək işlərində uğurlar, ailə səadəti arzuladılar.

Konfrans müzakirələrlə yekunlaşdı.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində Qadınlar Şurası 1991-ci ildən fəaliyyət göstərir. Şuraya Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva sədrlik edir. Yarandığı gündən ADU Qadınlar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə qadınlarla bağlı bir çox aktual məsələlər gündəmə gətirilib, respublikada qadınlara qarşı təcavüz və zorakılıq halları, hüquqlarının qorunması, ailədə, sosial-ictimai cəmiyyətdə, təhsildə, onların rolu, o cümlədən universitetdə qadınların fəaliyyəti mövzularında bir sıra tədbirlər keçirilib, müzakirələr olunub, tələbələrlə görüşlər baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm