• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vüqar Rəhimzadə: “Həmin saytlarla bağlı qəti addımlar atmaq qərarına gəlmişik”

Vüqar Rəhimzadə: “Həmin saytlarla bağlı qəti addımlar atmaq qərarına gəlmişik”

“Reket jurnalistika ilə məşğul olanlar qəzetlərdən, çap mediadan elektron mediaya transfer olublar. Hər ay Mətbuat Şurasına bu məsələ ilə bağlı 30-a yaxın müraciət olur”.

Bunu Publika.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə deyib.

“Bu gün Mətbuat Şurasının iclasında bir neçə saytın peşə davranışı qaydalarını pozması ilə bağlı məsələyə baxılıb. Reket jurnalistikaya qarşı mübarizə komissiyası həmin saytların məsələsini müzakirəyə çıxarıb. Şuraya elektron media orqanları ilə bağlı müraciətlər kifayət qədər çoxdur. Müraciətlər əsasən həmin saytların işlərinə qeyri-ciddi yanaşması, eyni zamanda, məqsədli şəkildə peşə-davranış qaydalarının pozulması ilə bağlı olur. Müraciətlər əhalinin müxtəlif təbəqələrindən daxil olur.

Xüsusilə də, büdcə təşkilatları, dövlət orqanlarından, ali məktəblər, fərdi vətəndaşlardan müraciətlər üstünlük təşkil edir. Bu şikayətlərin əksəriyyəti insanların şərəf və ləyaqətinin alçaldılaması ilə bağlı olur. Bəzi saytlar var ki, bir həftə ərzində eyni təşkilatdan 10-a yaxın material verir. Yazılara baxdıqda qərəz açıq şəkildə özünü göstərir. Media orqanı hər hansı təşkilatla bağlı şikayət əsasında ay ərzində bir neçə dəfə yazı verə bilər. Lakin bəzi saytlar var ki, konkret şəxsləri hədəf seçib, onlara qarşı kampaniya xarakterli yazılar dərc edirlər. Həm konkret şəxsin şərəf və ləyaqəti alçaldılır, həm də həmin şirkətə qarşı qərəz olur. Onlar konkret şəxslərə qarşı öz saytından istifadə edib çirkin məqsədlərinə çatmağa çalışırlar. Təkcə təşkilatlar deyil, fərdi şəxslərlə bağlı da qərəzli yazılar olur”.

V.Rəhimzadə saytlarda bu istiqamətdə boşluqlar olduğunu bildirib.

“Hesab edirəm ki, bu sahə ilə bağlı ciddi şəkildə düşünməyə dəyər. Elektron media orqanlarına sərbəst şəkildə fəaliyyət göstərməyə imkan yaradılır. Bu fəaliyyətlə məşğul olan insanlar öz məsuliyyətlərini də dərk etməlidirlər. İnsanların şərəf və ləyaqətinin qorunması da bizim üçün əsas şərtlərdən biri olmalıdır”.

O həmçinin bir sıra saytlarla bağlı şikayətlərə baxmağın gündəmdə olduğunu bildirib. Həmin saytlarla bağlı atılacaq addımlara da aydınlıq gətirib

“Yazılı mətbuat kimi saytlarla bağlı problemdə də Mətbuat Şurası öz mövqeyini ortaya qoyacaq. Özünü jurnalist adlandırıb bu işlə məşğul olan, lakin peşə davranış qaydalarını pozan saytlara qarşı çap mediasında olduğu kimi münasibət bildirəcəyik. Bir neçə sayt var ki, onlara bir neçə dəfə xəbərdarlıq etmişik, lakin yenə də şikayətlər gəlməkdədir. Həmin şikayətlər əsaslıdır. Biz saytların sistemli şəkildə fəaliyyətlərini qurmalarına, peşə-davranış qaydalarına əməl etmələri üçün vaxt verdik. Lakin elə saytlar var ki, dəfələrlə xəbərdarlıq edilsə də, öz fəaliyyətlərini qaydaların pozulmasına yönəldiblər. Bunlarla bağlı qəti addımlar atmaq qərarına gəlmişik. Əlbəttə ki, Mətbuat Şurasının səlahiyyətləri çərçivəsində”.

V.Rəhimzadə hesab edir ki, sayt rəhbərləri bu yola asan qazanc yolu olduğu üçün əl atırlar.

“Çap mətbuatı yaratmaq üçün vəsait tələb olunur. Amma elektron media yaratmaq çox asandır. Bir-iki nəfər qeyri-peşəkarla sayt yaratmaq mümkündür və əlbəttə, onlar öz xarakterlərinə uyğun da fəaliyyət göstərirlər. Bu yola qazanc əldə etmək, qisas almaq üçün əl atırlar. Jurnalistikaya aid olmayan insanların bu sahədə fəaliyyət göstərməsi peşəkarların işinə də kölgə salır. Buna görə də hər kəs bu şəxslərə qarşı mübarizə aparmalıdır”.

Müraciətlərin neçə faizinin məhkəmə mərhələsində olması ilə bağlı Mətbuat Şurası tərəfindən monitorinq aparılmayıb. Lakin V.Rəhimzadə onların əksəriyyətinin məhkəmə predmeti olduğunu deyir: “Biz məhkəməyə qədər tərəfləri barışdırmağa, məsələni həll etməyə çalışırıq. Amma müraciətləri araşdırılanda əksəriyyətinin məhkəmə predmeti olduğunu görürük. Onların əksəriyyəti yalan, şər-böhtan xarakterli informasiyalar olur. Hesab edirəm ki, bizə şikayət olunan yazıların əksəriyyəti qeyri-obyektiv yazılardır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu yolu tələb etdiyi külli miqdarda pul alarkən yaxalanıb. O, əlbir olduğu şəxslərlə birlikdə insanları şantaj edib onlardan 5 min manat vəsait tələb edib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR