• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yoxsullara 100 pulsuz çörək: Azərbaycanlı sahibkardan xeyriyyə aksiyası

Yoxsullara 100 pulsuz çörək: Azərbaycanlı sahibkardan xeyriyyə aksiyası

Sosial şəbəkədə marketlərdən birinin qarşısındakı xüsusi çörək rəfinin, habelə onun üstünə yazılıb vurulmuş elanın fotosu diqqətimizi cəlb etsə də, ilk baxışda elanda yazılanlara inanmadıq: “Pulsuz çörək. Ehtiyacı olanlar və pulu olmayanlar hər gün burdan pulsuz çörək götürə bilərlər. Evdə uşaqları çörəksiz qoymayın. Pulsuz çörəklərin ehtiyacı olanların evlərinə çatdırılması xidmətimiz də var. Nuş olsun”. Fotonu təqdim edən şəxsin sözləri, habelə elanda yazılıb vurulmuş mobil telefon nömrəsi bu məsələni araşdırmağımız üçün əsas oldu. Məlum oldu ki, ehtiyac içində yaşayan insanlara təmənnasız çörək paylayan şəxs artıq bir neçə ildir kiçik bizneslə məşğul olan Pərviz Ələkbərovdur. Onun özü ilə əlaqə saxladıqda əvvəlcə bu barədə ətraflı danışmaqdan imtina etsə də, sonra razılaşdı.

Pərviz Ələkbərov hələ gənclik illərindən yoxsul insanlara kömək etmək istəyinin olduğunu dedi. Bildirdi ki, hazırda Lənkəranda yaşayır. Bu aksiya da onun sahibi olduğu marketdə həyata keçirilir: “Yoxsul ailələrə, maddi sıxıntılar yaşayan insanlara hər zaman kömək etmək istəmişəm. Bu mənim daxilimdən gələn istəyim olub. İmkansız ailələrə maddi imkanlarım daxilində necə yardım göstərməyim haqda çox götür-qoy etdikdən sonra qərara aldım ki, bunun ən asan yolunu müəyyənləşdirim. Hətta bir gün gecə saat 4-ə kimi bunun yollarını fikirləşdim. Bunu kassalarda satışın ümumi nəticəsinə görə etməyi qərara aldım. Müştəri yaxınlaşacaq kassaya və astadan “pibon” sözünü deyəcək. Satıcı da başa düşəcək ki, imkanı olmadığından o, çörəyi pulsuz aparmaq istəyir. Lakin sonra özümü həmin ehtiyac içində olan müştərilərin yerinə qoyub qərara aldım ki, elə üsul tətbiq edim ki, yoxsul müştərilər utanmasınlar. Buna görə də qərara aldım ki, marketin bir tərəfində xüsusi pulsuz çörək şkafı düzəltdirim. Ehtiyacı olanlar gəlib oradan pulsuz çörək götürsünlər”.

Həmin gündən etibarən kimin pulsuz çörəyə ehtiyacı varsa, marketə girərək əlini xüsusi şkafa atır, çörək götürür və gedir: “Heç kim də onlara çörəyi niyə götürdüyü, nə üçün pul vermədiyi barədə heç nə demir. Hamı bilir ki, həmin çörəklər pulsuzdur. Yeri gəlmişkən, pulsuz çörəyə ehtiyacı olanların sayı çoxaldığından yeni şkaf düzəltdirmişik və həmin şkafı da marketə yerləşdirmişik”.

Müsahibimiz qeyd etdi ki, ehtiyacı olan insanlara pulsuz çörəklər göndərir: “Ehtiyacı olanlara iki cür yardım göstəririk – mağazadakı xüsusi şkaflarla, habelə marketin qarşısına “Bu çörək pulsuzdur” elanını yazmaqla və çörəkləri imkansız ailələrin öz ünvanlarına pulsuz çatdırmaqla. Elə adamlar var hər gün səhər, günorta və axşam gəlib mağazadan pulsuz çörək götürüb gedirlər. Satıcılarımız da bilir ki, həmin çörək ehtiyacı olanlar üçündür. Amma elə kasıb insanlarımız var, gəlib mağazadan çörək aparmağa utanırlar. Ona görə də pulsuz çörək elanında əlaqə nömrəsini yazıb vurmuşuq ki, zəng edib ünvanlarını desinlər, biz özümüz onların evlərinə xüsusi maşınlarımızla pulsuz çörəklər daşıyaq. Ehtiyacı olan ailələrə pulsuz çörək aparmaq üçün xüsusi işçilər ayırmışıq”.

Onun sözlərinə görə, indi pulsuz çörəyə ehtiyacı olan bir çox ailə var: “Havayı çörəyə ehtiyacı olan insanların sayı sutka ərzində 90, bəzən də 100 nəfər olur”.

Onun sözlərinə görə, ailə üzvlərinin sayından asılı olaraq hər evə 2-3 çörək göndərirlər. Kiminsə gəlib bundan sui-istifadə etməsinə yol vermirlər. “Yeri gəlmişkən deyim ki, normadan artıq, çoxlu çörək istəyənlər də var”.

O, pulsuz satdığı çörəkləri sexlərdən aldığını dedi: “Bizim özümüzün çörək seximiz, zavodumuz yoxdur. Çörəyi gedib zavoddan, sexlərdən alırıq. Sadəcə, ehtiyacı olan insanları nəzərə aldığımızdan hər gün 90-100 artıq çörək götürürük ki, onları imkansız ailələrə də çatdıra bilək. Heç birimiz dünyadan kəfəndən başqa heç nə aparmayacağıq. Aldıqlarımızın, yığdıqlarımızın hamısı burada, bu dünyada qalacaq. Hər gün 20-30 manat xərcləməklə heç də kasıb olmarıq. Bu qədər pul nə olan şeydir axı?”

Pərviz Ələkbərov artıq iki ilə yaxındır pulsuz çörək paylamaqla məşğuldur: “2013-cü ildə ehtiyacı olan ailələrə pulsuz çörəkləri paylanılmasına başladıq. Artıq iki ilə yaxındır, bu işi davamlı şəkildə həyata keçiririk. İnşallah həmin iş davamlı olacaq və pulsuz çörəkləri həmişə davam etdirəcəyik”.

Mağaza sahibi qeyd etdi ki, ehtiyacı olan insanlar üçün təşkil olunan bu cür davamlı xeyriyyə işi ancaq pulsuz çörəklərin paylanılması ilə yekunlaşmır: “Mağazamızda ucuz mallar var. Bu, ehtiyacı olan insanlar üçündür. Məsələn, qiyməti başqa marketdə 60 qəpik olan malı biz 35-40 qəpiyə satırıq, Alış-veriş edənlər ucuz qiymətə mal aldıqlarından pullarına xeyli qənaət edə bilirlər. Bütün bunlar kampaniya, müddətli aksiya deyil. Biz uzun müddətdir bu üsulla işləyirik. Mallarımızı firmalardan endirimlərlə, ucuz, güzəştli qiymətlərlə alırıq. Firmalardan çox mal aldığımızdan bunun müqabilində onlardan endirim faizini də tələb edirik. Belə olduqda, ehtiyac içində yaşayan, kasıb ailələrdən olan insanlar da bizdən razı qalırlar. Tutaq ki, mağazamızdan 15-20 manatlıq alver edən alıcılar pullarına təxminən 4-5 manat qənaət edə bilirlər. Bu da aztəminatlı ailələr üçün müəyyən qiymət güzəştləri deməkdir”.

Gələcək planlarından danışan müsahibim bildirdi ki, yaxın vaxtlarda Bakıda və digər şəhərlərdə də mağazaların sayını artıracaq.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR