• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Təcili Yardım Avropa Oyunlarına hazırdır

Təcili Yardım Avropa Oyunlarına hazırdır

Təcili Yardım Birinci Avropa Oyunlarına hazırlıq işlərini tam yekunlaşdırıb. Tibb personalının hazırlığı, xarici dilin öyrənilməsi, yeni avtomobillərin istifadəsi və s. istiqamətdə işlər aparılıb.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

“Təcili yardım üçün müvafiq avtomobillər ayrılıb. Əməkdaşlarımız onlarla iş prosesini mənimsəyir. Təcili yardımda hazırda istifadə edilən maşınlar və dərman avadanlıqlarına baxış keçirilib və onlara müsbət rəy verilib. Bununla yanaşı, oyunlar ərəfəsində xidmət maşınlarının sayı artırıldığına görə, əlavə maşınlar da ayrılıb. Onlar da may ayından fəaliyyətə başlayacaq. Bu maşınlarda istifadə edilən cihazlar müasir standartlara tam uyğundur.

Bu gündən etibarən əməkdaşlarımızın növbətçilik cədvəlləri tərtib olunacaq. Bütün stansiyalara iyunun 1-dən 30-dək növbətçilik cədvəllərini qısa zamanda hazırlanması ilə bağlı tapşırıq verilib. Tədbir keçirilən yerlərdə növbə çəkəcək briqadaların cədvəlləri də hazırlanır, onlara müvafiq təlimatlar verilir. Onsuz da, təcili yardım il ərzində gərgin işləyir, oyunlar ərəfəsində bu işlər daha da gücləndirilmiş olacaq. Bundan əvvəl də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə təcrübə qazanmış əməkdaşlarımız üçün bu proses çətin olmayacaq”.

R.Nağıyev bildirib ki, həkimlər və orta tibb işçiləri dil kurslarına cəlb edilib.

“Bununla yanaşı, növbə çəkən həkimlərin yanında, tədbir keçirilən obyektlərdə könüllülər olacaq. Onlar xarici qonaqların təcili yardım həkimlərinə istiqamətlənməsinə kömək edəcək. Həkimlər arasında xarici dil bilənlər var, qalanları isə kurslara cəlb edilib. Dispetçer mərkəzinə də müxtəlif dillərdə bilgiləri olan şəxslər cəlb ediləcək. Onlar növbəli şəkildə məntəqədə işləyib, xarici vətəndaşların müraciətini qəbul edəcək. Tibbi personalın sayında da artım olacaq. Digər tibb müəssisələri, xəstəxana, poliklinikaların həkimləri də bu işlərə cəlb ediləcək”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR