Riqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bizi izləyin

Qırmızı.az

Riqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 22-də Riqadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

Fevralın 22-də Riqadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

Tədbirdə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Latviyadakı Azərbaycan diasporunun gənc üzvləri 22 il əvvəl Xocalı şəhərinin azərbaycanlı sakinlərinin məruz qaldıqları dəhşətləri əks etdirən mini-tamaşa göstərmişlər. Azərbaycanlı tələbələr Xocalı haqqında mahnı ifa etmişlər.

Anma tədbirində Xocalı qırğınından sonra məşhur Azərbaycan jurnalisti Çingiz Mustafayevin çəkdiiy kadrlar da göstərilmişdir.

Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində bəşəriyyətə qarşı törədilmiş cinayətdən danışmışdır. Vurğulanmışdır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu faciə haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması sahəsində çox böyük iş görülmüşdür. Erməni vəhşilərinin Xocalıda törətdikləri soyqırımı aktının bir çox xarici ölkələrin parlamentləri tərəfindən tanındığını qeyd edən G.Muradov Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad ediləcəyinə əmin olduğunu bildirmişdir.

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Fuad Kərimov demişdir ki, bu gün bütün dünyada azərbaycanlılar Xocalı faciəsinin qurbanlarını yad edirlər. Sevindirici haldır ki, xaricdə fəaliyyət göstərən gənclər təşkilatı Azərbaycan haqqında həqiqətin yayılmasında fəal iştirak edir.

Latviyadakı Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov Dağlıq Qarabağ münaqişəsindən danışarkən diqqətə çatdırmışdır ki, erməni terrorçularının törətdiyi vəhşiliklər indiyədək bəşəriyyətin qarşılaşdığı dəhşətləri kölgədə qoymuşdur. A.Məmmədov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin dinc yolla həlli üçün qətiyyətlə hərəkət edərək var qüvvəsini əsirgəmir.

“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri, Latviyada Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyev Xocalı faciəsini Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terror aktı adlandırmışdır. O, gənc aktyorların valideynlərinə öz övladlarını vətənpərvərlik ruhunda tərbiyə etdikləri üçün minnətdarlığını bildirmişdir. R.Əliyev demişdir: “Əsas odur ki, gənc nəsil tarixdə belə səhifələrin təkrarlanmaması üçün öz xalqının tarixini unutmasın”.

Sonra Heydər Əliyev Fondunun hazırladığı “Xocalı – bir şəhərin faciəsi” adlı film nümayiş etdirilmişdir. Tədbirin iştirakçılarına Azərbaycanın ombudsmanı Elmira Süleymanovanın Xocalı faciəsi ilə əlaqədar bəyanatı çatdırılmışdır.

Anım tədbirindən sonra ehsan verilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm