“Həyatda qisasçı obrazını oynayıram” - FOTO
Bizi izləyin

Qırmızı.az

“Həyatda qisasçı obrazını oynayıram” - FOTO

“Odaçılar” layihəsinin növbəti qonağı Anar Əliyevdir.

Səhv etmirəmsə ixtisasınız başqadır. Sizi aktyorluğa gətirən səbəb nə oldu?

Bəli, riyaziyyatçıyam. Uşaqlıqdan incəsənətə marağım olub. İlk dəfə burada etiraf edirəm. Teatra gəlişimin səbəbi qızımdır. Məni ona pis insan kimi tanıdıblar. Amma mən ona sübut etməyə çalışıram ki, əslində onun atası elə bir insan deyil. Vaxt gələcək qızım görəcək ki, atası necə insandır.

Oda teatrına gəlişiniz necə oldu?

İlqar Cahangirin aktyorluq kursunda olmuşam. Onun yetirmələrindən biriyəm. Dönə-dönə ona təşəkkürümü bildirirəm. Kursda oxuya-oxuya Elmin Bədəlov tərəfindən dəvət aldım. İlk dəfə “Səncə döyəcəklər” tamaşasında döyülən şəxsi oynadım. Sonra iş elə gətiridi ki, polis rolunu oynamağa başladım.

Bu günə qədər hansı obrazı oynamaq həsrətindəsiz?

Xüsusi bir obraz deməzdim, amma insanlara sırf sevgini, səmimiliyi, məhəbbəti, həyata olan sevgini, yaşamaq sevgisini aşılayan bir obraz oynamaq istərdim. Ancaq mənim üçün ən gözəli qisasçı obrazıdır. Çünki elə özüm həyatda qisasçı obrazını oynayıram.

Uşaqlıqda hansı rolu oynamısız: dəcəl, ağıllı, sakit, dəli...

Heç kəslə işim olmayıb. Bütün qayğılardan uzaq, çox gözəl, xoşbəxt keçən bir uşaqlığım olub.

Sənət dostlarınız varmı?

Bir çox sənət dostlarım var. Telli Hüseynova mənim ən əziz, alivə gediş-gəlişi olduğum ən sevimli sənət dostumdu! Onu kimi mərd, ailəcanlı, işini, sənətini sevən və bütün çətinliklərə sinə gərən xanım 100 ildə bir dünyaya gələr. Eyni zamanda o, həmişə mənim mənəvi dayağım olub! Kaş ki, onda olan mərdlik bəzi dırnaqarası kişilərdə olardı.

Axşamlar velosiped sürürsüz. Velosipedlə bağlı xatirəniz var?

Velosiped sürürəm. İlk növbədə idmandı. Velosiped mənə maraqlı gəlir. Ümumiyyətlə iki təkərliləri sevirəm, bu öz yerində. İlk vaxtlar velosiped sürəndə yaxın ətrafım deyirdi ki, yekə kişisən, bu nədi, nə deyərlər. Bunlar köhnə fikirli insanlardır. Mən ilk növbədə özümün yaxınlarına, sonra çoxlarına sübut etmək istəyirəm ki, insan azad fikirli olmalıdır. Mən bunu istəyirəmsə, mənim biləcəyim işdir. İstəyərdim ki, hər kəs özü olsun. Hər bir insanın daxilində, istər 90, 100 yaşı olsun, uşaqlıq hissi var. Bəlkə də o velosiped elə mənim uşaqlıq hissimdir ki, hələ də ondan ayrıla bilmirəm. Velosipedlə bağlı xatirəm var. Payızda olmuşdu. Narın yağış yağmışdı. Yer nəm idi. Mən elə enişi düşəndə, təkər sürüşdü oradan ağzı aşağı getdim (gülür). Mağazadan qatıq, ərzaq almışdım. Hamısı töküldü, yerə dağıldı. Özümdə xeyli yerdə sürüşdüm. (gülür)

Seçim qarşısında qalsaydınız, ailə yoxsa incəsənət?

Mən incəsənətə gec gəlsəm də, güc gəlmişəm. Bilirəm ki, seçim qarşısında qalmayacam. Ailəm də bilir ki, seçim qarşısında qalsam, sənəti seçəcəm.

Mən teatrsız yaşaya bilmərəm. Dörd ay Gəncədə oldum. O dörd ayda mən səhnəsiz, teatrsız boğulurdum. Anladım ki, bu aləmdən çıxa bilmərəm. Mən teatrla nəfəs alıram.

Əgər sizə bir tribuna versəydilər gənclərə nə deyərdiz?

Hər kəs, eləcədə gənclər gənc vaxtlarından özləri olsunlar. İstəkləri, sevgiləri, maraqları üzərində həmişə mübarizə aparsınlar.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm