Baş pediatrdan valideynlərə MƏSLƏHƏT
Bizi izləyin

Qırmızı.az

Baş pediatrdan valideynlərə MƏSLƏHƏT

Yay fəsli uşaqlar arasında bəzi mövsümi xəstəliklərin yayılması üçün ideal dövr hesab edilir. Xüsusən də çimərlikdə olmaq, daim günəş altında qalmaq, qarışıq qidalanmaq uşaqların bədən bioritmini pozur. Nəticədə, uşaqlar mövsümi xəstəliklərə yoluxur. Bəs yayda uşaqları xəstəliklərdən necə qoruya bilərik? Uşaqların qışda daha az xəstələnməsi üçün nə etməliyik?

Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev Publika.az-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında allergik xəstəliklər, mədə-bağırsaq pozuntuları və günvurma ilə bağlı xəstəliklərə daha çox rast gəlinir.

Onun sözlərinə görə, uşaqlar arasında hər hansı infeksion, ya da mövsümi xəstəlik yayılmasa da, bəzi ənənəvi xəstəliklər müşahidə edilir. Səhiyyə Nazirliyi müvafiq tibb müəssisələrinə, tibbi yardım xidmətinə bu hallarda ciddi məşğul olmaq üçün tapşırıq verir.

N.Quliyev onu da bildirib ki, bu gün uşaqlarda baş verən xəstəliklər valideynlərin məsuliyyətsizliyindən baş verir.

“Bu gün bəzi valideynlər hətta peyvənd məsələsinə biganə yanaşırlar. Halbuki bu da uşaqların sağlamlığı üçün vacibdir. Yay mövsümündə uşaqlar üzərində nəzarət daha da çox olmalıdır. Xüsusən də uşaqlar çimərliyə valideyn nəzarətində getməlidir, onun neçə saat dənizdə və qumda qalmasına diqqət edilməlidir. Uşaqlara səhər saat 11:00-dan 16:00-dək qumda qalmaq olmaz. Bu zaman onların dərisində termik yanıq baş verəcək, ya da günvurmadan qusma, beyin ödemi əmələ gələcək. Amma bu, o demək deyil ki, dənizə getmək olmaz. Dəniz uşaqların sümüklərinin möhkəmlənməsi üçün son dərəcə vacibdir”.

Uşaqların yay mövsümündə qidalanmasına gəldikdə, baş pediatr bu məsələdə də bəzi məsləhətlər verib:

“Ailədə 1 yaşa qədər uşaq varsa, onun qida rejimi dəyişməməlidir. Adətən, analar 6 ayı tamam olmuş uşağa ana südü ilə yanaşı əlavə qidalar verməyə başlayırlar. Lakin məsləhət görərdik ki, yay mövsümündə bu dəyişikliyi etməsinlər. Yalnız ana südü verməyə davam etsinlər. Əlavə qidaları payızda verə bilərlər. Əks halda, bu, uşaqların mədə-bağırsaq sistemində pozuntulara səbəb ola bilər. Yay müddətində uşaqlara uzun müddət saxlanmış qidalar vermək olmaz. Uşaqların yaşına uyğun qidalar verilməlidir. Bəzən analar özləri nə yeyirlərsə, uşaqlara da yedizdirirlər, bu da düzgün deyil”.

N.Quliyev uşaqların immunitetinin gücləndirilməsi üçün yayın ən ideal dövr olduğunu bildirib. Qışda uşaqlarınızın yoluxucu xəstəliklərə daha dözümlü olmasını istəyirsinizsə, baş pediatr məsləhətlərinə əməl edin:

“Mütləq yay fəslində çimərlik prosedurları qəbul edilməlidir. Uşaqlar müəyyən edilmiş vaxtda dənizdə olmalı, mütəmadi gəzməyə çıxarılmalıdır. Uşaqları imkan daxilində maraqlı ekskursiyalara aparmaq lazımdır. Mövsümi meyvələr çoxlu qəbul edilməlidir, çünki təzə qidanın tərkibində vitaminlər çox olur. Uşağının iştahsızlığından şikayətlənən valideynlər mütəmadi olaraq onları gəzintiyə çıxarmalıdır. Uşaq xəstə deyilsə, iştahsızlığın səbəbi hərəkətsizlikdir. Ən əsası uşaqların yuxu rejiminə diqqət yetirilməlidir. Məktəblər tətildə olduğundan uşaqlar istədikləri vaxt yuxudan oyanmalıdır. Hər bir uşağın öz bədən bioritmi var. Yuxusu normal olmayan uşaq əsəbi, iştahsız və yorğun olur. Məktəb, bağça vaxtında onsuz da uşaqlar məcbur yuxudan tez oyanırlar. Ən azı yay tətilində onların istirahət hüququ pozulmamalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm