• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər nazirini qəbul etdi

İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İkitərəfli münasibətlərimizin inkişafının və tərəfdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin region üçün də əhəmiyyətli amil olduğunu dedi. Dövlətimizin başçısı Bosniya və Herseqovinanın rəhbərləri ilə son illər çoxlu sayda səmimi, konstruktiv və dostluq ruhunda görüşlər keçirdiyini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın Azərbaycanda keçirəcəyi görüşlərdə siyasi əlaqələrin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini həmişə dəstəklədiklərini qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bütün təşəbbüslərdə daim qarşılıqlı dəstəyin zəruriliyini də vurğuladı. Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadi tərəfdaşlıq və sərmayə qoyuluşu ilə bağlı məsələlərə toxunan dövlətimizin başçısı İlham Əliyev Bakir İzetbekoviç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri olarkən onunla Azərbaycan sərmayəsinin Bosniya və Herseqovinaya yatırılmasına dair səmərəli müzakirələr aparıldığını qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında müvafiq sahələrdə idxal-ixrac imkanlarının müəyyənləşdirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini diqqətə çatdırdı. Təkcə ölkəmiz və region üçün deyil, qlobal xarakter daşıyan enerji layihələrinə toxunan dövlətimizin başçısı Bosniya və Herseqovinanın Azərbaycanın həyata keçirdiyi bu layihələrdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak öz növbəsində ölkələrimiz arasında çox yaxşı əlaqələrin olduğunu vurğulayaraq münasibətlərimizin möhkəmləndirilməsində səmimi dostluq şəraitində keçən yüksək səviyyəli səfərlərin önəmini qeyd etdi. O bildirdi ki, qarşılıqlı səfərlərin əsas məqsədi əməkdaşlığın bütün əhəmiyyətli sahələrini əhatə etmək və ikitərəfli əlaqələri dərinləşdirməkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR