• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Taun Əleyhinə Stansiya: “Vəba riski var” - SOS

Taun Əleyhinə Stansiya: “Vəba riski var” - SOS

- Şair müəllim, Azərbaycanda yoluxucu infeksion xəstəliklərə qarşı peyvənd işləri necə aparılır? Kifayət qədər peyvənd dərmanları varmı?

- Taun Əleyhinə Stansiya xüsusi riskli xəstəliklərə qarşı profilaktiki tədbirləri üçün bütün imkanlara sahibdir. Biz lazımi hallarda əhali arasında peyvənd işləri aparırıq. Hazırda isə riskli xəstəliklər hesab edilən taun, vəba kimi xəstəliklər olmadığı üçün planlı peyvənd alan insanlar da yoxdur. Peyvənd işləri daha çox epidemioloji göstəricilərə əsasən aparılır.

Qarayara xəstəliyinə görə heyvandarlıqla məşğul olanlar, ət və ət məhsulları istehsal edən müəssisələrdə çalışanlar və yun tədarükçüləri peyvənd olunurlar.

- H1/N1 virusuna qarşı vəziyyətə nəzarət edilirmi? Virusun yenidən yayılma ehtimalı varmı?

- H1/N1 virusu bir neçə il öncə bütün dünyada kütləvi şəkildə yayılmışdı. Lakin bu virus əleyhinə vaksinlər ortaya çıxdıqdan sonra insanlar arasında vaksinləmə işləri aparıldı və virus demək olar ki, yox oldu. Ola bilər, yenidən yayılsın, lakin bunun kütləvi xarakter daşıyacağı inandırıcı görünmür.

- Bəs infeksion xəstəliklə qarşı hansı profilaktik tədbirlər görülür?

- İnfeksion xəstəliklər içərisində vəba dünyada yayılma miqyasına görə daha təhlükəlidir. Hər il dünyada 60-dan çox ölkədə vəbaya yoluxma faktları aşkarlanır. Bu yaxınlarda Dominikan Respublikasında vəbanın yayılması barədə xəbərlər eşidildi.

Azərbaycanda vəba sonuncu dəfə 1998-ci ildə qeydə alınıb. Hazırda ölkəmizdə vəba və digər infeksion xəstəliklərə qarşı risk olmasa da ehtiyatı əldən vermək olmaz. Ümumiyyətlə, biz vəbanın yayılmaması üçün hər il 1 may – 1 noyabr aralığında profilaktiki tədbirlər aparırıq. Tədbirlərə çərçivəsində Azərbaycanın 112 içməli su mənbəyindən nümunələr götürülür və laboratoriyalarda yoxlanılır.

- Azərbaycanda çalışmaq istəyən əcnəbilərə fərdi icazələrin verilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin tələb etdiyi bəzi sənədlər var. Həmin sənədlərdən biri də yoluxucu xəstəlik daşıyıcısı olmaması haqqında tibbi arayışdır. Yoxlanışlar isə Taun Əleyhinə Stansiyada aparılır. Hazırda bununla bağlı vəziyyət necədir? Hansı ölkənin vətəndaşları daha çox infeksion xəstəlik daşıyıcısıdır? Ölkəmizə gələn əcnəbilərdə hansı infeksion xəstəliklər aşkarlanıb? Buna qarşı hansı tədbirlər görülür?

- Beynəlxalq qərarlara əsasən, ölkəyə gələn əcnəbilərin qeydiyyata alınması və onların yoxlanması ilə bağlı tədbirlər görülür. Əcnəbilər bir neçə infeksion xəstəliklərə qarşı yoxlanılırlar. Lakin bu vaxta qədər onlarda təhlükəli xəstəlik aşkar olunmayıb.

Hindistandan gələn əcnəbilər mütləq vəbaya görə yoxlanılırlar. Çünki dünyada bu xəstəliyin ən çox yayıldığı yer Hindistandır. Bu ölkə demək olar ki, vəbanın “vətənidir”. Bizim ölkəmizdə də Hindistan və Pakistandan olan əcnəbilər çox yaşayır. Bununla belə onlar arasında vəba xəstəliyinə rast gəlməmişik.

Bir neçə il bundan öncə Ukraynadan gələn bəzi əcnəbilərdə H1/N1 virusu aşkarlanmışdı. Onlara qarşı müvafiq tədbirlər görülmüşdü. İndi belə risk yoxdur.

- Azərbaycanda son zamanlar heyvan dişləmələri ilə bağlı tez-tez məlumatlar yayılır. Belə halların çoxalması təhülkəlidirmi? Ümumiyyətlə heyvan dişləmələri bağlı son vəziyyət necədir?

- Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 1982 nəfəri heyvan dişləyib. Rayonlarda qeydə alınan 957 heyvan dişləmələrinin 95 faizi it dişləməsidir. Bu il ən çox bu cür hadisə Şəmkir və Gəncədə baş verib. İlin ilk 3 ayında Şəmkirdə 120, Gəncədə 106 heyvan dişləməsi faktı qeydə alınıb. Hesabat müddətində Qazaxda 87, İsmayıllıda 46, Xaçmazda 44, Ağstafada 40, Mingəçevirdə 34 nəfəri heyvan dişləyib. Bu il 3 nəfər it dişləməsi nəticəsində yaranan quduzluq xəstəliyindən dünyasını dəyişib. Bu hadisələrin 1-i Cəlilabadda, 1-i Saatlıda, 1-i isə Beyləqanda baş verib.

Bakıda isə 3 ay ərzində 1025 nəfər müxtəlif heyvanlar tərəfindən dişləmələrə məruz qalıb. Yanvar ayı ərzində Bakıda 327 heyvan dişləməsi qeydə alınıb. Dişləmələrin 249-u itlər tərəfindən edilib. Onların 180-i məlum, 69-u naməlum itlər tərəfindən törədilib. Yanvarda dişləmələrin 35-i siçovullar, 35-i pişiklər, 8-i digər heyvanlar tərəfindən baş verib.

Fevralda 317 nəfər dişləməyə məruz qalıb ki, onların 267-si itlər (199-u məlum, 68-i naməlum itlər) tərəfindən edilib. Dişləmələrin 26-ı siçovullar, 23-ü pişiklər, 1-i digər heyvanlar tərəfindən törədilib.

Martda Bakıda 381 nəfəri heyvanlar dişləyib. Onların 322-si itlər (319-u məlum, 3-ü naməlum), 33-ü pişiklər tərəfindən baş verib. Qalan dişləmələr isə digər heyvanlar tərəfindən qeydə alınıb.

İt dişləmələri Bakının Xəzər, Binəqədi və Suraxanı rayonlarında daha çox baş verir. Bu il ərzində Bakıda it dişləməsi nəticəsində quduzluq xəstəliyinə yoluxan olmayıb.

- Azərbaycanda vəba, qarayara və brüsellyoz xəstəlikləri ilə bağlı son vəziyyət necədir? Bu xəstəliklərlə bağlı hər hansısa risk varmı?

- Vəbaya görə risk həmişə var və buna qarşı ehtiyatlı olmaq lazımdır. Çünki digər ölkələrdə yaşayan əcnəbilərin inkubasiya dövründə ölkəmizə gəlməsi riskli ola bilər.

- İnkubasiya dövrü deyiləndə nə nəzərdə tutulur?

- Bir insanın orqanizminə virus düşür, amma onun əlamətləri bir müddət görünmür. Bu inkubasiya dövrü sayılır. Vəbanın inkubasiya dövrü 5 gündür. Əgər həmin insan bu müddət ərzində ölkəmizə gəlsə xəstəliyin aşkarlanması əlbəttə ki, çətin olacaq. Bu halda virusun yayılma riski var. Biz bu hallar üçün tədbirlər görürük.

Brüsellyoz xəstəliyi isə demək olar ki, Azərbaycanın bütün regionlarında qeydə alınır. Əvvəlki dövrlərə nisbətən brüsellyozun yayılması xeyli azalsa da yenə qeydə alınır. Bu isə insanların xəstəliyin profilaktikasını bilməməyindən, həmçinin keyfiyyətsiz süd və süd məhsullarının istifadəsi nəticəsində yaranır.

Azərbaycanda il ərzində 400-ə yaxın insanda büusellyoz xəstəliyi aşkarlanır. Bu xəstəlikdən son 20 ildə isə ölüm faktı qeydə alınmayıb.

İnsanlar özlərində hansısa kiçik şübhə hiss etdikdə mütləq həkimə getməli və xəstəliyə qarşı vaxtında müalicəyə başlamalıdır. Çox təəssüf ki, bəziləri bu mənada səhlənkarlıq etdiyi üçün xəstəlik onlarda xroniki formaya keçir.

- Azərbaycanda yaz-yay aylarında bəzi çayların daşması nəticəsində yaşayış məntəqələrini su basır. Bu hal infeksion xəstəliklərinin yaranmasına səbəb ola bilərmi?

- Bəli, bu, təhlükədir. Çünki çaylar daşanda kanalizasiya və qrunt suları da yuxarı qalxır və bunlar bir-birinə qarışır. Su yaşayış məntəqələrinə dolur və təhlükə yaradır.

2 il bundan öncə Sabirabadda baş verən daşqınlar zamanı epidemioloji vəziyyətlə bağlı yüksək risk var idi. Lakin Səhiyyə Nazirliyi və bizim mütəxəssislərimizin səyi nəticəsində həmin ərazidə geniş miqyaslı qabaqlayıcı tədbirlər aparıldı və nəticə olaraq heç bir infeksion xəstəlik yayılmadı. Bundan öncə 70-ci illərdə çayların daşması ilə infeksion xəstəlik yayılmışdı. Lakin bu dəfə heç bir təhlükə olmadı.

Ümumiyyətlə, daşqınlar zamanı insanlar məcbur qalmadıqca su ilə çox təmasda olmasınlar. Ehtiyat yığılan sulardan istifadə etsinlər. Təhlükə aradan qalxana qədər özlərini qorusunlar.

- Azərbaycanda infeksion xəstəliklərin ən çox yayıldığı bölgələr hansılardır?

İnfeksion xəstəliklərlə bağlı Azərbaycanın bütün bölgələrində risk var. Lakin daha çox yayılma istiqaməti isə Sabirabad, Salyan, Beyləqan, Bərdə, Ağcabədi və dəniz kənarına yaxın olan ərazilərdir. Ümumiyyətlə, təmiz içməli su təminatı ilə bağlı problem yaşanan ərazilərdə daim risk var.

F.Hacıyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR