Pier Dukan pəhriziylə bağlı bilinməyənləri açıqladı
Bizi izləyin

Sağlamlıq

Pier Dukan pəhriziylə bağlı bilinməyənləri açıqladı

Dukan pəhrizinin yaradıcısı Pier Dukan 2015-ci ildə ideal kilosunu qoruyub daha sağlam olmaq istəyənlər üçün məsləhətlər verib.

Publika.az “Mənim üçün sağlam qidalanma sıfır yağ, sıfır şəkər və yulaf kəpəyi ilə qidalanmaq mənasını verir”, - deyən Pier Dukanın həyat qurtaran məsləhətlərinin yer aldığı müsahibəsini təqdim edir:

- Niyə sağlam qidalanma mütəxəssisi olmağa qərar verdiniz?

- Tibb fakültəsindən məzun olduqdan sonra nevroloq olmaq istəyirdim. Parisdə gündüzlər xəstəxanada dərslərdə iştirak edir, günortadan sonra isə həkim kimi fəaliyyət göstərirdim. Xətrini çox istədiyim şair bir xəstəm var idi. Köklüklə mübarizə aparırdı. Bir gün yanıma gəlib arıqlamaq üçün ona kömək etməyimi istədi. Hər şey o cümlə ilə başladı: "Pier hər şeyi qadağan elə, ancaq əti yox. Ət yemədən yaşaya bilmərəm".

Mən də ona bir həftə ərzində sadəcə ət yeməsini və bol miqdarda su içməsini tövsiyə etdim. Bir həftə sonra 5 kilo arıqlamış halda yanıma gəldi. İkinci həftə onun pəhrizinə bir az tərəvəz əlavə etdim. O arıqlamağa davam etdi, mən isə araşdırmağa başladım. O gün 20 illik pəhrizimi hazırlamaq üçün ilk addımı atmış oldum.

Beləliklə, sağlamlıq və qidalanma mütəxəssisi olaraq tanınmağa başladım. Hazırda zülal, tərəvəzlər və yulaf kəpəyindən ibarət pəhriz proqramım sayəsində milyonlarla insan ideal kilosuna qovuşur.

- Yulaf kəpəyi bu pəhrizin əsasını təşkil edir. Yulaf kəpəyini pəhrizə əlavə etmək hardan ağlınıza gəldi?

- İdeal kiloda qalmağa kömək edən qidalar arasında ən təsirlisi yulafdır. Yulafı yedikdə o mədədə öz həcmindən 25 dəfə çox su əmir. Beləliklə, toxluq hissi yaradır. Bu da daha gec acmağınıza səbəb olur. Mənim üçün sağlam qidalanmaq sıfır yağ, sıfır şəkər və yulaf kəpəyi deməkdir.

- Yulafın hansı faydaları var?

- Yulaf kəpəyi antioksidant xüsusiyyətinə malikdir. Şəkərin qana daxil olmasına mane olur, xolesterini aşağı salır və mədəni dolduraraq uzun müddət toxluq hissi verir.

Mütəmadi olaraq yulaf kəpəyi yeyərək xolesterinin səviyyəsini aşağı salmaq, ürək- damar xəstəliklərinə yaxalanmaq riskini azaltmaq olar.

- Karbohidratlı qidalardan vaz keçə bilməyənlər üçün tövsiyələriniz var?

- Orqanizmin ehtiyacı olan karbohidratı yulaf kəpəyindən də ala bilərsiniz.

- Vaz keçə bilməyəcəyiniz beş qidanı sadalayın.

- Brokkoli, badımcan, pomidor, qızılbalıq, soğan.

- Sadəcə pəhriz saxlayaraq formada qalmaq mümkündür?

-Əlbəttə, yox. İdmanı həyat tərzinizə çevirməlisiniz. Hər səhər acqarına bir stəkan su içməyi də unutmayın.

- İnsanlar hər meyvənin faydalı olduğunu düşünürlər. Siz pəhrizinizdə hansı meyvələri tövsiyə edirsiniz?

-Təbii ki, hər meyvə ehtiva etdiyi vitamin, mineral və lif baxımından olduqca faydalıdır. Sağlamlığımız üçün meyvə yeməli olduğumuzu həmişə vurğulayıram. Ancaq söhbət pəhrizimdən gedirsə, mən 3 meyvəni qadağan etmişəm. Əvvəlcə bədənimizin sağlamlığının qayğısına qalmalıyıq. Ona görə də şəkərdən uzaq durmaq lazımdır. Pəhrizimdə çox şəkər ehtiva edən üzüm, banan və gilasdan başqa bütün meyvələri yeməyə icazə var.

- Sizin tövsiyə etdiyiniz qəlyanaltıların xüsusiliyi nədədir?

- Qəlyanaltı etmək çox önəmli bir vərdişdir. Bu vərdiş sayəsində hər bir şəxs yediklərinin çeşidini və miqdarını daha yaxşı tənzimləyə bilir.

Mən pəhrizimdə qəlyanaltıda mini krekerleri, biskvitləri və barları yeməyi məsləhət görürəm. Bar qurudulmuş meyvələrin, çərəzlərin ədviyyatların balla qarışdırılaraq hazırlanan şirniyyat növüdür.

- Sağlamlıq və qidalanma mütəxəssisi olaraq siz necə qidalanırsınız?

- Sağlamlıq bizim ailənin qızıl qaydasıdır. Öz qidalanma rejimimə diqqət etdiyim qədər, ailə üzvlərimin də sağlam qidalanmalarına fikir verirəm. Donmuş yağlı qidalardan, qızartmalardan, unlu qidalardan mümkün olduğu qədər uzaq dururam. Təbii ki, arada belə qidalar da yeyirəm.

Günə yulaf kəpəyilə başlayıram. Məni həm tox saxlayır, həm də enerji verir. Günortalar zülalla zəngin qidalar yeməyə diqqət edirəm.

Axşamlar isə tərəvəzlərə üstünlük verirəm, yüngül qidalar istehlak edirəm.

Badam, qoz, fındıq, quru üzüm, günəbaxan tumu, fıstıq, qayısı, qovrulmuş noxud – hər bir çərəzin özünəməxsus faydaları var. Bir neçəsindən bəhs etməli olsam, onu deyərəm ki, badamın zülal, dəmir və kalsium baxımından faydalarını saymaqla bitməz. Tərkibindəki yağ turşuları sayəsində arıqlamağa kömək edir, tox saxlayır. Çiy, duzsuz, qovrulmuş badamı qəlyanaltılarda 10-15 ədəd yeməyi məsləhət görürəm.

- Qidalanma ilə bağlı xüsusi bir sirriniz var?

- Arıqlamaq vücudun və üzün lazım olan formasına qovuşmasını təmin edir. Çox arıqlamayın. Sadəcə ideal kilonuzu əldə edin və idmanla məşğul olaraq o kilonu qoruyun.

Doğru və vaxtında qidalanmaqla yanaşı, bol -bol su için. Bol miqdarda tərəvəz, meyvə, yulaf kəpəyi və zülal ehtiva edən qidalar yeyin.

Hər şeydən öncə özünüzü və bədəninizi sevin. Gülümsəyin!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm