• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qəribə hadisə: doğuş vaxtı yatdı

Qəribə hadisə: doğuş vaxtı yatdı

Braziliyalı Marisa de Toledo dünyada nadir genetik qüsura malik 50 nəfərdən biridir. Bu qüsur bədəndən beyinə ağrı siqnallarının daxil olmasına imkan vermir.

Özünün 27 illik ömründə braziliyalı Marisa de Toledo baş barmağını itirib, anesteziyasız üç uşaq doğub və bədəni müxtəlif zədələrin yerləri ilə doludur. Lakin heç vaxt ağrı hiss etməyib.

O analgeziya deyilən anadangəlmə genetik qüsurla doğulub. Bu qüsur insanın ağrı hiss etməsinə imkan vermir.

Dünyada belə qüsura malik 50 nəfərin olduğu təxmin edilir. Ağrı hiss etməməyi xoşbəxtlik də saymaq olardı, əgər bu təhlükəli olmasaydı.

Doğuş zamanı yuxu aparıb

Xanım Toledo tez-tez dilini yandırır. Dil nədir, o ikinci uşağını dünyaya gətirəndə doğuş vaxtı hətta yuxuya gedib. O, BBC Braziliya xidmətinə deyib ki, hələ erkən yaşlarından orqanizmində nəyinsə normal olmadığını hiss edirmiş.

"Yıxılırdım, başım yerə dəyirdi…Bir dəfə hətta belim kəsilmişdi, amma mən ağlamırdım. Anam da məni heç vaxt həkimə aparmırdı”.

Lakin bir dəfə 7 yaşında olarkən dabanı sınanda həkim başa düşüb ki, qız ağrı hiss etmir.

“Mən normal gəzirdim. Ayağım şişmişdi, lakin bütün günü gəzirdim” – qadın BBC-yə deyib.

Ekspertlər bu qüsura nəyin səbəb olduğunu hələ də bilmirlər və onun müalicəsi hələlik yoxdur.

Marisa de Toledo kimi adamların normal lamisə - toxunma hissi var, onlar isti-soyuğu bilirlər, lakin beyin nəyə görəsə təhlükə siqnallarını qəbul etmir.

“Mən hava qızmar olanda hiss edirəm, lakin odu və duşdan gələn suyun qaynarlığını hiss edə bilmirəm”.

O xatırlayır ki, bir dəfə, hava soyuq olanda qızınmaq üçün odun sobasının yanında oturub və belini yandırıb.

Marisa de Toledo ölkənin San Paolodakı ən yaxşı həkimlərinin ona baxa bilmələri üçün Braziliyanın cənub-şərqindəki kəndini tərk edib, lakin həyatında heç bir dəyişiklik baş verməyib.

"Onlar deyirlər ki, mənim beynim siqnallar göndərmir. Onlar hətta bir dəfə tədqiqat aparmaq üçün mənim ayağımdan sinir çıxarıblar” – deyir Marisa.

"Ölü ət"

Toledonun qardaşı Reinaldoda da bu genetik xüsusiyyət var, amma qalan qardaş-bacıları normal hissiyyata malikdirlər.

Reinaldo uşaqlıqda ağaclara çıxar, ordan yıxılanda ağrı hiss etməzdi. Və ya qızmar boşqabda təbil çalardı.

Bu hərəkətləri ona “ölü ət” ləğəbini qazandırmışdı.

Lakin çox tezliklə başa düşdülər ki, burada gülməli heç nə yoxdur. Reinaldo infeksiyaya görə bir ayağını itirib. Bu ona görə baş verib ki, ağrı olmadığından problemdən gec xəbər tutulub.

Bu hal genetik olsa da, Marisa de Toledonun üç uşağı qüsursuz doğulub.

Marisanın əri Givanildo Aparecido de Toledo BBC-yə deyib ki, yoldaşının bu xüsusiyyətindən toya qədər xəbər tutmayıb.

"Biz toy elədik və evə getdik. Marisa xörək bişirirdi. Əski tapa bilməyəndə qızmar qazanı yalın əlləri ilə götürmüşdü”.

O deyir ki, ömründə buna qədər belə bir şey görməmişdi. İstilik onun dərisində dərin çapıq açmışdı, o arvadının əlini soyuq suyun altına tutanda dərinin bir hissəsi kömürə dönüb qazanın böyründən sallanırmış.

Bu ağrılı epizodu yaşamış cənab Toledo deyir ki, bəzi adamlar belə xəstəliyi olanlara çox da rəğbətlə yanaşmırlar.

"Mən ağrını bilmək istəyirəm"

İllər sonrası xanım Toledo ikinci qızını doğarkən yuxuya gedib. Ayılanda görüb ki, tibb bacısı başının üstündə çığırır.

O deyir ki, doğrudan da ağrının nə olduğunu bilmək istəyir.

“Mən ağrı hiss etmək istəyirəm. Ağrı hiss edəndə həkimə gedirsən. Bir yerin kəsiləndə bunu hiss edirsən. Əgər mənim ayağım burxulanda ağrı hiss etsəydim, gəzməzdim”.

ABŞ vətəndaşı Steven Pete də bu genetik xəstəlikdən əzab çəkir. O “Ağrısız İnsanlar haqqında Faktlar” ( The Facts of Painless People) adlı xüsusi internet saytı yaradıb və deyir ki, bu, dünyada ən nadir genetik hallardan biridir.

“Bütün dünyada anadangəlmə analgeziyalı 40-50 nəfər var” – Pete BBC-yə deyib.

O deyir ki, xanım Toledonun daha yaxşı tibb xidmətinə və bədəninin daimi monitorinq altında olmasına ehtiyacı var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR