Son günlərini yaşayan "Şanxay"dan FOTOREPORTAJ - Daha burada ilanlar öpüşməyəcək
Bizi izləyin

Sosial

Son günlərini yaşayan "Şanxay"dan FOTOREPORTAJ - Daha burada ilanlar öpüşməyəcək

Son günlərdə Keşlədə yerləşən “Şanxay” adlı qəsəbənin yəni, daha dəqiq desək Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsindəki evlərin sökülməsi ilə bağlı yayılan xəbərlər gündəmi zəbt edib. Kimisi deyir ərazini neçə ildir “sökürlər” hələ də qurtara bilməyiblər, kimisi də deyir ki, artıq ilk 100 evin söküləcəyinə dair bildirişlər paylanıb, razılıq da alınıb.

Vəziyyətin necə olduğunu yerində öyrənmək üçün üz tutduq əraziyə. "Şanxay" demək olar ki, iki yerə bölünür. Məscidə çatana qədər olan ərazidə vəziyyət o qədər də acınacaqlı deyil. Sakinlər evlərindən razı görünürlər. Bir az irəli gedəndə gördük ki, qarşıda çəkiliş gedir. Sökülmək üzrə olan “Şanxay”ı əbədiləşdirmək üçün film çəkilişləri aparırlar.

Özümüzü təqdim etməyə ehtiyac qalmadı, qırımımızdan kim olduğumuzu bilirlərmiş.

Qəsəbə sakini Rəfiqə xanımın sözlərinə görə, yad adam görən kimi bilirlər ki, ya jurnalistdir, ya da bəd xəbər gətirən:

“Sizdən qabaq da bir neçə jurnalist gəlib, maraqlanıb. Mən 20 ildən çoxdur burda yaşayıram. Bu evə gəlin köçmüşəm. Pis-yaxşı dolanışığımız var. Evimdə iki kirayənişin qalır. Yoldaşımın gəliri də çox deyil ki, deyim söküləndə gedib hardasa başımızı salıb yaşayacağımız bir daxma ala biləcəyik. 2 məktəbli uşağım var, bunların sabah təhsili var, universiteti var. Qatar mənim qapımdan da keçir. Amma yenə də deyilən şərtlər altında sökülməsinə razı deyiləm”.

“Şanxay”lıların sözlərinə görə, sentyabr ayı başlayandan bu əraziyə gəlib-gedənlərin sayını unudublar. Biri gəlir qeydiyyata alır, o biri gəlir deyir, dəqiq olsun deyə, bir də ölçməliyik. Söküləcək evlərə görə ödəniləcək məbləği konkret deməyiblər hələ. Amma bildiriblər ki, dekabra qədər burdan getməliyik.

Məlumata görə, sözügedən küçədə 4 mindən çox sənədsiz ev var və onların 800-ü məhz qatarın çox yaxın keçdiyi təhlükəli ərazidə yerləşir.

Məscidi keçib, həmin əraziyə yollandıq. Deyilənə görə, evlərin sökülməsinə birinci bu tərəfən başlanılacaq.

Evinin divarına "B" işarəsi qoyulan sakin Ülviyyə Həsənova deyir ki, artıq ölçüləri götürüblər:

“Evin 62 kvadratmetr sahəsi olduğunu dedilər. Hamamı, mətbəxi kvadrata hesablamadılar. Dedilər ki, bunlar əlavə olduğu üçün yarı qiymətə hesablanacaq. Amma hələlik hansısa məbləğ söyləməyiblər".

Sakinlər bildirirlər ki, onları hazırda əsas düşündürən sual hər kvadrata görə ödəniləcək məbləğin nə qədər olacağıdır.

Qəsəbə sakinlərinin bəzisi sökülməni səbirsizliklə gözləsə də, bəziləri bu xəbərin yalan olmasını istəyir. Ərazidə yaşamaq isə olduqca təhlükəlidir. Son 3 il ərzində ərazidə 4 azyaşlı qatar altında qalaraq həyatını itirib. 2 nəfər isə ağır zədə alaraq, fiziki sağlamlığından məhrum olub.

Sakinlərin suallarına cavab tapmaq üçün aidiyyatı qurumlarla əlaqə saxladıq. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev bildirdi ki, həmin ərazidəki evlər dövlət ehtiyaclarına alınmadığı üçün bu barədə məlumatları yoxdur.

Nizami rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev isə deyir ki, "Azərbaycan Dəmir Yolları" mühafizə zolağının təmizlənməsi məqsədilə ərazidə dəqiqləşdirmə işləri aparır:

"Həmin qurum ərazidə dəmir yollarının hər iki tərəfində olan yaşayış evlərinin sökülməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Hazırda evlərin sahəsi ölçülür, bildirişlər paylanılır. İqtisadiyyat Nazirliyi ilə birlikdə ərazidə qiymətləndirmə işləri aparılır. Hələ söküntü işlərinə başlanılmayıb. Bizdə olan bütün məlumatlar bundan ibarətdir".

Azərbaycan Dəmir Yolları QSC-dən isə bildirdilər ki, yaxın günlərdə sözügedən ərazidə qanunsuz şəkildə tikilən evlərin söküntüsünə başlanılacaq:

"Dəmir yolunun 2-ci blok-post Böyük Şor mənzilində (el araslnda Şanxay adlanan yer) qeyri-qanuni tikililərin sökülmə prosesinə yaxın vaxtlarda başlanması nəzərdə tutulur. Təxminən 477 evin sökülməsi nəzərdə tutulur.

“Vahid Qiymətləndirmə Şirkəti” MMC-nin hesabatı (müstəqil şirkətdir), Maliyyə Nazirliyinin yoxlanışı əsasında əhaliyə kompensasiyalar ödəniləcək. Söküntülərin başlanılması haqqında dəqiq tarix bəlli deyil. Əhaliyə də bizim tərəfimizdən konkret vaxt deyilməyib".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm