• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Böyük şouya 4 gün qaldı

Böyük şouya 4 gün qaldı

Xəbər verdiyimiz kimi, 2014-cü il 17, 18 mart tarixlərində Türkiyənin “yeni meqastarı” Murat Boz Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək.

Konsertdə iştirak edən tamaşaçıları sevimli müğənnilərinin, braziliyalı rəqqasələrin və peşəkar musiqiçilər qrupunun iştirakı ilə unudulmaz bir gecə gözləyir. Konsertdə Türkiyədən gətirilmiş ən son işıq və səs texnikasından istifadə olunacaq. Murat Bozun məşhur hitləri ilə yanaşı, yeni bəstələrinin də səslənəcəyi möhtəşəm şouda iştirak etmək üçün biletləri şəhərin kassalarından 30 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Artıq konsertin keçirilməsinə 5 gün qalıb. Murat Boz martın 17-da (16-sından 17-sinə keçən gecə) saat 01.20-də İstanbul-Bakı reysi ilə Bakıya uçacaq.

Murat Boz 7 mart 1980-ci ildə Qaradənizin Zonquldaq vilayətində anadan olub. Orta təhsilini Zonquldaqda alan Murat Boz 1995-ci ildə İstanbul Anadolu Gözəl Sənətlər Litseyinə qəbul olunub və həmin ildən İstanbula köçüb.

Atatürk Kültür Mərkəzi, Camal Rəşid Rey kimi məkanlarda keçirilən konsertlərdə vokalçı (vokalist) qismində çıxış edib.

1998-ci ildə “Milliyət” qəzetinin təşkil etdiyi litseylərarası musiqi yarışmasında ən yaxşı kişi solist nominasiyası üzrə Türkiyə birinciliyini qazanıb. Bir il sonra – 1999-cu ildə Bilgi Universitetinin Caz-vokal sinfinə qəbul olunub. Təhsilini davam etdirmək məqsədilə Murat Boz 2003-cü ildə İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyası Təməl Elmlər sinfinə daxil olub. Uzun müddət meqastar Tarkanın vokalisti kimi çalışan Murat Boz müxtəlif vaxtlarda Şakira, Nilufər, Nazan Öncəl, Demet Sarıoğlu, Hande Yenər, Nil Karaibrahimgil, Eməl Müftüoğlu, Burcu Günəş, Zeynəb Dizdar, Zeynəb Mənsur kimi sənətçilərin və “Hepsi” qrupunun albom və səhnə performanslarında vokalistlik edib.

Solo karyerasına 2006-cı ildə “Aşkı bulamam ben” mahnısı ilə başlayan Murat Bozun bir-birinin ardınca oxuduğu “Püf”, “Uçurum”, “Vazgeçmem”, “Hayat sana güzel”, “Geri dönüş olsa”, “Özledim”, “Aşkın suçu yok”, “Soyadımsın”, “Sallana-sallana”, “Olmuyor” və s. mahnılarının hər biri xitə çevrilib və müğənniyə böyük tamaşaçı sevgisi qazandırıb. Sənətçinin “Maximum” (2007), “Şans” (2009), “Aşklarım büyük benden” (2011) “Dönüş” (2013) albomları həm tamaşaçılar, həm də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.

Pianino, skripka və neydə çalmağı bacaran Murat Bozun musiqiçi Soner Sarıkabadayı ilə oxuduğu “İki medeni insan” adlı dueti uzun müddət xit-paradlarda birinciliyi qoruyub saxlayıb.

Murat Boza görə, səhnədə performans zamanı təkcə oxumaq yetərli deyil, çünki tamaşaçının qulaq zövqünü oxşamaqla yanaşı, eyni zamanda onun göz zövqünü də nəzərə almaq vacibdir. Buna görə də, Boz səhnə performanslarında dünyaca məşhur pop ulduzu Madonnanı hər zaman özünə örnək hesab edir.

2011-ci ildə Vanda baş verən dəhşətli zəlzələdə zərərçəkənlərə yardım məqsədilə təşkil olunan xeyriyyə konsertində çıxış edən Murat Boz, 2012-ci ildə Greenpeace tərəfindən düzənlənən “Şimal Qütbünün qorunması” kampaniyasına da dəstək verib.

Müğənniliklə yanaşı, söz yazarı və bəstəkar kimi də fəaliyyət göstərən Murat Boz 2011-2013-cü illərdə Hadise, Hülya Avşar və Mustafa Sandalla birgə “O səs Türkiyə” yarışmasının münsiflər heyətində yer alıb və finalda onun komandasından olan iştirakçının qələbəsi ilə birinci olub.

Müğənni “World Consumer Academy”, Kral TV Video-Musiqi”, “İstabul FM Altın”, “Altın Kelebek” mükafatları laureatıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR