• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qarabağlı gəncin sevgisindən bəhs edən film Londonda - FOTOLAR

Qarabağlı gəncin sevgisindən bəhs edən film Londonda - FOTOLAR

Londondakı Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycanın “Osmanlı Film” və Türkiyə film şirkəti olan “GülerYüz Film”lə birgə “Qafqaz” bədii filminin premyerası olub.

“Qafqaz” bədii filmi Xəzər Strateji İnstitutu (HASEN), Azərbaycanın Gənclər və İdman Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Milli Məclisin deputatı Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir.

Gecədə Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş ekran əsərinin istehsalçılarına və ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını ifadə edib. Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan və Türkiyə qardaşlığının bir nümunəsi olduğunu bildirib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlarda Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Osmanlı filmin çəkilişi haqqında məlumat verib. Ulu öndərlər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının qardaş ölkələrimiz arasında, həmçinin filmin çəkilişində də hər zaman əsas prinsip olduğu qeyd edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin deputatı Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb. Ceyhun Osmanlı qeyd edib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Filmin rejissoru və baş rolun ifaçısı Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən filmdə rol almaqdan məmnunluqlarını ifadə ediblər.

Çıxışlarından sonra Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən filmin baş rol ifaçılarına Qarabağ xalçaları hədiyyə edilib və bildirilib ki, “Qafqaz” filmi mart-aprel aylarında Avropanın digər nüfuzlu şəhərlərində də nümayiş olunacaq.

Bildirək ki, gerçək hekayəyə əsaslanan film 1992-ci illərin hadisələrini canlandıran romantik sevgi filmidir. Filmdəki hadisələr 1-ci Qarabağ müharibəsindən bu günümüzə qədər olan dövrdə cərəyan edir. Filmin “Xəzər” adlı əsas baş qəhrəmanı Qarabağ döyüşlərində ağır yaralandıqdan sonra həyatını Türkiyədə davam etdirir. Filmdə müharibə bütün amansızlığı ilə əks olunmaqla onun törətdiyi ağır fəsadlar, vurduğu mənəvi, psixoloji və sosial zərbələr qabarıq şəkildə üzə çıxarılır. Qeyd edək ki, film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR