• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Aktyorlar küçədə bilet satacaq

Aktyorlar küçədə bilet satacaq

Elmin Bədəlov: “Hər kəsi müstəqil teatra dəstək verməyə çağırırıq”

Oda Teatrının aktyorları küçədə bilet satacaq. Bu barədə teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, küçədə bilet satışını təşkil etməklə onlar hər kəsin diqqətini teatra yönəltmək istəyirlər: “Bizim burada iki məqsədimiz var. Həm bilet satışını təşkil etməklə ölkənin müstəqil teatrı olan Odanı yaşatmaq, həm də teatrdan xəbərsiz insanların da diqqətini mədəniyyətə yönəltməkdir. Çünki son günlər Oda Teatrının bilet satışı müəyyən qədər zəifləyib. Biz də çıxış yolu kimi bu üsulu seçirik. Hər kəsi də müstəqil teatra dəstək verməyə çağırırıq. Ümid edirik ki, incəsənət nümayəndələri, aktyorlar, rejissorlar da bu aksiyada bizə dəstək olacaq”.

Elmin Bədəlovun dediyinə görə, onlar 22 və 23 mart saat 19:00-da nümayiş etdirəcəkləri “Səncə, döyəcəklər?” tamaşası üçün bilet satacaqlar. Onlar qrimlənmiş formada, “Müstəqil teatrı yaşatmaq üçün bilet satırıq!” sözləri yazılmış kağızlarla paytaxt küçələrində bilet satacaqlar. Aktyorlar həm də bununla ölkə teatrlarında bilet satışının zəif olduğunu göstərmək və insanlara “teatrlara gedin” mesajını vermək istəyirlər.

Qeyd edək ki, Oda Teatrı hazırda ölkənin yeganə müstəqil teatrıdır, qısa zamanda yaranmasına baxmayaraq insanların diqqətini cəlb edib. Teatrın nümayiş etdirəcəyi “Səncə, döyəcəklər?” tamaşası rumın dramaturqu Matey Vişnekin əsəridir. Tamaşadakı rolları İlqar Cahangir, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Qurban Məmmədli və Anar Əliyev ifa edəcək.

Teatrın ünvanı: Topçubaşov 38

Əlaqə: 050 394 48 64

Xəbər lenti

DAHA ÇOX XƏBƏR