“Gənclərin Olimpiya və Sağlamlıq Festivalı” keçiriləcək
Bizi izləyin

Tabloid.az

“Gənclərin Olimpiya və Sağlamlıq Festivalı” keçiriləcək

Dənizkənarı bulvarda “Gənclərin Olimpiya və Sağlamlıq Festivalı” təşkil ediləcək. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, “İnkişaf Naminə İdman” ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir müasir Olimpiya hərəkatının yaranmasının 120 illiyinə həsr edilib.

Publika.az-ın verdiyi xəbərə görə, festivalın əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etmək, insanları, xüsusilə uşaqları və gəncləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdir.

Builki tədbirin özünəməxsus cəhətlərindən biri festivalda əfsanəvi olimpiyaçılardan hesab olunan Maykl Consonun iştirakı olacaq. Tədbirdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri, olimpiyaçı və paraolimpiyaçılar, müxtəlif idman federasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Festivalın fəxri qonaqları qismində 2014-cü ilin Milli Olimpiya səfirləri – Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu, idman ustası Fərid Mənsurov və tanınmış müğənni, əməkdar artist Tünzalə Ağayeva da iştirak edəcək.

Festival iştirakçıları kütləvi qaçışla yanaşı, müxtəlif fəal, əyləncəli idman növlərində öz güclərini sınaya biləcəklər. Festivalın proqramına idmanla yanaşı, musiqili bədii-əyləncəli proqram da daxil edilib. Fəallıq göstərən iştirakçılar və qaliblər Beynəlxalq Olimpiya Komitəsinin diplomları, Milli Olimpiya Komitəsi, həmçinin Gənclər və İdman nazirliyinin hədiyyələri ilə mükafatlandırılacaqlar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm